• 31 Oktyabr 2020
logo
“QHT-lərlə bağlı qanunvericilik bazası dövrün tələblərinə uyğun təkmilləşdirilib”

“QHT-lərlə bağlı qanunvericilik bazası dövrün tələblərinə uyğun təkmilləşdirilib”

Nailə İsmayılova: “Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər”

“QHT-lər cəmiyyətlə, insanlarla daha yaxından işləməli, öz fəaliyyətlərinin daha çox işıqlandırmalıdırlar. Lakin buna baxmayaraq qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan QHT-lər və insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib. Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti və dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlar səbəb olub. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndirib. Həmçinin Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun fəlsəfəsinin, ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər. Bu istiqamət vətəndaşların sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. QHT-lər də öz növbəsində dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ona tərəfdaş olmalıdır”. Bu fikirləri “Xalq cəbhəsi”nə müsahibəsində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova səsləndirib. Nailə İsmayılova digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.
-Məlumdur ki, Azərbaycanda vətəndaş cəmiyyətinin institutlarından daha çox QHT-lərin fəaliyyəti gözə çarpır. Ümumiyyətlə QHT-lərin vətəndaş cəmiyyətinin inkişafı və dövlət quruculuğundakı rolu nədən ibarətdir?
-Dünyanın bir çox ölkələrində, eyni zamanda ölkəmizdə QHT-lər vətəndaş cəmiyyətinin vacib elementi, ölkənin inkişaf prosesində vacib qurumlardan biri hesab edilir. QHT-lər ölkənin ictimai-siyasi həyatında iştirak etmək, öz fərdi və kollektiv məqsəd, istək və arzularını daha sərbəst şəkildə ifadə etmək və cəmiyyətin inkişafına töhfələrini vermək nöqteyi-nəzərdən digər vətəndaş birlikləri ilə müqayisədə vətəndaşlara daha geniş imkanlar verir. QHT-lər müasir dövrdə özünü demokratik proseslərin inkişafının səmərəli iştirakçısı kimi göstərir. Bu təşkilatlar şəffaflıq, effektivlik, açıqlıq, hesabatlılıq kimi yaxşı idarəetmə mexanizmlərinin işləkliyini təmin etməkdə günbəgün öz əhəmiyyətni artırır. Onlar cəmiyyətdə vətəndaş fəallığının artmasına yardım edir, dövlət və yerli hakimiyyət orqanlarında qərarların qəbul olunması prosesinə qeyri-siyasi vasitələrlə təsir edirlər.
Demokratik ölkələrin hökumətləri cəmiyyətin inkişafında əhəmiyyətli töhfələrinə görə qeyri-hökumət sektorunun inkişafını dəstəkləyir və stimullaşdırırlar. Belə hakimiyyətlər dərk edirlər ki, cəmiyyətdə müxtəlif maraq qruplarını təmsil edən QHT-lərin dəstəyi olmadan güclü ola bilməzlər. Bu onunla izah edilir ki, əksər QHT-lərin qarşısına qoyduğu məqsəd və vəzifələr hakimiyyət orqanlarının həyata keçirməli olduğu vəzifələrlə son dərəcə uyğunluq təşkil edir. Bunlar dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir çox sosial, iqtisadi, hüquqi, mədəni və s. məsələlərin həlli ilə bağlıdır. QHT dövlət orqanlarına kömək edir, onların həyata keçirməli olduqları bəzi məsələlərin həllinə öz töhfələrini verirlər. Dövlət və vətəndaş cəmiyyəti vahid mexanizmin bir-birindən asılı olan tərkib hissələri kimi çıxış edir və onların əməkdaşlığı zəruri tələbata çevrilir. Müxtəlif sosial qrupların və ya fərdlərin cəmiyyətin inkişafına yönələn təşəbbüsləri dövlət tərəfindən də adekvat qəbul edilir və onun inkişafını təkmilləşdirir. Vətəndaş cəmiyyəti dövlətlə dialektik vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Demokratik rejimlərdə o, dövlətə çox yaxındır və onunla qarşılıqlı fəaliyyətdədir. Cəmiyyətin inkişafı aspektindən dövlətlə vətəndaş cəmiyyətinin özəyini təşkil edən QHT-lərin əməkdaşlığı və birgə məqsəd naminə fəaliyyət göstərməsi həyati əhəmiyyətə malikdir.
