• 13 Noyabr 2024
logo
Ermənistanın Azərbaycana qarşı ekoloji terroru Ağalıda müzakirə olundu

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru Ağalıda müzakirə olundu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Ermənistanın ekoloji terroru” adlı layihənin icrası davam edir.

Baymedia.az xəbər verir ki, avqustun 12-də layihə çərçicəsində Zəngilan rayonunun Ağalı kəndində yerləşən orta məktəbdə “Oxçuçayda ekoloji fəlakət” adlı ictimai müzakirə keçirilib.

İctimai müzakirədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Zəngilan rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, ictimai fəallar, könüllü təibətsevərlər iştirak ediblər.

“Yaşıl Dünya” EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki, layihənin işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda-Zəngilanın Ağalı qəsəbəsində keçirilməsi xüsusi məna kəsb edir:

“İşğaldan azad olunmuş torpaqlara ayaq basanda insanda ikili hisslər yaranır. Yolboyu dağıdılmış yurd yerlərimizi, minalanmış əraziləri, yerlə bir edilmiş evləri, inzibati binaları, yandırılmış, məhv edilmiş meşələri görəndə insanın içini kədər, təəssüf hissi bürüyür.

Düşünürsən ki, gör, düşmən Azərbaycana, ətraf mühitə nə qədər ziyan vurub, bizi neçə il geri atıb. Bu ərazilərin minadan təmizlənməsi, bərpası, tikinti-quruculuq işləri nə qədər vaxtımızı alacaq.

Ancaq yolboyu basdırılan işıq dirəklərini, yeni salınan yüksək keyfiyyətli yolları, infrastuktur və yaşayış binalarını görəndə insanın içi fərəhlə dolur. Yeni salınmış Ağalı qəsəbəsi, tədbir keçirdiyimiz bu gözəl məktəb binası, rayonda tikilən binalar düşmənə gözdağı, dünyaya isə bir mesajdır: biz öz əzəli torpaqlarınızı düşməndən azad etmişik, qayıtmışıq, xaraba qoyduğunuz yurd yerlərimizi yenidən dirçəldəcəyik”.

Elman Cəfərli bildirib ki, Qarabağ münaqişəsi başlayandan keçən son 30 ildə Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirib:

“İşğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar edilib, nəticədə ekoloji tarazlıq pozulub. Son 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb.

Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb. Laçın rayonun Kamallı kəndi ərazisində 100 illik tarixə malik olan 30 hektara yaxın aqromeşə məhv edilib.

İndi orada cəmi 1-2 ağac qalıb. Ağdam rayonunun ümumi meşə sahəsi onun təxminən 4 min 743 hektar olmuşdusa, onun təxminən 26 faizi məhv edilib.

Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Orada kollar, meşələr, ot bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb.

Ümumilikdə işğal dönəmində Xankəndi üzrə 11.6 faiz, Xocavənd üzrə 17 faizdən çox, Kəlbəcər üzrə 23, Laçın üzrə 36, Şuşa üzrə 36 faiz, Tərtər üzrə 6, Zəngilan üzrə 46, Füzuli üzrə 2 faizə yaxın, Qubadlıda 50 faiz meşə ərazisi məhv edilib”.

Layihə rəhbəri deyib ki, ən acınacaqlı durum transsərhədə çayları ilə bağlıdır:

“Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Bunlar Ağstafa çayı, Həsənsu çayı, Bazarçayı, Oxçuçay, Arpaçay, Bəsitçay və digərləridir.

Bu çaylar Ermənistan ərazisində çirkləndirilib. Bu proses indi də davam edir. Çaylarımız bu gün də təhlükəli tullantılarla: qurğuşun, arsen, sink, molibdenlə çirkləndirilir. Ağır metallarla çirklənmiş çaylarla birbaşa təmas insanda müxtəlif sağalmaz xəstəliklərə yol açır”.

Layihə rəhbəri Oxçuçayın daha çox ekoloji çirklənməyə məruz qaldığını vurğulayıb:

“Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir.

2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür.

Çaylardan 158 su nümunəsi, 180 dib çöküntüsü nümunəsi götürülüb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Çay ağır metallarla çirkləndirir.

Ən narahatedicisi budur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir.

Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir”.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Ağalı kəndində yaradılmış şəraitinin ürəkaçan olduğunu bildirib:

“Qısa zaman işğaldan azad olunmuş torpaqlarda böyük tikinti-quruculuq, abadlıq işləri görülüb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tarix yazdı. Torpaqlarımız işğaldan azad etdik.

Bu gün azad Qarabağda, Şərqi Zəngəzurdayıq. Biz qayıtmışıq və tikib qururuq. Burada yaşayanlar fədakar insanlardır. Çünki düşmən qovulub, lakin “gizli düşmən” iş başındadır, mina təhlükəsi qalır.

Təxmini məlumatlara görə, ermənilər torpaqlarımıza 1.5 milyondan çox piyada və texnika əleyhinə mina basdırıb. Mina xəritəsi müxtəlif bəhanələrlə Azərbaycana verilmədi. Biz o minaları da təmizləyəcək, Qarabağı, Şərqi Zəngəzur ən təhlükəsiz, ən inkişaf etmiş bölgələrə çevirəcəyik.

Lakin indilikdə burada yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Düşmən onsuz da təbiətimizi yetərincə çirkləndirib. Biz iri şəhərlərdə buraxdığımız səhvləri Qarabağda, Şərqi Zəngəzurda təkrar etməməliyik. Bu gün valideynlərin, pedaqoqların üzərinə böyük məsuliyyət düşür.

Ekoloji şüurunun formalaşması erkən yaşlardan başlanır. Biz övladlarımıza erkən yaşlarından təbiətə sevgi, canlılara qayğı hissi formalaşdırmalıyıq”.

Ekoloq bildirib ki, Ermənistan transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib.

“Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb.

Ermənistan öz iqtisadi maraqlarını öndə tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb”, - deyə o, bildirib.

İ.Həsənova bildirib ki, Ermənistan transərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur və bunu beynəlxalq konvensiyaları pozaraq həyata keçirir.

“BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.

Bundan başqa Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ mədən sənayesi müəsisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur.

Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır.

Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır.

Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir
İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir.

Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”.

Çıxış edən Ağalı kənd sakinləri Gülşən Hüseynova, Vüqar Kərimli, Nurəddin Əliyev layihənin əhəmiyyətindən danışıb, Ermənistanın törətdiyi ekoloji cinayətlərin bölgədə böyük fəsadlar yaratdığını, Qarabağa Böyük Qayıdış prosesinə mane olduğunu diqqətə çatdırıblar.