• 26 Aprel 2024
logo
“Dini radikalizm və ekstremizm – Milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi”

“Dini radikalizm və ekstremizm – Milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi”

Füzuli Kərimov: “Bu gün ölkəmizdə dini radikalizm, ekstremizm və terrorçuluğa qarşı mübarizə üçün mükəmməl qanunvericilik bazası mövcuddur”

Müasir dövrdə dünyanın bir çox dövlətləri dini radikalizm, ekstremiz və terrordan ciddi əziyyət çəkir. Bu səbəbdən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, məktəb və xəstəxanalar dağıdılır.
Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctiomai Birliyinin sədrio Füzuli Kərimov “Xalq Cəbhəsi”nə bildirib ki, son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Bu müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir: “Radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və bu özünü bir çox sahələrdə göstərir. Dövlət siyasətində ayrı-seçkiliyə rəvac verilməsi, dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir. Öz məqsədlərinə çatmaq üçün din amilindən sui-istifadə edərək radikal qruplar yaradan, ekstremist çağırışlarla insanları bu yola təhrik edən qruplaşmalar, dünyanın harasında fəaliyyət göstərmələrindən asılı olmayaraq, bütün bəşəriyyət üçün böyük təhlükədir”.
Bütün dinlər insanları daim sülhə, ədalətə və haqqa çağırır. Buna görə də din pərdəsi altında öz siyasi ambisiyalarını gerçəkləşdirmək istəyində olan, siyasi qüvvələrin əlində alətə çevrilən radikal dini qruplara qarşı mübarizə də bəşəri xarakter daşımalıdır. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikalların da fəaliyyəti aktivləşir, bu, təkcə İslam dinində deyil, digər dinlərdə də özünü açıq şəkildə büruzə verir. Müasir dünyanı təhdid edən dini ekstremizm, radikalizm və terrorizm də məhz buradan qaynaqlanır: “Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydan çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı”.
QHT sədri vurğulayıb ki, müxtəlif dinlərin bir arada tolerantlıq və dözümlülük şəraitində mövcud olduğu Azərbaycan üçün də dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyin ilk illərində ölkəmizdə dini sahədə təhdidlər çox güclü idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu təhdidlərin qarşısı alındı. Şübhəsiz ki, bu təhlükənin qarşısının alınması eyni zamanda hüquqi və ideoloji müstəvidə aparılan mübarizənin nəticəsi idi: “Bu gün ölkəmizdə dini radikalizm, ekstremizm və terrorçuluğa qarşı mübarizə üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunması da müsbət hal kimi qiymətləndirilməlidir.
Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.
Dövlətimiz dini radikalizm və ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir”.
Çağdaş dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə də, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir. Dünyada cərəyan edən neqativ proseslərə baxmayaraq, ölkəmizdə ənənəvi dinlərin inkişafı üçün yaradılan münbit şərait bu sahənin inkişafını şərtləndirir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın nümunəvi modeli formalaşıb. Məhz, bu anlayışların inkişafı dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib şərtlərdən biridir”.
Cavid