• 28 Mart 2024
logo
"Sosial şəbəkələrdə hüquqi baxımdan səliqə-səhman yaradılmalıdır"

"Sosial şəbəkələrdə hüquqi baxımdan səliqə-səhman yaradılmalıdır"

Sosial şəbəkələr müasir insan cəmiyyətinin ayrılmaz parçasıdır. Artıq qloballaşan və dəyişən dünyada həyatımızın bir çox elementləri sosial şəbəkələrə transformasiya olunub. İnsanlar buradan xəbər alır, şəxsi həyatları barədə məlumatları paylaşır, ciddi və ya qeyri-ciddi mövzuları müzakirə edir, bizneslərini reklam və inkişaf etdirirlər.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında QHT sədri Emin Əliyev ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini tənzimləyən sərəncamına münasibətində açıqlayıb.
QHT sədri bildirib ki, dövlət rəsmiləri buradan bəyənatlar göndərir, dünya siyasətinin axarını dəyişəcək qərarlar verirlər: "Bura bir informasiya çəlləyinə dönübdür. İnsan cəmiyyətində olduğu kimi sosial şəbəkələrdə də xeyirxah insanlar olduğu kimi zərərli fikir daşıyıcısı olan, ədəb-ərkan qaydalarını daim pozmağa həvəsli olan insanlar da vardır. İnsanlar real cəmiyyətdə olduğu kimi öz xarakterlərinə uyğun insanlarla dostluq edir, xarakterləri ilə üst-üstə düşməyən insanlardan uzaq olurlar. Amma buna baxmayaraq bir çox hallarda həyatda bu cür insanlarla rastlaşsalar da onlardan uzaq olurlar. Sosial şəbəkələrdə də belədir.
Amma son illər sosial şəbəkələr söyüş-qarğışlarla dolmağa başlayıb. İnformasiyanın paylaşılması çox sadələşib. Bu informasiyanın sürətli yayılması prizmasından yaxşı hal sayılsa da, onun keyfiyyəti baxımından ciddi suallar yaradır. Eyni zamanda bu alət cəmiyyətlərin aşağı intellektual səviyyəli insanlarının da öz "keyfiyyətli əsərləri"ni paylaşmaq imkanı yaradır".
E.Əliyev qeyd edib ki, söyüş ritorikası isə son dövrlərdə çox yayğınlaşıb və insanları sosial şəbəkələrdən soyudub.
Sosial şəbəkələrin yaradılması məqsədi insanları bir-birinə yaxın etmək olsa da bu günkü vəziyyət o məqsədlərdən çox uzaqlaşıldığını göstərir. Artıq həyatımızın ayrılmaz hissəsi olan şəbəkələrdə hüquqi baxımdan səliqə-səhman yaradılmalıdır. Bunu ya bu şəbəkələrin sahibləri etməlidir, ya da lokal olaraq yerli dövlət institutları: "Belə müşahidə olunur ki, bu şəbəkələrin rəhbərləri burada səliqə yaratmağa meyilli olmadıqlarında dövlətlər yerli qayda-qanunlar əsasında sosial şəbəkələri səliqəyə salmaq və müəyyən çərçivələr yaratmaq üçün israrlıdır. Bu günədək Avropanın bir çox dövlətləri, o cümlədən Avropanın lokomativi olan Almaniya bu sahədə məhdudlaşdırıcı qaydalarıb tətbiqini təmin ediblər və bu sahədə nizam-intizam yaratmaq prosesi sürətlənməkdədir. Artıq ABŞ lideri Donald Tramp da yerli qanunvericilik əsasında müəyyən qaydaların tətbiq edilməsi ilə bağlı qərar verib".
Onun sözlərinə görə əgər biz ictimai real həyatda atdığımız addımlar, söylədiyimiz fikirlər ilə bağlı inzibati və ya cinayət məsuliyyəti daşıyırıqsa nə üçün bu cür məsuliyyət sosial şəbəkələrdə olmur? Biz adi həyatda təsadüfən belə eşitdiyimiz xoşagəlməz jarqonlara görə məsuliyyət daşınılmasını tələb ediriksə, övladlarımızı bu xoşagəlməzliklərdən qoruyuruqsa həyatımızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrdə də belə nizam-intizamın yaradılmasını arzu edirik.