• 27 Aprel 2024
logo
QHT Koalisiyası: Seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesi azad, ədalətli, şəffaf şəkildə keçib

QHT Koalisiyası: Seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesi azad, ədalətli, şəffaf şəkildə keçib

“Seçicilərin yüksək fəallığı şəraitində prezident seçkilərində səsvermə prosesi azad, ədalətli, şəffaf şəkildə keçib”.

Baymedia.az xəbər verir ki, bu sözləri fevralın 8-də “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkilərdə aparılan müşahidənin nəticələrinə həsr olunmuş brifinqdə söyləyib.

S.Qocamanlı bildirib ki, fevralın 7-də “Mənim səsim” Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəçiliyi aparıb. Koalisiyanın 500 nəfərdən çox seçki müşahidəçisi respublikanın bütün bölgələrdə təmsil olunmaqla, seçki dairələrinin ümumi sayının 53,6 faizini təşkil edən 67 seçki dairəsində müşahidə aparıb. “Müşahidəçilərimizin içərisində qadınlar və gənclər üstünlük təşkil edib. Dünən seçkilər günü - peşəkar müşahidəçilərimizdən toplanmış bütün məlumatlar, qeydlər koalisiyaya cəlb edilmiş ekspertlərin iştirakı ilə ətraflı təhlil olunub. Beləliklə, müşahidə apardığımız 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz müəyyən nəticələrə gəlməyə imkan verir.

Seçki məntəqələrində texniki təchizat, səsvermə kabinələri, səsvermə qutuları Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn tələblərə uyğun olub. Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səs vermələri üçün bütün imkanlar təmin edilib. “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə, o cümlədən olduğumuz məntəqələrdə seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə mane törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb”, - deyə S.Qocamanlı əlavə edib.