• 10 Sentyabr 2024
logo
Özümüzə edə biləcəyimiz ən çılpaq hədiyyə

Özümüzə edə biləcəyimiz ən çılpaq hədiyyə

Hadisələri adları ilə qəbul etmək özümüzə edə biləcəyimiz ən çılpaq hədiyyədir. Amma o hədiyyəni də soyundurmaq, məhrəmləşdirmək bəzən ömrümüzün yarısını didib parçalayır.
Hissələrimizi bir yerə toplamaq da son fəslimizə təsadüf edir. Və beləcə haradan başlayıb harada bitdiyimizin nisbətini hesablamadan sərt divar altında səssiz-səmirsiz qalırıq. Həqiqət nə qədər sərt olsa, sərxoşluğu da, sonradan küt bədənə, key beyinə ayılmağı da bir o qədər vaxt aparır.
Sonra cismin də, zehnin də kəşf etmədiyi köşələrinə çırpılıb geri qayıdır. Məsələn, lap ani məqamda əlinin səthindən axıb bir-birinə toxunan, amma səni qanına bulaşmağa qoymayan yaşıl boruların fərqinə varırsan. Anatomik xarakteristikanı xəyalında vərəqlədikcə, qazdığın quyunun dərinliyində itməyə çalışırsan. Çünki təkrarsız özəlliyini dərk etmək üçün mütləq ən dibdə qeybə çəkilməlisən.
Mənə görə insanlar 3 tipə ayrılır. Ömür sürənlər, ömrünü öz izi ilə sürdürənlər və ömrünün dalınca sürünənlər. Birincilər adidən-adi, stabil güzəranına, mənəvi intibahı naminə rutininə qarşı çıxmaqdan çəkinən modeldir. Düzü, onlarla ünsiyyət mərhələsindən münasibətə keçid etməyi vaxt itkisi sayıram. 3-cüləri sevməsəm də, uğursuz övladından sığalını əskik etməyən ana ruhumla bəsləməyə, bəlkə bir tikə sevgi verməyə can atıram. 2-ciləri sevirəm. Bəzən qısqanıram. Elə həyatın özünə qısqanıram.
O meydan oxuyan səsinə aşiq oluram. Qorxusunu da, sevgisini də, gəlmiş-keçmiş, bəlkə hələ ad qoya bilmədiyi bütün duyğularını cibində gəzdirə bilən adamları sevirəm. Ən yorğun halında da gözündəki xarizmasını, ən kasıb günündə də əsalətini, qanunun susduğu məqamda da ədalətini bol tutanları sevirəm. Həyat onları özünə ram edə bilməz. Çünki biləklərini qanada-qanada qırıb qurtulublar zəncirlərindən. Həyat onları təəccübləndirə bilməz deməyəcəm. Heyrətini, marağını itirənlər heç bir nəsnədə həzz tapa bilməzlər. Axı onlar var ikən ölü olmağın mənasını daha ali məqsədlərçün istifadəsi zamanı axtarıb tapırlar. Bəzən gələcəkdən proqnoz vermək üçün özlərini ətalətə təslim edirlər. Onlar yaxşı bilir ki, ölüb gedənlərə bəslədiyimiz sevgini, həsrəti olub keçənlərə də tətbiq etmək bütün qapıların açarıdır.
Necə sevirəm, başına gələn ən uğursuz hadisədə, həyatından getmiş ən qəddar adamın izində, bu dərin boşluqdan sonra hər yorğun hüceyrəsi tumurcuqlayan içində uğurunu, yenilməzliyini, gücünü tapan insanları. Dünyanı kəşf etməkdən deyinməyə vaxt tapmayıb, səhvlərini ütüləyə-ütüləyə ətrafındakıların əhvalını qırışdırmayanları. Bəlkə də onların əzmi, azadlıq eşqinin enerjisi ilə fırlanmağa güc tapır ovuc boyda kürə. Bəlkə də onların cəsur sevgisidir qovan bütün dəli küləkləri.