- QHT-lərlə bağlı qanunvericilik bazasının yaradılması istiqamətində hansı addımlar atılıb?
-Bidiyimiz kimi, Azərbaycanda QHT-larının yaradılması və inkişafı ilə bağlı mükəmməl qanunvericilik bazası var. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı ölkə daxilində və xaricində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Daha sonrakı dövrlərdə zaman-zaman qanunvericilik bazasında müəyyən dəyişikliklər edilsə də, ümümi mənada QHT-larının həyat keçirdiyi bütün layihələr hər bir QHT-nın öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət istiqamətini ehtiva edir.
Müasir dövrümüzdə QHT sektorundakı mövcud vəziyyəti ümumiyyətlə, qənaətbəxş hesab etmək olar. Çünki bu sektorun fəaliyyət göstərməsi üçün əlverişli şərait və imkanlar dövlət tərəfindən yaradılıb. QHT-lərlə bağlı qanunvericilik bazası dövrün tələblərinə uyğun təkmilləşdirilib. QHT-lərin qeydiyyatı prosesi də sadələşdirilib. Dövlətin son zamanlarda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atdığı bir sıra uğurlu addımlar xarici donorlardan asılılığı aradan qaldırıb.
- Regionlarda QHT-lərin fəaliyyətini necə dəyərləndirmək olar, QHT-lərin bölgələrdə təşviqi qaneedicirdimi?
-Məlum olduğu kim regionlarda kifayət qədər QHT-lər dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərirlər. Hər regionun özünəməxsus adət-ənənələri var. Məhz orada fəaliyyət göstərən QHT-lər yerli milli-mənəvi dəyərləri, adət-ənənələri nəzərə alara öz işlərini qurur və sadaladığımız meyarlara uyğun olaraq layihələr həyata keçirirlər. Əgər məsələyə geniş aspektdən baxsaq, region QHT-lərin işi həqiqətən də qənatbəxşdir. Çünki bildiyiniz kimi, həyata keçirilən hər bir layihə üçün müəyyən maliyyə tələb olunur. Nəzərə alsaq ki, hazırda pandemiya dövründə insanların maddi durumu müəyyən çətinliklər yaradıb. Lakin buna baxmayaraq, QHT-ləri öz fəaliyyətlərini daha çox sosial istiqamətə yönəldiblər. Bu da elə QHT-lərin təşviq olunmasının bir istiqamətidir.
- Bu sektor vətəndaş cəmiyyəti institutu kimi necə inkişaf edib? Problemlər və perspektivlər nədən ibarətdir?
-İlk öncə onu qeyd edim ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında ölkəmizdə fəaliyyət göstərən QHT-lərin rolu böyükdür. QHT-lərin fəaliyyət fəlsəfəsi və onun əhəmiyyəti, cəmiyyətə verdiyi töhfələr haqqında əhali kifayət qədər məlumatlı olmasalar da, ziyalı təbəqə, eyni zamanda cəmiyyətin ictimai fəallığı ilə fərqlənən insanlar arasında informasiya yüksək səviyyədədir. Keçən əsrdə Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, oz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər.
QHT-lər cəmiyyətlə, insanlarla daha yaxından işləməli, öz fəaliyyətlərinin daha çox işıqlandırmalıdırlar. Lakin buna baxmayaraq qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan QHT-lər və insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib. Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti və dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlar səbəb olub. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndirib. Həmçinin Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun fəlsəfəsinin, ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər. Bu istiqamət vətəndaşların sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. QHT-lər də öz növbəsində dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ona tərəfdaş olmalıdır.

Əli Zülfüqaroğlu