• 19 Aprel 2024
logo
“Sənə də, Şuşana da qurban olum”

“Sənə də, Şuşana da qurban olum”

28 ildən sonra boya-başa çatdığım, atalı-analı günlərimin şahidi- Qubadlıya doğru yol gedirəm. Bilirəm ki, getdiyim son dayanacaq Horadiz şəhəri(əvvəllər qəsəbə adlanırdı A.Ş) olacaq. Yenə də sevinirəm. Sevinirəm ki, 28 il bundan öncə getdiyim yolları, keçdiyim kəndləri, bu gün yalnız son dayanacaq Horadiz olan dəmir yollarını görəcəm və cəmi 100 kilometr məsafədə yerləşən Qubadlının havasını (mübaliğə olsa belə- A.Ş.) ciyərlərimə çəkəcəm. Artıq yollar abad və rahatdır. Kəndlər, salınan yeni qəsəbələr, eləcə də Horadiz şəhəri ğözəlləşib. Füzulinin ərazisindən hər dəfə keçib gedəndə və qayıdanda Azərbaycanı ikiyə bölən tikanlı məftillər, dirəklər eynilə qalır. Əvvəllər onlara hər baxdığımda torpaqlarımızı ikiyə bölənlərə içimdə lənətlər yağdırar, ancaq nifrətimi gözlərim ələ verərdi. Bu gün isə lənətimi də, nifrətimi də dilim söyləyirdi. Və əminəm ki, gec-tez bu tikanlı məftillər, dirəklər söküləcək. Necə ki, 27 ildən sonra Ali Baş Komandan İlham Əliyevin əmrilə torpaqlarımız Ermənistan silahlı qüvvələri, eləcə də terrorçulardan azad olundu...

Mən dözə bilərdimmi?

...Yol yoldaşlarım Rəhimə xanım və həyat yoldaşı ilə birgə 44 günlük Vətən Müharibəsində Füzulinin, Zəngilanın, Xocavəndin azad olunmasında qəhrəmanıq göstərmiş, Şuşa uğrunda vuruşarkən şəhidlik zirvəsini qazanmış Vüqar İsmayıl oğlu Zamanovun böyüyüb, boya-başa çatdığı Horadiz şəhərindəki evlərinə, anasının ziyarətinə gedirik. Maşın ana yoldan Zamanovlar ailəsinin yaşadıqları küçəyə dönəndə uzaqdan Azərbaycanın və Türkiyənin qürurla ucalan bayraqları diqqətimi çəkir. Həmin evdi. Zəndimdə yanılmamışam. Giriş qapısının düz yanında bulaq inşa edilib, Vüqarın baralyefi vurulub. Hər tərəfi də gül-çiçəklə bəzədilib. Həyətə daxil oluruq. Bizi anası-Lətifə xanım, bibisi-Yeganə xanım, bacısı Nəzakət xanım və qardaşı Qənbər qarşılayır. Vüqara Allahdan rəhmət diləyib, evə keçirik. Otaqların hər birində Vüqarın şəkilləri var. Şəkillərinə baxıram və ilk təəssüratım belədir-adına layiq oğuldu-vüqarlı, əzəmətli, boylu-buxunlu, həm də igid. ..
...Vüqar 1995-ci il martın 10-da Horadiz şəhərində dünyaya gəlib. İsmayıl bəy və Lətifə xanımın ikinci övladlarıdı. 2002-ci ildə Horadiz şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib, 2013-cü ildə həmin məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağrılıb. Atanın, ananın güvənc yeri olan Vüqar hərbi xidməti başa vurduqdan sonra ailəyə kömək məqsədilə müxtəlif işlərdə çalışıb. Lakin torpaqların hələ də işğal altında olması və əmisi, Birinci Qarabağ Müharibəsinin şəhidi Afiqin qisasını almaq qərarı onu yenidən hərbiyə yönləndirir. Və bu barədə atasına qərarını bildirir. Atası xeyir-dua verir və Vüqar 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunur.
Afiqin bacısı, Vüqarın bibisi Yeganə xanım yana-yana bilmir hansı şəhidinin həyatını danışsın:”Afiq əmim qızıyla ailə qurdu. Cəmi 3 gün bir yerdə yaşadılar. Orduya çağrıldı. 1993-cü ildə Füzulinin Govçad kəndində şəhid oldu. Qardaşımın ili çıxandan sonra atam, anam əmim qızına başa saldılar, xeyir-dua verdilər ki, qismətin çıxsa ailə qur. Ancaq əmim qızı bu fikri yaxına qoymadı belə və sözü bu oldu ki, Afiqə xəyanət etməz. Vüqarın şəhid olması Afiqi bizə sanki unutdurdu. Sinəmizə elə dağ çəkilib ki...”
Lətifə xanıma baxıram. Bu anaya təskinlik verəcək sözlər yoxdu. Sadəcə Allahdan səbr diləmək qalır. Vüqar haqqında danışmağını xahiş edirəm:”Vallah nə deyim. Bütün anaların oğulları onlara əzizdir. Ancaq Vüqarım başqa oğul idi. Arxam, dayağım, güvənc yerim, fəxrlə öyündüyüm, elin-obanın qüruru olan oğullardanıydı. Kaş ki...” Ağlayır. Deyə bilmirəm ağlama. Necə deyim? Özümü onun yerinə qoyuram bir anlıq. Mən dözə bilərdimmi?
“...Ermənilər hücum edəndə evimizdən, eşiyimizdən olduq. O vaxt qızımın 3 yaşı vardı, Vüqar da körpəydi. Bəhrəmtəpə deyilən yerdə yaşayış üçün yararsız olan bir komaya sığındıq. Bura da o qədər maşın təkərləri qoymuşdular ki, güclə yerləşirdik. Bir gün Vüqarı uşaq arabasına qoydum ki, bacısı baxsın, mən işimi görüm. Qəfildən araba qızımın əlindən çıxar Vüqar arabadan çırpılar yerə. Uşaq dünən ölmüsən, bu gün ölmüsən, səsi çıxmadı. Dedik, bəlkə ölüb. Səsləndim, qardaşım yaxınlıqdaydı. Özünü yetirdi, uşağı silkələdi, handan-hana səsi çıxdı. Hərdən deyirəm ki, qədəri belə olacaqdısa elə həmin gün ölərdi. Bəlkə bu qədər yandırmazdı bizi, atasının ürəyinə dağ çəkib vaxtsız yanına aparmazdı. Sonra da deyirəm ki, Lətifə özünə gəl, sənin oğlun bu dünyada cənnətimizi-torpaqlarımızı bizə qaytarıb, o dünyaya –cənətə gedənlərin sırasındadır”.

