• 27 İyul 2024
logo
Qüdrət Həsənquliyev: Müəyyən tikinti şirkətləri icazə almadan söküntü işləri aparır

Qüdrət Həsənquliyev: Müəyyən tikinti şirkətləri icazə almadan söküntü işləri aparır

“Səbinə xanıma insan hüquqlarının qorunması istiqamətində gördüyü işlərə görə, təşəkkür edirəm. Məruzədə xüsusi diqqətimi çəkən və insanları çox narahat edən bir məsələyə toxunmaq istəyirəm. Bu, həm də ölkəmizin iqtisadi inkişafı ilə bağlı olan məsələdir. Bu mülkiyyət toxunulmazlığı məsələsidir”.

Baymedia.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi məsələnin müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, “məruzənin 38-ci səhifəsində qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilıməməsi vətəndaşların haqlı narazılığına səbəb olmuşdur”. Azərbaycanda hamımız bilirik ki, müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar: “Heç bir dövlət orqanları da onları dayandırmaq gücündə deyil. Bununla baklı məhkəmə qərarı olmuş olsa da belə məhkəmə qərarları açıq şəkildə icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ – yəni heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bizdə bilirsiniz, arxayın tikinti şirkətləri var. Bilirlər ki, onları heç kim hüquqi məsuliyyətə cəlb edə bilməyəcək. Bunlar özləri qiymət müəyyənləşdirirlər və var-dövlət bu şirkətlərin rəhbərlərinin gözünü elə tutub ki, onlar artıq bir çox dəyərləri itirblər. Allahdan da qorxmurlar, amma başa düşmürlər ki, bir gün insanlara qan ağlatdıranlar Allahın qəzəbinə düçar olacaqlar və Allah onlara qan qusduracaq. Mən dünən axşam –E lçin Mirzəbəylini tanıyırsınız, mənim müavinimdir, siyasətçidir, uzun illər ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Onun da həm həyat yoldaşının, həm də baldızı qızının adına olan evi gəlib Nəsimi rayonunun ərazisində heç bir kompensasiya ödənilmədən mebelqarışıq söküblər. Mən sadəcə olaraq ombudsmana sual vermək istəyirəm. Bilirəm ki, ombudsmanın gücü çatan məsələ də deyil. Amma hər halda - siz burada qeyd eləmisiniz ki, insanları incidirlər, nə təklif edirsiniz, bu problemin həllini siz necə görürsünüz? Qanunlarımız mükəmməldirmi? Ümumiyyətlə Milli Məclisin bu məsələlərdə məsuliyyəti nə qədərdir və biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın? Mən sadəcə olaraq bu məsələ ilə bağlı ombudsmanın fikirlərini öyrənmək istəyirəm”. Millət vəkili əlavə edib ki, Azərbaycanda bir çox insanlar məcburiyyət qarşısında, iş tapmaq üçün ölkəni tərk edib, Rusiya və başqa ölkələrə üz tutublar: “Bu zaman şərait onları məcbur edib ki, yaşadıqları ölkənin vətəndaşlığını qəbul etsinlər. Amma bizim konstitusiyaya görə, Azərbaycan Respublikaslında doğulmuş şəxslər doğulduğu vaxtdan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ona görə də bu şəxslər hazırda qayıdıb gəlirlər, bəziləri yaşa dolub, bəziləri yenidən öz ölkəsinə qayıtmaq istəyir. Amma onlar pasport ala bilmirlər, bu şəxslərin vətəndaşlıq məsuliyyəti təsdiq olunmur. Biz, dövlət, hökumət, xalq olaraq - onlar da bizim də soydaşlarımızdır, bu ölkədə onların da eyni hüquqları var - onlardan üzr istəmək əvəzinə bu addımı atırıq. Onların qarşısında biz, bir növ gözükölgəliyik, onları işlə təmin edə bilməmişik. Onlar məcburiyyətdən ölkəni tərk edib gediblər. Buna baxmayaraq, onlardan üzr istəmək əvəzinə, onları bu hüquqlardan da məhrum etmişik. İstəyərdim ki, bu məsələyə də hörmətli ombudsman münasibətini bildirsin”.