• 24 May 2024
logo
Dəhliz açılmasa, müharibə olacaq – Babayan

Dəhliz açılmasa, müharibə olacaq – Babayan

Zəngəzur dəhlizi açılmasa, regionda yeni müharibə qaçılmaz olacaq.

Baymedia.az xəbər verir ki, bunu keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibədən qaçmağın və regional nəqliyyat kommunikasiyalarından kənarda qalmamağın iki yolu var:

“Ermənistan bundan sonra hansı yolla getmək istədiyinə qərar verməli və siyasətini bunun üzərində qurmalıdır. Birinci yol ondan ibarətdir ki, İrəvan bu yol üzərində Ermənistanın suverenliyini qorumaqla Azərbaycanı Naxçıvanla Meğri (Zəngəzur) vasitəsilə birləşdirən magistral yolu açmalıdır. Lakin bu halda İranla problemlər yaranacaq. Tehran hesab edir ki, yol açılsa, Azərbaycana təsir imkanları azalacaq. Axı bu gün Bakının İran vasitəsilə Naxçıvana çıxışı var. Növbəti addım isə İranı incitməmək və bu yolu verməkdən imtina etmək, lakin bu halda ordunu gücləndirmək, Tehran və Moskva ilə əməkdaşlığı dərinləşdirməkdir”.

Babayan hesab edir ki, müharibədən qaçmağın yolu müttəfiqlərin maraqlarını nəzərə almaqdır:

“Üçüncüsü yoxdur, üçüncüsü “Sülh qovşağı”dır (“Dünyaların kəsişməsi”) ki, bu da regional müharibəyə gətirib çıxaracaq, İran və Rusiya istəsələr də, istəməsələr də, orada iştirak edəcəklər”.