• 25 Noyabr 2020
logo
Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizə strategiyaları qəbul edilməlidir

Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizə strategiyaları qəbul edilməlidir

Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki yerdə infarkt və insultlar dayanır. Onların ortaya çıxmasına səbəb duzun daha çox istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Dünyada qeyri-infeksion xəstəliklərin ən çox ölümə səbəb olan xəstəliklər sırasında olduğunu deyən H.Harmancı əlavə edib ki, 30-70 yaşlı insanların ölümünün böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir.

ÜST rəsmisi hesab edir ki, bu ölümlərin qarşısı alına bilər: "Əsas olan hamımızın birgə işləməyimizdir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaşlı insanların ölümlərinin böyük hissəsini azalda bilərik. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi STEPS sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verəcək. Həmin rəqəmlər isə doğru yolda olub-olmadığımızı aydınlaşdıracaq.

Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəkləri deyil. Qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər tərəfdaşları birgə əməkdaşlığa cəlb etməklə, hərtərəfli yanaşma lazımdır. Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud QİX siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma aparılarkən tütündən istifadə, sağlam qidalanma, fiziki hərəkətlilik, hipertoniya və diabetin qarşısının alınması və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməlidir”.