• 21 Yanvar 2022
logo
Tarixçi alim Fəridə Məmmədova vəfat edib

Tarixçi alim Fəridə Məmmədova vəfat edib

Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova vəfat edib.
Bu barədə AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
O, 85 yaşında uzun sürək xəstəlikdən vəfat edib.
Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.
1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.
1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçmiş və oranın aspirantı olub: qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.
O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-cü ildə AMEA tarix elmləri doktoru, 2001-ci ilda AMEA müxbir üzvü seçilib.
Elmi fəaliyyətlə məşğul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq ediv, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib.
Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar – Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.
Elmdə ilk dəfə Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban Kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerinda dövlət qurumunun yaranmasını üzə çıxarıb.
2005-ci ildə nəşr edilmiş “Qafqaz Albaniyasi və albanlar” adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin əsas cəhətlərini üzə çıxarıb, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırıb. VIII–IX və XIX əsrdə albanların iki dəfə millisizləşdirilməsi üsul və yolları açıqlanır, əksəriyyətinin islamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir. Monoqrafiyada gürcü və erməni tarixşünasları tərəfindən zəbt edilmiş qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır, onun bütün cəhətləri bərpa olunur. Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdən yoxluğunu sübut edən yeni müddəadır.
F.C.Məmmədova 6 Beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 Beynəlxalq konfransların iştirakçı və məruzəçisi olub.
F.C.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub. Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild); “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri,” Bakı, 2004); “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004); “Kürəkçay müqaviləsi–200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir; Qərb Universitetində gender proqramında iştirak edib, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” mövzusunda proqram hazırlayıb. Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsrə qədər qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazmışdır. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub. F.C.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.
O, “Azərbaycan Respublikasının əməkdar elm xadimi” (1990), Respublikanın Dövlət mükafatına layiq görüb, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallar ilə, “Qızıl qələm” ilə təltif edilib.