• 27 İyul 2024
logo
Borel yenə ermənilərin “halına yandı”

Borel yenə ermənilərin “halına yandı”

Bu onun ikiüzlüyündən, mövqeysizliyindən, Avropanın erməni lobbisinə satıldığından xəbər verir

İşğalçı Ermənistanı qarşısında diz çökdürən Azərbaycanın qələbəsini həzm etməyən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel bu dəfə də ermənilərin halına yanıb. O, guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib.
Bu fikirlər isə onun bir daha ədalətsiz mövqeyindən, ikiüzlü və qərəzli olduğundan xəbər verir.
Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə deyib ki, Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir: "Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.
Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.
Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır.
Jozep Borelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.
Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq", - o bildirib.
Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev deyib ki, otuz illik işğal dövründə Azərbaycan dövlətinin və xalqının iradəsini sındırmağı bacarmayan Avropa İttifaqı kimi təşkilatlar indi ermənilərin halına acıylrlar: "Aİ Ermənistana mülki müşahidəçi" adı altında kəşfiyyatçı-desantvqruplatı göndərmək üzərində baş sındırıb. Borell Aİ Şurasının Brüsseldə keçirilmiş toplantısından sonra bəyan edib ki, onlar Ermənistana Avropa Sülh Fondundan yardım edilməsi ilə bağlı imkanları araşdıracaqlar. Ardınca isə reallıqdan uzaq, qeyri-obyektiv, qərəzli açıqlamasında Azərbaycana Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının qəbuledilməz olması ilə bağlı xəbərdarlıq edib. Hətta bunun Bakı üçün yaxşı nəticələnməyəcəyini deməyə də özündə cəsarət tapıb. Siyasi təhdid göz qabağındadır. Bu dəfə də sərsəm fikirlər söyləyib, guya ermənilər Qarabağdan zorla çıxarılıb. Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparıb, işğal altında qalan torpaqlarını azad edib. Borrel kimi siyasilər Bakının bu qələbəsinə yarasa gözü ilə baxırlar. 30 il haqqı tapdalanan, soyqırımlara məruz qalan yüz minlərlə azərbaycanlının taleyini düşünməyən Borel kimilər bu gün sakit, təhlükəsiz, amma Ermənistan, Qarabağın keçmiş separatçı rejim rəhbərliyinin hədə-qorxusu ilə Qarabağı tərk edən 5-6 min erməninin halına acıyır. Bu məsələdə də rəsmi Bakını günahkar saymağa cəhd edir. Bu onun ikiüzlülüyündən, mövqeysizliyindən, Avropanın erməni lobbisinə satıldığından xəbər verir".
F.Əliyev onu da qeyd edib ki, Fransa başqa olmaqla, Aİ-yə üzv bir çox ölkələrin irqi, dini, etnik ayrı-seçkilikdən əziyyət çəkdikləri bir yana, erməni separatizmini dəstəkləmələri, sadəcə, heyrət doğurur.
Əslində, Aİ-nin xarici siyasət qurumunun başçısının öz başlarına çarə qılmaq əvəzinə Cənubi Qafqazda separatizmi qızışdırmaq cəhdlərinin arxasında hansı ssenarinin gizləndiyi məlumdur. Ermənistanı silahlandırmağa girişən Fransanın bölgədə sönmüş müharibə ocağını yenidən alovlandırmaq planı da artıq gizli deyil. Okeanın o tayından Kanadanın ardınca ABŞ-ın da bu “beynəlmiləl missiyaya” qoşulmaq arzusu, Aİ-nin Sülh Fondunun Ermənistanda fəaliyyətə başlaması Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərinin aşkar təzahürləridir: "Avropa, ABŞ, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr Borel kimiləri dilləndirir. Borelin belə sərsəm fikirləri Avropa İttifaqının bölgədə sülhün, əmin-amanlığın olması cəhdinə də kölgə salmış olur. Məgər Borel bilmir ki, Qarabağda bir ovuc erməni yaşayıb, daha 150 min rəqəmi onun ağlına haradan gəlib. Görünür Ermənistan hakimiyyəti rəsmilərindən "təlimat" alıb. Axı o, ötən ayın sonlarında ATƏT-in XİN başçılarının toplantısı çərçivəsində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Mirzoyan yazıb ki, Borellə görüşdə Ermənistan və Aİ-nin tərəfdaşlıq gündəmi və qarşıdakı gözləntilər əhatəli şəkildə müzakirə olundu. Ortaq dəyərlərimiz və vətəndaşlarımızın mənafeyi əsasında Ermənistan və Aİ-ni yaxınlaşdırmaq üçün birlikdə çalışırıq. Regional layihələr, "Sülh qovşağı" öz rolunu oynamalıdır". Bu da onu göstərir ki, Borel kimi diplomatlar həqiqəti dərk etmək istəmirlər, Avropa həmişə işğalçıya qucaq açıb".
Onu da qeyd edək ki, Qərbi Azərbaycan İcması da Avropa İttifaqının ali nümayəndəsi Jozep Borelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edib.
İcmanın yaydığı bəyanatda qeyd olunub ki, J.Borel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib: "Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borelin bu rəqəmi haradan götürməsi suallar doğurur. J.Boreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etmişdir?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borel heç vaxt bu barədə danışmayacaq".
İcmanın bəyanatında vurğulanıb ki, J.Borel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər:
"J.Borel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməmişlər. 2023-cü il sentyabrın 21-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb.
“Münaqişə həll edilməmişdir” deyən J.Borrelə xatırladırıq ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll etmişdir və J.Borelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.
J.Borellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir ya əksinə?
J.Borelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır. J.Borel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki, mümkünsüzdür".

Cavid