• 19 Mart 2024
logo
“İran adlı ölkə yeni dövlət düzəninə möhtacdır”

“İran adlı ölkə yeni dövlət düzəninə möhtacdır”

“Daim süni münaqişələr və müharibələrin yaradılması, sonucda “paniranizm” ideyasının gücə çevrilməsi taktikası indi də təkrar olunur”
“Harada “Sepah” varsa, orada terror mövcuddur. Həmin şirkətlər Dağlıq Qarabağdakı “Sepah”a bağlı terrorçular yetişdirən hərbi düşərgələri idarə edirlər”
“Elçibəy düşüncə və ideyalarının daşıyıcısı olaraq bizlər belə hesab edirik ki, İran adlı ölkədə yaşayan türklər milli iradə əsasında yaranmış türk hərəkatları, orta və iri milli burjuaziya təbəqəsi, məmurlar ordusu fəaliyyətlərini koordinasiya etməlidirlər”

“Soyuq Savaş” bitdikdən sonra, diktatura və avtoritar rejimlər də bir-birinin ardınca çökməyə başlayıblar. İlk öncə Şərqi Avropa, bunun ardınca bir çox Afrika və Asiya ölkələrindəki diktator rejimləri çökdülər. XXI yüzilin standartlarına cavab verə bilməyən rejimlərin çöküşünü Dünya Blrliyi alqışlamaqda davam edir. İndi Səddam Hüseyn, Hüsnü Mübarək, Bəşər Əsəd, Müəmmər Qəddafi və dünyaya meydan oxuyan digər diktatorlar yoxdurlar. Orta Doğunu qəddar bir rejim var ki, 40 ildir davam edir. Bu, “İran İslam Respublikası” adlı ölkədir. 1925-ci ildən başlayaraq 94 ildir “paniranizm” və “panfarsizm” ideologiyası ilə idarə olunan bu ölkədə istər şahlıq, istərsə də mollakratiya rejimləri bu ənənəni müxtəlif vasitələrlə yaşatmağa çalışırlar. Proseslərin bundan sonra necə davam edəcəyi barədə “BAY Düşüncə Ocağı”nın başqanı Cahandar Bayoğlu ilə görüşdük.

– Cahandar bəy, Uluslararası Birlik Tehran molla rejiminə qarşı embarqolar tətbiq ediblər. Ölkə blokadaya alınıb. Bahaçılıq gün-gündən daha da artır. Belə bir durum nə vaxta kimi davam edəcək? Çünki, sosial-iqtisadi durum fəlakətli həddə çatıb. Faktiki olaraq bu gün 82 milyonluq ölkədə işsizlərin sayı 25 milyona yaxınlaşıb. Milli valyutanın dəyəri 76 dəfə ucuzlaşıb.
– Keçmiş Sovetlər Birliyi dağılandan sonra, dünyada digər imperiya siyasəti aparan ölkələr də belə bir aqibətlə üzləşdilər. İran adlı ölkə bu siyahıda ilk sırada yer alır. Çünki, Sovetlər Birliyi kommunist ideyasının yayılmasını necə ixrac siyasətini yürüdürdüsə, İran adlı ölkə bu taktika ilə düz 23 ölkəyə “İslam İnqilabı”nın ixracını tətbiq edir. Bu amacla 40 ildir din pərdəsinə bürünərək “paniranizm” və “panfarsizm”i eksport siyasətini aparır. Xarici ölkələrdə Tehran rejiminin təsiri altına düşümüş sosial zümrələr İran adlı ölkənin dünya birliyi üçün təhlükə mənbəyi olan narkotik maddələr, silah qaçaqmalçılığı və insan orqanlarının transplatasiyasının ticarəti ilə məşğuldur. Bütün bunları Tehrana bağlı terror təşkilatları həyata keçirirlər. “Hezbollah”, “Husilər”, “Ceyşullah”, “Həmas”, “Əl Fəth”, “Əsaib Əhl əl Həqq”, “Mehdi Ordusu”, “Fələstin Azadlıq Cəbhəsi”, “Kataib”, “Liva Əbdül Fədl əl Abbas”, “Bədr Ordusu”, “Dəva” Hərəkatı, “Əhrar ən Nəcran”, “Hərəkat Ən Nücbə”, “Əl Qüds”, “Fatimiyyun”, “Zeynəbiyyun”, “Fəvc əl İmam əl Huca”, “Əl Halibun: saraya əl Mükavəmə əl İslamiyyə fi Suriya”, “Təhrik Hifaze Fikx Cəfəriyə”, “Əl Hərəkə Əl İslamiyyə”, “Əl Hicaz”, “Sepahe Mühəmməde Pakistan”, “Amal”, “Hizb əd Dəəva”, “Əl Cihad əl İslami”, “Əl Məclis əl əlyə li əs səvrə əl İslami”, “Zeydi”, “Azərbaycan Müsəlman Birliyi Hərəkatı”, “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” və digər yarımhərbi strukturlar bu məqsədlə yaradılıb. Tehran molla rejimi Orta Doğu ölkələrində ortaçağda olduğu kimi süni şəkildə “Ələmut qalası” tipli idarə olunmaz bölgələr yaratmaqla həmin məkanlarda öz strateji hədəflərinə hesablanmış dərin siyasətlər yürüdür. Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal altında olan Dağlıq Qarabağ ərazində Tehran molla rejiminə məxsus 300-dən şirkət fəaliyyət göstərir. Bu barədə ölkəmizin Xarici İşlər nazirliyinin xüsusi bəyanatı var. Aradan neçə müddət keçməsinə baxmayaraq, Tehran rejiminin rəsmiləri bu faktı təkzib etməyiblər. Bu şirkətlər İran molla rejiminin əsas gücü “İslam İnqilabının Keşikçiləri Korpusu”na, yəni “Sepah”a tabedirlər. “Sepah”ın nəzarəti birbaşa terroizm siyasətinin içində olmaq deməkdir. Harada “Sepah” varsa, orada terror mövcuddur. Həmin şirkətlər Dağlıq Qarabağdakı “Sepah”a bağlı terrorçular yetişdirən hərbi düşərgələri idarə edirlər. “Ələmut şeyxləri” hərəkatı kimi. Bayaq qeyd etdiyimiz kimi, Tehran rejimi 23 ölkədə bu növ terror yuvaları mövcuddur. Suriyanın Hələb şəhərindən Türkiyə sınırındakı Qamışlı bölgəsinədək 40 minlik “Hezbollah” və 20 minlik “Erməni Silahlı Müqaviət Ordusu” tipli terrorçu qruplar bu məqsədlə yaradılıb. Amac, Suriya üzərindən Türkiyəni təhdid etməkdir. Bütün bunlar azmış kimi, PKK, PJAK, KDP və digər terror təşkilatlarına maliyyə və silah dəstəyini verir. Diqqətlə bu tablonu seyr etdikdə, Livan, Fələstin, İraq, Pakistan, Küveyt, Bəhreyn, Oman, Sudan, Yəmən, Səudiyyə Ərəbistanı, Tacikstan, Azərbaycan, İordaniya, Tunis, Əlcəzair, Misir və başqa dövlətlərdəki Tehran molla rejimi ilə birgə hərəkət edən çevrələrin əsil mahiyyəti üzə çıxır.
– Bir neçə il bundan öncə Tehran kinomatoqrafları keçmiş Sovetlər Birliyinin dağılması ilə bağlı çox maraqlı bir film çəkmişdilər. Orada açıq şəkildə qeyd olunurdu ki, Sovetlər Birliyi dünya kommunist hərəkatlarını illərlə maliyyələşdirmə siyasəti yürütdüyü üçün sonda dövlətin xəzinəsi boşaldı və beləliklə bu ölkə dağldı. Sizcə belə bir aqibət Tehran molla rejimini də gözləyirmi?
– Bayaq sadaladığım faktorlardır. İran molla rejimi adı çəkilən Orta Doğu dövlətlərində hər il milyardlarla dollar xərcləyir. Bir də iç dinamikləri nəzərə alsaq və bölgənin tarixini diqqətlə izləsək görərik ki, minillərdir İran adlı coğrafiyanı türklər idarə ediblər. Bu, həm də türk dövlətçiliyi düşüncə ənənəsinə bağlı idi. Türklərin hakimiyyətdə olduqları dönəmlərdə nə bölgə toplumları arasında, nə də çeşidli təriqətlər və məzhəblər arasında savaşlar yaşanılmayıb. Tarixdə nə zaman farslara məxsus siyasi və ya klerikal düşüncə baxımından hakimiyyətlər yaranıbsa, onlar dərhal bu fürsətdən yararlanaraq və ideoloji baxımdan digər xalqları assimliasiya siyasəti yürüdüblər. Sasanilər və əhəmənilər dönəmi, 1925-ci ildən sonrakı tarixin özü bunu təsdiq edir. 40 ildir “İslam İnqilabı”nın ixracı adı altında aparılan siyasət bu amaca xidmət edir. Din pərdəsi altında aparılan siyasətin anlamı “iranilik” kimliyi ideyasıdır. Fars olmayan toplumları assimliasiya etmək siyasətinin təzahürüdür. Daim süni münaqişələr və müharibələrin yaradılması, sonucda “paniranizm” ideyasının gücə çevrilməsi taktikası indi də təkrar olunur. “İranilik” kimliyi altında dış və iç faktorları uzlaşdırmağa çalışılır. Bizlər XXI yüzildə yaşayırıq. Hər yüzilin öz inkişaf dinamikasına görə standartları olur. Xalqlar və dövlətlər bu uyumun içində inkişaf edirlər. İfrat fars ideologiyası və “iranilik” kimlik düsturu bir ölkə üçün deyil, Orta Doğu dövlətlərini çağdaş gəlişmə standartlardan məhrum edən siyasət yürüdülür.
