• 15 Dekabr 2024
logo
Xəzəryanı ölkələrin QHT-ləri “Xəzər Evi Platforması” yaradır

Xəzəryanı ölkələrin QHT-ləri “Xəzər Evi Platforması” yaradır

Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması” yaradılır.

Baymedia.az xəbər verir ki, bu barədə Bakıda COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi" adlı beynəlxalq konfransda qərar qəbul olunub.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətində QHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyət daşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malik olduğunu qeyd edib.

Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri Vladimir Qrebnev bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

OP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ən vacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal iş apardığını vurğulayıblar.

"Xəzər dənizinin hazırki ekosistemi: perspektivlər, təhdidlər və həll yolları” adlı birinci paneldə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun tədqiqatçı-alimi Vaqif Məmmədov təqdimatla çıxış edib. O bildirib ki, Xəzər dənizi yeraltı çaylarla digər su hövzələri ilə əlaqədardır, bunu onun canlı aləmində gölə xas olmayan canlılara rast gəlinməsi də nümayiş etdirir. V.Məmmədov qeyd edib ki, Xəzər dənizi barəsində akademik tədqiqatlar gücləndikcə onun haqqında xeyli yeni məlumatlar ortaya çıxacaq.

Rusiya Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Rusiya Federasiyasının əməkdar ekoloqu Sergey Mixayloviç Alekseyev, BMT-nin eksperti Aleksey Kokorin, Qazaxıstanın “Eko Mangistau” İctimai Birliyinin sədri Kirill Vladimiroviç Osin mövzu ətrafında məruzələrlə çıxış ediblər.

"Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar" adlı ikinci paneldə Qazaxıstan Ekoforumunun rəhbəri, Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti İqlim Şəbəkəsinin sədri Svetlana Mogilyuk, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyev, Rusiyanın Çelyabinsk Dövlət Universitetinin su qruplaşmaları laboratoriyasının müdiri Korlyakov Konstantin Aleksandroviç, Türkmənistanın Təbiəti Mühafizə Cəmiyyətinin (“Tebigy Kuwwat”) rəhbəri Berkeli Atayev müxtəlif təqdimatlarla çıxış ediblər.

Yekunda Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması”nın yaradılmasını qərara alıblar.