“Xoşbəxtlərin xoşbəxtiydim, o cür oğlum olduğu üçün”

“Hər oğul anasını, atasını çox istəyir, ancaq Vüqar fərqliydi”, deyən Lətifə xanım Vüqarlı günlərindən danışır:”Müharibə başlayana kimi hər gün saat 6-ya 10 dəqiqə işləmiş zəng vurardı. Hər gün eyni vaxtda. Qulluq elədiyi yerdə telefon tutmadığı üçün 1-2 kilometr gedib telefon harda tutursa ordan danışardı. Səhhətimi soruşardı:”Şəkərin, təzyiqin qalxmayıb?” Deyirdim narahat olma. Evə də erkən gəlirdisə kimsə oyanmasın deyə həyət qapısın döyməzdi, hasardan aşıb girərdi. Bananı, sinikersi çox sevərdi. Alıb qoyardım, gələn kimi öz əllərimlə yedizdirərdim. Bir gün zəng vurdu ki, toya gedirik (müharibəni nəzərdə tuturmuş- A.Ş.) qaqaşı göndər çoxlu banan, sinikers alsın. Aldırıb göndərdik. Bananı yemişdilər, sinikers maşınında qalmışdı. Maşını gətirəndə sinikersi yığıb saxladım ki, gələndə yeyər. Qismət olmadı. Xonça bəzəyib məzarının üstünə apardım”.
Söhbətin bu yerində otağa 7-8 yaşlarında oğlan uşağı daxil oldu. Bizə “xoş gəldiniz” deyib, Lətifə xanımın yanındakı stulda əyləşdi. Vüqara o qədər bənzəyirdi ki... Ailəli olsaydı Vüqarın oğludu deyə, zənn edərdim. Lətifə xanım bir uşağa, bir Vüqarın şəklinə baxdığımı görüb “nəvəmdi, qızımın oğludu” dedi və davam elədi:”Vüqar dostları yolunda canından keçərdi. Müharibə gedən ərəfədə bir gün gördük gəlir. Üst-başı yaman gündəydi. Rahatlanandan sonra bizə dedi ki, yaralı gətiribmiş, deyiblər get yuyun, rahatlan səhəri günorta gələrsən. Sevdiyi yeməklərdən bişirdim yedi. O yedikcə baxırdım. Elə bilirdim dünya mənimdi. Əslində sağlığında dünya mənimiydi. Xoşbəxtlərin xoşbəxtiydim, o cür oğlum olduğu üçün. Nəysə, yerini açdım ki, gecdir yatsın. Yata bilmədi. Gecə saat 3-də çıxıb getdi ki, uşaqlar orda odun- alovun altında, mən burda rahat yata bilmərəm. Elə o gedən getdi. Mənə də tapşırdı ki, bax, heç nədən qorxma. Açığı qorxmurdum. Elə bilirdim Vüqar öndədirsə arxada bizlərə heç nə olmaz.
Rayonlarımız, kəndlərimiz azad edilən gün zəng edərdi. “Gözümüz aydın filan yeri aldıq” deyib, sevinərdi. Deyirdi “qoy müharibə qurtarsın, səni təzə aldığım maşınla o yerlərə aparacam. Gör necə cənnət yerlərimiz varmış”. Bir gün qonşularla yas yerinə getmişdim. Elə içəri keçmək istəyəndə gördüm zəng gəldi. Vüqarıydı. Telefonu açan kimi dedi:”Məni təbrik elə, Şuşa uğrunda döyüşə gedirik. Dedim sənə də, Şuşana da qurban olum”. Sonra xəbərdarlıq elədi:”Telefonum bağlı olacaq, narahat qalmayın”.