– Durumun belə bir həddə çatdığı dönəmdə Azərbaycanın güneyində soydaşlarımız nə etməlidirlər?
– İran adlı ölkədəki “farsçılıq” ideologiyası pərdəsinin şərtləri içində yaşayan toplumlar kimi türklər də yaxşı anlayırlar ki, rejim və 1925-ci ildən mövcud davam edən anlayışlar dəyişməlidir. Özəlliklə aydınlar, çeşidli çevrələri təmsil edən məmurlar və hətta milli burjuaziya arasında bunun çox ciddi etkisi yaranıbdır. Elçibəy düşüncə və ideyalarının daşıyıcısı olaraq bizlər belə hesab edirik ki, İran adlı ölkədə yaşayan türklər milli iradə əsasında yaranmış türk hərəkatları, orta və iri milli burjuaziya təbəqəsi, məmurlar ordusu fəaliyyətlərini koordinasiya etməlidirlər. Bu sosial güc çökməkdə olan “Tehran rejimi”ndə, yəni 82 milyonluq ölkədəki 46 milyonluq türkü dağıntılardan və gözlənilən acınacaqlı proselərdən xilas etməlidirlər. Bizim üçün sevindirici olan odur ki, bu yöndə gedən proseslər istədiyimiz şəkildə inkişaf edir.
– Hər ötən gün iflasa uğramaqda olan klerikal rejimdən sonra türk milli hərəkatı hansı addımları atmalıdır?
– Milli bütünlüyün şərtləri içində türk milləti xalqın iradəsini təmsilən yerli hakimiyyət strukturlarını təmin etməlidir. Buna nail olmalıdır. Belə olduğu halda ölkənin hazırkı vilayətlərində Azərbaycan, Qaşqay, Türkmən və Xorasan bölgələri ilə yanaşı, Tehran, Şiraz, Kəngər və digər bölgələrdə türklərin üstünlük təşkil etdiyi mənzərə ilə qarşılaşırıq. Türklərin çoxluqda olduğu əyalətlər mərkəzi hakimiyyətlə Tehran da daxil olmaqla bütün əyalətlər Təbriz mərkəzli hakimiyyətə meyillənəcəklər. Daha çox idarəçilik imkanlarını yaratmaqla Qaşqay, Xorasan və türkmənlərin geniş səlahiyyətlərə malik idarəçilik şərtlərini bir gerçəklik kimi qəbul etmək gərəkdir. Belə olduğu halda, Təbriz mərkəzli hakimiyyət yörəsəl maraqları təmin etmiş olar və uzun müddətli dayanıqlığını təmin edər. Yeni yaranmış Təbriz mərkəzli dövləti ADT (Azərbaycan Türk Dövləti) kimi adlandıra bilərik.
– Azərbaycan türkləri bu hüquqlara sahib olduğu təqdirdə, bəluc, lor, gilək, ərəb, kürd və farsların durumu necə olacaq?
– Təbriz mərkəzli Azərbaycan Türk Dövləti qurulduqdan sonra, digər xalqların ağırlıqlı bölgələrdə yeni dövlətlərin yaranmasını istisna etmirik. Ərəblər və kürdlər Azərbaycan bölgəsində ərazilərimizə qarşı çıxmazlarsa, onların milli-mədəni hüquqları tanınacaqdır. Beləliklə inkişaf etmiş dövlətlərdə olduğu kimi, bütün haqlar verilməlidir. Öz dövlətlərini quran bəluclar və farslar bölgədə yaranan demokratik dövlətlər blokunda iştirak edə və ya özgürcəsinə yaşamaq hüquqlarını təmin edə bilərlər. Hətta bəluclar təbii şərtlər daxilində Pakistana birləşmək hüququna malikdirlər.
– Bu prosesdə Azərbaycan Respublikası və Türkiyənin mövqeləri necə olmalıdır?
– Belə hesab edirik ki, Azərbaycan Türk Dövləti, Azərbaycan Respublikası və Türkiyə ortaq maraqlarımızın təmsilçisi kimi konfederal şəkildə bir arada olmalıdırlar. Bunu şərti olaraq Azərbaycan-Türkiyə Alyansı (ATA) kimi dəyərləndirə bilərik.
– Dağılmış İran adlı bölgənin aqibətini necə görürsünüz?
– Bağımsızlığını əldə edən Bəlucstan, Farsistan və ATA Konfederasiyası tədricən demokratikləşən İraq, Suriya, Əfqanıstan Pakistan, Gürcüstan bölgənin və dünyada gizli narkotika və silah ticarətinin, terrorizmin qarşısını almaqla bəşəri mənada inkişaf prosesinə güclü tövhə olmaqla Demokratik Dövlətlər Blokunu yarada bilərlər. Bu, Orta Doğuda Qafqaz, Anadolu və İran adlı bölgənin təhlükəsizlik konsepti deməkdir. Onu da xatırladım ki, Özərk Asiya dövlətləri və demokratikləşən Rusiyanın bu bloka daxil olmasını istisna etmirik.