Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Fransanın “Bipea” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Baymedia.az-a verilən məlumata görə, laboratoriya buğda nümunəsində düşmə ədədi, natura, küllülük, sedimentasiya dəyəri, qluten indeksi, yaş qluten indeksi və min ədəd buğda çəkisi parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası bundan əvvəl də Fransanın “Bipea”, Böyük Britaniyanın “Fapas” və ”LGC standard” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr qazanıb. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.