• 6 İyun 2020
logo
Xarici dövlətlərin məhkəmə hökmləri və ya digər yekun qərarlarının tanınması qaydası müəyyənləşir

Xarici dövlətlərin məhkəmə hökmləri və ya digər yekun qərarlarının tanınması qaydası müəyyənləşir

Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycanda tanınması qaydası müəyyənləşir.

Bu, Cinayət-Prosessual Məcəlləyə təklif edilən yeni “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat” (LIX fəsil) fəslinin 522-ci maddəsində əksini tapıb.

Yeni maddəyə əsasən, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər.

Xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarlarının tanınmasına dair icraata, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla açıq məhkəmə iclasında baxılır.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

Xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikası Baş prokuroru və ya onun müavini, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər.