• 3 Dekabr 2021
logo
Kamran Əliyev: “Qarabağ müharibəsində itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsində Rusiya bizə yardım edəcək”

Kamran Əliyev: “Qarabağ müharibəsində itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsində Rusiya bizə yardım edəcək”

“Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə bağlı işlər davam edir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
Baş Prokuror bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “Artıq 55 belə şəxs müəyyən olunub. Eyni zamanda Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır. Bu istiqamətdə fəaliyyətimiz davam edir. İkinci Qarabağ müharibəsindən sonra isə bizim 7 itkin düşən hərbçimiz var. O sahədə də bizim işlərimiz davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan vəzifəyə əsasən, biz çalışacağıq ki, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə itkin düşənlərin hər biri tapılsın və öz ailələrinə qaytarılsın. Biz buna çalışırıq. Bununla bağlı müxtəlif dövlət qurumları ilə, müxtəlif ölkələrlə də əməkdaşlıq edirik. O cümlədən bizim Türkiyə və Rusiya tərəfi ilə əməkdaşlığımız var. Bununla bağlı Rusiyanın Baş Prokuroru ilə də razılığa gəlmişik. Razılığa əsasən, Qarabağ müharibəsi dövründə itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsi üçün onlar da bizə yardım göstərəcək”.