• 18 Aprel 2024
logo
Əmlak məsələləri Dövlət Xidməti və bələdiyyələr: reallıqlar, problemlər və gözləntilər

Əmlak məsələləri Dövlət Xidməti və bələdiyyələr: reallıqlar, problemlər və gözləntilər

Artıq bələdiyyələrin fəaliyyətinin 22-ci ili tamam olur. Bu illər ərzində yerli özünidarəetmə orqanları cəmiyyətdə yekdil bir struktur olaraq özlərini az-çox tanıtsalarda ilk gündən yaranan problemlərin bir çoxu bu gündə həll edilməmiş qalmaqdadır. Bu istiqamətdə apardığmız müşahidə, təhlil və bələdiyyələrdən daxil olan məlumatlara əsaslansaq belə qənaətə gələ bilərik ki, bələdiyyələrin problemlə üzləşdiyi orqanlardan biri və ən əsası Əmlak məsələləri Dövlət Xidmətidir. Bu yazıda məhz adıçəkilən sahə ilə əlaqəli problemlərə və bu problemlərin həllinə toxunmağa çalışacağıq.
***
Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilmə prosesinin bu günədək başa çatdırılmamasının əsas günah sahibi də məhz əvvəlki illər ləğv edilmiş mərkəzi icra orqanlarının varisi olan Əmlak məsələləri Dövlət Xidmətidir. Sual olunur, bələdiyyələrə xəritələrin verilməsi üçün bu orqana iyirmi il bəs etmədimi. Son iki ili pandomiyanı bəhanə kimi gətirilməsinin heç bir əsası yoxdur. Hər dəfə bir layihə ortalığa atılaraq əvvəl başlanan layihələri yarımçıq qoymaqla problemin həllini uzatmaq nə deməkdir? Hələ 1999-cu ilin dekabrında imzalanan sənədlərlə proses üç ay ərzində başa çatmalı olduğu halda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, habelə Dövlət Əmlak Komitəsinin sərəncamdan irəli gələn məsələlərin həlli əvəzinə prosesin ləgtiməyin yollarının axtarılmasına vaxtın sərf edilməsi bu gün başa düşülən deyil. Əmlakın bələdiyyələrə verilmə prosesi isə ciddi qüsurlarla icra edilməsi bilavasitə məsuliyyəsizliyin nəticəsi kimi xarakterizə edilməlidir. Vaxtı ilə seçkili orqana, Xalq Deputatları Söveti İcraiyyə Komitəsinə məxsus olan, bu orqanın maliyyə vəsaitiylə inşa edilən binaları alayarımçıq şəkildə və cəmi iki-üç otağını başqa bir seçkili orqana təhvil verilməsini bu sistemə olan hörmətsizliyin təzahirü kimi başa düşülməlidir. Belə düşünmək olar ki, vaxtı ilə bu orqanlarda çalışanları Ulu Öndər Heydər Əliyevin bələdiyyə sisteminin fəlsəfəsinə dair söylədiyi fikirləriylə yenidən tanış etmək lazımdır.
İndi isə bəzi məqamlara toxunaq.
Qobustan bələdiyyəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaşın müraciətinə əsasən 100 kvadratmetrlik sahəni satmağa qərar verir. Qeyd edək ki, Qobustan bələdiyyəsinə torpaq fondu dövlət aktıyla təhvil verilib. Təqdim edilən xəritədə hər bir bölgü açıq-aydın təyinatı üzrə göstərilməklə qeyd olunub. Torpaq satışını həyata keçirmək üçün ilkin olaraq prosesdur qaydalara görə bələdiyyə sədri “Kadastr və yerqurluşu layihə-tədqiqat mərkəzi” MMC-yə rəsmi məktubla ərazinin yerqurluşu planını hazırlanması ilə bağlı müraciət edir. Ayrılması nəzərdə tutulan ərazi isə şəhərin içi və mağistral yola yaxın bir ərazidir. Bu ərazidəki həm obyektlərə, həm də sakinlərin həyətyanı sahələrinin bir çoxuna, xüsusilə də ayrılması nəzərdə tutulan ərazinin həndəvərinə müvafiq orqan tərəfindən çıxarış verilmişdir. MMC-nın bələdiyyəyə cavabında isə qeyd edilir: “Ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, GPS vasitəsiylə sahənin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr bazasına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan yerqurluşu planının hazırlanması mümkün olmamışdır”.
Həqiqətən maraqlı cavabdır. Necə ola bilər ki, şəhərin mərkəzində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcud olsun, ozüdə cəmi 100 kvadratmetr və ətrafı isə yaşayış sahəsi üçün nəzərdə tutulsun. Bu məqama nə ad vermək olar. Demək problem var və özü də ciddi formada. Hətta bəzi şəhər mərkəzlərində örüş sahəsinin, əkinə yararlı sahənin olması da bugün heç kimə sirr deyil. Çox maraqldır, elektron kadastr bazasını kim hazırlayıb və hansı xəritə əsasında hazırlanıb. Niyə real vəziyyət nəzərə alınmayıb? Qurumlar arasında əlaqənin və vahid baza xəritəsinin olmaması açıq aydın hiss olunur.
