Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonunda "Köndələnçay-1" su anbarını və Qaraməmmədli kəndini ziyarət ediblər.
APA-nın Füzuliyə ezam olunan müxbiri məlumat verir ki, burada jurnalistlər "Köndələnçay -1" su anbarına balıq buraxıblar, daha sonra isə Qaraməmmədli kəndində ağacəkmə mərasimində iştirak ediblər.
Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında deyib ki, balıqlardan 1000-i çəki, 500-ü ağamur balıq körpələridir: "Bu balıq körpələri məhz belə su hövzələri üçün xarakteriqdir. Məqsədimiz təbii populyasiyanın artırılmasına dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıq populyasiyasının kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılmasına gətirib çıxaracaq".
O qeyd edib ki, Qarabağ zonasında ən çox çirkləndirilmiş çay Oxçu çaydır: "Biz digər çaylardan da su nümunələri götürdük. Bu ərazilərdən götürülən nümunələr qənaətbəxş olduğu üçün buraya da balıqlar buraxıldı".
Xidmət rəisi balıq ovu ilə bağlı əhaliyə çağırış edib. Onun sözlərinə görə, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik. Bu müddətdə balıq ovlanması qadağandır".