• 19 Aprel 2024
logo
Tolerantlıq həm milli, həm də bəşəri məsələdir

Tolerantlıq həm milli, həm də bəşəri məsələdir

Azərbaycandakı tolerant mühiti bu həqiqəti özündə əks etdirir

Azərbaycan həm milli, həmdə dini müxtəlifliklər baxımında çox mürəkkəb coğrafi məkanda yerləşir. Ölkəmizdə bütün səmavi dinlərə sitayiş edən insanlarla yanaşı, həm də 30-dan çox azsaylı xalq və etnoslar məskunlaşıb. Bu səbəbdən də, Azərbaycanda dini və milli mənsubluq baxımından kifayət qədər həssaslıq var. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dini və milli tolerantlıq baxımından dünya dövlətləri arasında lider ölkələr sırasındadır.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.
Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.
2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb. Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.
Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, YUNESCO, İSESKO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.
Ölkədə fəaliyyət göstərən bir çox vətəndaş cəmiyyəti institutları da bu sahədə maarifləndirici tədbirlər həyata keçirilər, ölkədə tolerantlığın qorunması istinqamətində təbliğat işlərini gücəndirirlər.
Onlardan biri də Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyidir. Birliyin sədri Füzuli Kərimov qəzetimizə bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Digər dinlərin ibadətgahlarının, hətta erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir. Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın əhatəsində, əsrlərdən bəri formalaşan köklü bir ənənə, qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur: “Amma Azərbaycanda tolerantlıq və multikultural dəyərləri həzm edə bilməyən qüvvələr də var ki, onlar hər vəchlə bu modelə kölgə salmağa cəhdlər göstəriblər. Beynəlxalq ictimaiyyətin fikrini dəyişməyə səy göstəriblər. Belə ki, ABŞ-ın Dini Etiqad Azadlığı Komissiyası (USCIRF) 2013-cü ildən etibarən heç bir fundamental əsası olmayan hər il Azərbaycanı dini etiqad azadlığının pozulmasına görə "2-ci Səviyyə" ölkələr siyahısına daxil edib, “Dövlət Departamentinin xüsusi nəzarəti altında olan siyahı”da təqdim olunub. Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviqi adlı qəbul etdiyi qətnamədə ölkəmizdə “din azadlığının pozulması”, “Amnesty International” və Human Rights Watch kimi beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı həmişə Azərbaycana qarşı qeyri şəffaf və qərəzli mövqe nümayiş etdiriblər. Belə qərəzli bəyanat və hesabatları ifşa etmək, beynəlxalq ictimaiyyətə düzgün və dolğun məlumat çatdırmaq üçün hesab edirik ki, dünyaya örnək olan Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin xarici ölkələrdə təbliği olduqca vacib və zəruridir. Müasir dövrdə informasiya müharibəsi şəraitində bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir”.
QHT sədri onu da vurğulayıb ki, “Dünya mediasında dini tolerantlığın Azərbaycan nümunəsi” adlı layihənin həyata keçirilməsi üzərində işləyirlər. O qeyd edib ki, ümumiyyətlə, tarixən dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq ölkəmizdə müxtəlif xalqların nümayəndələri həmişə bir ailə olaraq dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar. Bu mütərəqqi ənənə indi də davam edir və qeyd olunduğu kimi, Azərbaycanın əsas xarakterik xüsusiyyətləri sırasında yer alır. Prezident İlham Əliyevin dini, milli tolerantlığı ən böyük sərvətimiz olaraq dəyərləndirməsi Azərbaycanda sözügedən sahədə formalaşmış mühitin daha möhkəm əsaslar üzərində təşəkkül tapması və qorunub saxlanması üçün ən yüksək səviyyədə bu məsələyə göstərilən xüsusi diqqətin real təsdiqidir. Beləliklə, ölkəmizin mövcud mənzərəsi onu göstərir ki, Azərbaycanda bütün azadlıqlarla yanaşı, dini azadlıqlar da təmin edilib. Eyni zamanda, din xadimlərinin, eləcə də dinə bağlı insanların Azərbaycanda gündəlik fəaliyyəti üçün ölkədə hər cür şərait və sərbəstlik yaradılıb. Bu fonda belə bir mühüm faktı qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə mindən çox məscid, on bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir.Azərbaycanda bütün milli, etnik azlıqların, azsaylı xalqların firavan və təhlükəsiz yaşamalarını xarici ictimaiyyətin nəzərinə çatdırmaq borcumuzdur və olduqca vacibdir. Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda tolerant və multikultural dəyərlərin, birgəyaşayışın, müxtəlif din və etiqad azaqlıqlarının qorunması və inkişaf etdirilməsi ilə bağlı Türkiyə, Rusiya, Pakistan, Ukrayna, İran, Qırğızıstan və Misir mediasında (türk, rus, ərəb, fars və ingilis dillərində, ümumilikdə 10 yazı) yazıları dərc etdirmək fikrindəyik. Eyni zamanda mövzu ilə bağlı ingilis, rus dillərində iki sosial çarx hazırlayıb müxtəlif sosial şəbəkələr, kanallar vasitəsilə dünya ictimaiyyətinə yayılmasını vacib hesab edirik”.
QHT sədri layihənin məqsəd və vəzifələrindən danışıb. Deyib ki, əsas məqsədi dünyaya örnək olan Azərbaycanda tolerant və multikultural dəyərlərin (türk, rus, ərəb, fars və ingilis dillərində) beynəlxalq ictimiayyətin diqqətinə çatdırmaq və ingilis, rus dillərində iki sosial çarx hazırlayıb müxtəlif sosial şəbəkələr, kanallar vasitəsilə ictimailəşdirməkdir: “Eyni zamanda digər əsas məqsədlərimizdən biri də bu sahədə anti-Azərbaycan mövqeyindən çıxış edən beynəlxalq təşkilatların qeyri-şəffaf və qərəzli hesabatlarını, məntiqlə, tutarlı faktlarla, bu sahənin nüfuzlu xarici ekspert və mütəxəssislərinin fikirləri ilə ifşa etməklə yanaşı, bu istiqamətdə xaricdə əməkdaşlıq etdiyimiz QHT və media nümayəndələrini prosesə cəlb etmək, layihə müddətindən sonra da mövzunu yerli mediada diqqətdə saxlamalarına nail olmaqdır”.

Cavid