Şuşanın azad olunmasına 4 gün qalmış...

Təxminən bir həftə sonra, noyabrın 4-də günorta vaxtı telefonuma bilmədiyim nömrədən zəng gəldi. Açmaq istəmədim. Yoldaşımın təkidindən sonra açdım. Elə bircə kəlmə dedilər:”Vüqar deyir məndən nigaran qalmasınlar”. Bu zəng məni dəli elədi, çünki Vüqar heç vaxt nömrəmi başqasına verməzdi. Yoldaşım məni sakitləşdirdi və bildirdi ki, ola bilsin özünün imkanı olmayıb, zəng vurmaq üçün uşaqlardan birinə xahiş edib . Yenə də ürəyim narahat idi. Yerimdə dinclik tapa bilmirdim. Gecə saat 2-də bu dəfə yoldaşımın telefonuna zəng gəldi:” Vüqar yaralanıb xəstəxanaya gətiriblər, gəlin”. Tez geyindik. Yoldaşımın əli-ayağı əsirdi. Belə vəziyyətdə maşın sürə bilməzdi. Ona görə də kirvəmizə zəng vurduq. Bizdən başqa hamı xəstəxanadaymış. Kirvəmiz yol boyu bir kəlmə olsun danışmadı. Xəstəxanaya çatanda, and verdim ki, Vüqar necədi, ona bir şey olub? Kirvəmiz oğlunun canına and içdi ki, “yaralanıb əməlyata alıblar”. Məni məcbur göndərdilər evə ki, burda durmağın adı yoxdu. Evə qayıtdım. Qonum-qonşu eşidən gəlirdi, ancaq məndən Vüqarın ölümün gizlədirdilər. Səhər açıldı yoldaşımla kirvəmiz də gəldi. Çəkilib bir tərəfdə xısın-xısın danışırdılar. Hirsləndim ki, nə danışırsınız, mənə də deyin. Kirvəmiz axırda dedi:”Vüqar şəhid olub”. Yapışdım yaxasından:”And işdin ki, Vüqar yaralanıb. Budur sənin andın?” Beləcə Vüqarlı günlərimin sonu oldu. Şuşanın azad olunmasına 4 gün qalmış Daşaltıda qəhrəmancasına şəhid oldu balam. Görmədi Şuşasının azad olduğunu. ..
...Hamı elə bilirdi ki, oğlumdan sonra yaşaya bilmərəm. Ancaq yaşayıram. Necəsini heç bir ana çəkməsin. Yoldaşımın-İsmayılın ürəyi dözmədi. Ölənə kimi heç bir yerindən şikayəti yoxuydu. Məni qoruyurdu, ancaq özü məndən əvvəl getdi oğlunun yanına. Sağlığında hər gün gedirdik Vüqarın məzarını ziyarət eləməyə. Vüqarla danışırdıq, dərdləşirdik, ağlayırdıq sonra evə qayıdırdıq. Beləcə günümüzü keçirirdik. İndi bəzən tək, bəzən uşaqlarla gedirəm məzarları üstünə”.
Lətifə xanım deyir müharibə qurtarandan sonra Vüqarın toyu olacaqdı:”Evləri öz zövqünə uyğun təmir elətdirdi. Ancaq kimi istədiyini bilmədik. Qıza göndərdiyi səsli mesajı qalır”.
Bibisi Vüqarın sevdiyinə yazdığı səsli mesajı açdı:”Ömrüm, mən gəlmişəm saçımı vurdururam. Sən namazını rahat qıl, gəlib səni görəcəm. Öpürəm”.
Lətifə xanım deyir ki, bu aylar ərzində əlaqədar təşkilatlardan hər kəs gəlib dərdimizə şərik olub:”Martın 10-da Vüqarın ad günündə bu həyətdə kimlər yoxuydu. ..Hər kəs gəlmişdi. Bir ad günü elədilər ki...Ancaq Vüqarsız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəzən soruşurlar ki, nəyə ehtiyacın var? Deyirəm, ancaq Vüqarıma”.
...Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüqar Zamanov “Vətən uğrunda medalı, “Füzulinin azad olunmasına görə medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif olunub.
Vüqarın adının əbədiləşdirilməsi üçün oxuduğu Horadiz şəhər 2 saylı tam orta məktəbə və yaşadıqları küçəyə onun adının verilməsi nəzərdə tutulb.
... 18 oktyabr müstəqilliyimizin bərpasının 30 ili tamam oldu. 30-cu ili qürurla, alnı açıq-üzü ağ qeyd etdik. Vətən uğrunda canlarından keçən Vüqar kimi qeyrətli, qəhrəman oğulların sayəsində. Bizə qələbə sevinci yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Arzu Şirinova