• 23 Aprel 2024
logo
Qüdrət Həsənquliyev: “Müharibənin dayandırılması Putindən asılıdır”

Qüdrət Həsənquliyev: “Müharibənin dayandırılması Putindən asılıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Baymedia.az həmin müsahibəni təqdim edir:
-Qüdrət bəy, Rusiyanın Ukraynaya hücumundan 2 il keçir, mövcud vəziyyəti necə xarakterizə edərdiniz?
-Təəssüf ki, ABŞ və müttəfiqləri müharibənin bitməsində maraqlı görünmür və her keçən gün sülhü bir az da çətinləşdirir. Hər iki tərəfdən ölən və yaralananların sayı birlikdə bir milyonu keçir. Müharibənin dayandırılması Putindən daha çox asılıdır. O güclü liderdi və qardaş qırğınına son qoymalıdır. Türkiyənin vasitəçiliyindən istifadə etmək lazımdır. Rusiya qoşunlarını Ukraynanın ərazisindən çıxarmalı, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməli, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalı, Rusiya Ukraynanın bərpasına kömək etməlidir. Rusiya ilə Ukrayna arasında dostluq və əməkdaşlıq barədə yeni saziş imzalanmalıdır.

-ABŞ niyə Ukraynanın tam qələbəsində maraqlı görünmür?

-Putin 2021-ci ildə Baydenlə İsveçrədə görüşəndən sonra müharibə hazırlığına başladı. Orda Ukraynanın gələcəyi ilə bağlı hansısa razılığın əldə olunması ehtimalı çox böyükdür. Sadəcə, müharibə başlayandan sonra ABŞ-ın və müttəfiqlərinin təkidinə baxmayaraq, Zelenski Kiyevdən qaçmadı və gözlənilənlərin əksinə Ukrayna xalqı və ordusu rus qoşunlarına güclü müqavimət göstərdi. ABŞ-ın Ukraynaya etdiyi yardım sivil dünyada öz sifətini qorumaq üçündür, Rusiyanı məğlub etmək üçün yox. Əvvəllər dəfələrlə söyləmişəm, ABŞ-ın 2-ci dünya savaşında SSRİ-yə etdiyi yardımla indi Ukraynaya etdiyi yardımı müqayisə edin. ABŞ-da cəmiyyəti ikiyə bölmüş, yenilənməyən siyasi sistem çox eybəcərləşib, ali dəyərlər, beynəlxalq öhdəliklər daxili siyasi mübarizəyə qurban verilib. Heç kim unutmamalıdır ki, 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunda da Bayden və demokratlar hakimiyyətdə idi. Onu da qeyd etmək lazımdır ki, Qərbin müəyyən dairələrində Rusiyanın uduzacağı təqdirdə nüvə silahı tətbiq edəcəyi qorxusu var. Qorxaqlar isə qalib gələ bilməz. Müharibədə sən rəqibindən daha cəsarətli və hər şeyə hazır olmağını nümayiş etdirməlisən. Rusiya, həm də təkcə onlar yox, hər kəs onların qorxduğunu görür. Hazırda nüvə silahı tətbiqi təhlükəsi realdır. Qərbdə bir qrup isə Ukraynanın müqavimət göstərdiyini görüb Rusiyanı daxildən dağıtmaq üçün müharibənin davam etməsini istəyirlər. Rusiyanı dağıtmağın qanlı yolu seçilib. Ona görə də müharibənin başlanmasının qarşısı alınmalı idi. Təəssüf ki, Qərb liderləri tərəfindən həmin ərəfədə bu istiqamətdə heç bir iradə nümayiş etdirilmədir.

-Ermənistanda revanşistlər bizə qarşı yeni müharibə başlada bilərmi?
-Ermənistanın silahlandırılması buna xidmət edir. Amma anlamırlar ki, Ermənistan ordusunun psixoloji baxımdan bərpası üçün on illər lazımdır. Həm də Azərbaycan yerində durmayıb. Türkiyədən müasir "Akınçı” PUA-ların alınması, Pakistandan JF-17 döyüş təyyarələrinin alınmasına dair sazişin imzalanması ordumuzun gücünü dəfələrlə artıracaq. Ermənistan işğala son qoymalı, işğal altında saxladığı ərazilərimizi azad etməli, öhdəliklərini yerinə yetirməli, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalıdır. Paşinyan anlamalıdır ki, heç bir müharibə, anti-Rusiya ritorikası, Qərbə, İrana pişiklənmək, Azərbaycanı qaralamaq kampaniyası onu öhdəliklərini yerinə yetirməkdən yayındıra bilməyəcək. Müharibə başladıb Qərbi regiona dəvət etmək çıxış yolu deyil və onları xilas etməyəcək.