• 30 Aprel 2024
logo
Azərbaycan millisinin baş məşqçisi: Fiziki hazırlıq yüksək səviyyədə deyil

Azərbaycan millisinin baş məşqçisi: Fiziki hazırlıq yüksək səviyyədə deyil

“Aprelin 8-dən hazırlığa başlamışıq. Məşqlərimiz proqram üzrə davam edir”.

Baymedia.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mütəxəssis hazırlığın ilk mərhələsinin bu gün yekunlaşdığını bildirib: “Komanda sabah Tbilisiyə yola düşəcək. Aprelin 14-16-da Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcəyik. Heyətlə bağlı vəziyyət normaldır, 17 futzalçıdan 14-nü səfərə aparacağıq. Fiziki hazırlıq yüksək səviyyədə deyil. Qısa vaxt ərzində bunu aradan qaldırmaq isə çətindir. Ümumi götürdükdə, 70 faiz hazırıq”.

O, məşq prosesinin asan olmadığını vurğulayıb: “Hər klubun öz taktikası, məşq prosesi var. Hazırkı heyətimizin 7 nəfəri “Bakı Fire” klubunun üzvüdür. Əvvəllər isə millinin özəyini “Araz-Naxçıvan”ın üzvləri təşkil edirdi. Onlar il ərzində həm də millinin baş məşqçisinin rəhbərliyi altında hazırlıq keçirdilər. Belədə məşq prosesini aparmaq rahat olurdu. Amma bu gün vəziyyət fərqlidir, çətindir”.

V.Borisovun sözlərinə görə, çempionatda kimlər daha yaxşı çıxış edib seçilirsə, onlara dəvət göndərilib: “Bu o demək deyil ki, növbəti toplanışlarda da bu futzalçılar iştirak edəcəklər. Kimlər hazır olacaqsa, milliyə də onlar dəvət olunacaqlar. Rəsmi oyunlarımız dekabrda olacaq. Püşklə bağlı bir söz deyə bilmərəm”.