“Kadastr və yerqurluşu layihə-tədqiqat mərkəzi” MMC-nin də aid olduğu Daşınmaz əmlakın Dövlət Reyestr xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən başqa bir maraqlı cavab Şamaxı bələdiyyəsinə göndərilib. Demək, Şamaxı bələdiyyəsi öz ərazisində, şəhər kənarında 30 hektarlıq ərazinin faktiki olaraq qanunsuz istifadə edən vətəndaşı vergiyə cəlb edilməsi məqsədiylə icarə müqaviləsi şərtlərinə uyğun müəyyən müddətə verilməklə büdcəsinə maliyyə vəsaiti cəlb etmək niyyətində olub. Bununla bağlı torpağın faktiki istifadəçisi olan vətəndaşla ciddi sohbətlərdən sonra razılaşdırlıb və müvafiq olaraq Daşınmaz əmlakın Dövlət Reyestr xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət olunub. Demək cavabda qeyd edilir: “Məktubunuza əsasən torpaq sahəsinə rəyin verilməsi üçün sənədləriniz Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə göndərilmişdir. Ərazi şöbəsinin rəyində ayrılması nəzərdə tutulan 30 hektar torpaq sahəsi ilə bağlı təqdim edilmiş kadastr göstəricisinə, yerqurluşu planına və baxış aktına əsasən bələdiyyənin ümumi istifadə də olan örüş sahəsi olduğundan və daxilində sərhədləri müəyyən edilməyən 6 hektar torpaq sahəsi olduğundan dövlət qeydiyyatına alınması məqsədə müvafiq hesab edilməmiş və komissiya tərəfindən icrasına xitam verilmişdir.”
Çox maraqlı cavabdır, deyilmi. Nəzərə almaq lazımdır k, bələdiyyə müvafiq orqana bu prosesi həyata keçirmək üçün rəsmi şəkildə 400 manat vəsait ödəyib. Maraqlıdır, qurum 400 manatı alımamış, öz bazasında bu torpaqla bağlı məlumatlarla tanış ola bilməzdimi. Pul alıb sonra da yox cavab verməyi necə başa düşək? Əslində bu vəsaitin qurum tərəfindən “həzm edilməsində” bir halallıq prinsipinə əməl edlmədyini də unutmaq olmaz. Çətin maliyyə durumunda olan bələdiyyə “boğazından kəsib” bu pulu keçirir ki, büdcəsinə əlavə maliyyə vəsaiti daxil olsun, ona da qurum yox cavabı verir. Üstəlik qurum əməkdaşlarının gözü qarıçısında həmin torpaq sahəsi qanunsuz olaraq istifadə edilir. Söylədiyimiz fakt, fikrimizcə, mövcud durumda hər hansı bir işgüzar mühiti əks etdirmir. Sadəcə prosesin bir adı var oda - məsuliyyətsizlik. Üstəlik 30 hektarın içərisində 6 hektar sərhədləri müəyyən edilməyən torpaq sahəsinin olması nə deməkdir. Bunu cavabdeh orqan bilmirsə bəs kim bilməlidir?
***
Yeri gəlmişkən, bələdiyyələrə narahatlıq yaradan digər bir məqam Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tarif dərəcələrinin artırılmasıdır. Ola bilər deyilsin ki, bu məsələnin bizə aiddiyəti yoxdur. Cünki tariflərin artırılmasını Tarif Şurası həyata keçirir. Düzdür, razıyam. Belə olan halda Tarif Şurasına təklifi hansı orqan göndərib, maraqlıdır. Hazırda isə real vəziyyət belədir. 12 sota qədər torpağın layihə koordinatının müəyyən edilməsi (yəni dörd nöqtə üzrə) əvvəl 60 manat ödənildiyi halda, bu gün həmin xidmətin dəyəri 179 manat olub. Bu qiymət artımı hansı əsasla həyata keçirilib? Qiymət dəyişikliyinin kökündə nə dayanır? Üstəlik bələdiyyə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən satışa çıxarılan torpaq sahəsi üçün ayrıca çıxarışın əldə edilməsindən sonra alqı-satqıya gedilməsini necə başa düşmək olar.
***
Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyun 2021 tarixli imzaladığı Fərman isə deyərdim ki, hər kəsin ürəyindən xəbər vermiş oldu. Yəni ölkə başçısı bu Fərmanla adıçəkilən sturkturda ciddi və köklü islahatlara başlanıldığını elan etdi. İnanmaq istərdik ki, bu Fərman cəmiyyətdə xidmətə qarşı yaranmış neqativi aradan qaldırlmasına təkan vermiş olacaqdır.
Beləliklə, bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin yerlərdə daha üç ayrı- ayrı və birini qəbul etməyən strukturu olmayacaqdır.
Fərmanda qeyd edilən məqamı bir daha xatırladırıq:
- 7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
- 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.
***
Göründüyü kimi, cənab Prezidentin iradəsiylə mövcud sahədəki problemlər öz həllini tapmaqdadır. Qalır Fərmandan irəli gələn məsələlərin Əmlak məsələləri Dövlət xidməti tərəfindən sürətlə, qanunamüvafiq şəkildə və bütün tərəflərin rəyini nəzərə almaqla həllinin sürətləndirilməsi.
Ümid edirik ki, əvvəlki illərdən yığılıb qalmış və bir çox hallarda süni şəkildə yaradılmış problemlər tezliklə öz həllini tapacaqdır.
Vüqar Tofiqli