• 7 İyul 2025
logo
“Bu hadisə İsrailin qüdrətli ordu və kəşfiyyata malik ölkə imicinə zərbə vurdu”

“Bu hadisə İsrailin qüdrətli ordu və kəşfiyyata malik ölkə imicinə zərbə vurdu”

Kənan Rövşənoğlu: “Bu hadisə göstərdi ki, əbədi olaraq müharibə şəraitində yaşamaq olmaz”

“HƏMAS-ı ənənəvi olaraq İran, Qətər və daha bir neçə ərəb ölkəsi dəstəkləyib. Əsasən "ixvan" xəttinə yaxın olan dövlətlər”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu deyib. O, bildirib ki, konkret olaraq bu hücumda hansı ölkənin birbaşa marağının olması ilə bağlı bir sıra versiyalar var: “Aydın məsələdir ki, bu hücum diqqətləri Yaxın Şərqə cəlb elədi, ABŞ-nin Hindistan və Avropa qitəsini birləşdirən yeni nəqliyyat layihəsini və Ərəb-İsrail barışıq prosesini zədələdi, ya da belə demək olarsa bir müddətlik ləngitdi. Yəni burdan baxsaq son hərbi eskalasiyada maraqlı olan çox dövlətlər var. Ancaq HƏMAS-la yanaşı konkret kimlərin olduğunu deyə bilmərəm. Çünki heç kim bunu etiraf etmir, hətta İran belə HƏMAS-a dəstəyini gizlətmir, amma konkret bu əməliyyatda iştirakini inkar edir”.
K. Rövşənoğlu əlavə edib ki, kəşfiyyatın bundan xəbər tutması indi çox müzakirə olunur: “İsraildə də geniş bir istintaq başladılıb, hətta bir neçə il davam edə bilər, deyilənə görə. Amma bu həm də o deməkdir ki, İsrail üçün də bu muəmmadır. Lakin bir çoxları sual edir ki, bu qədər güclü kəşfiyyat orqanları və mühafizə sistemi necə oldu ki, hücumdan vaxtında xəbər tutmadı? Bir versiya xəyanət amilidir, yəni içəridən kimsə buna şərait yaradıb. Amma bunu istintaq müəyyən edəcək. Onu da nəzərə almaq lazımdır ki, Həmas da 35 ildir İsrail kimi güclü bir ordu və kəşfiyyatı olan ölkə ilə üzbəüzdür, yəni onlar da düşmənlərinə qarşı müəyyən bacarıq ələ edə bilərlər, həm də insan amili olan yerdə səhvlər də mümkündür. Mükəmməl heç nə olmur.
İsrail üçün əsas təhdid toxunulmaz, məğlubedilməz imici zədələndi. Arxasında nə və ya kim olmasından asılı olmayaraq bu hadisə İsrailin qüdrətli ordu və kəşfiyyata malik ölkə imicinə zərbə vurdu. Bunun formalaşması illər tələb etmişdi. Həm də bu hadisə göstərdi ki, əbədi olaraq müharibə şəraitində yaşamaq olmaz, hər iki xalq və liderlər ortaq bir yol tapmalı, barişıq üçün çalışmalıdır. Bu muahribənin sonu yoxdur. Ərəb ölkələri əlbəttə sülh üçün çalışacaqlar. Çünki ərəb ölkələrinin nə İsraillə savaşmaq gücü yoxdur, nə də daxili ictimai rəyə zidd gedərək açıq şəkildə İsrəili dəstəkləyə bilirlər. Ona görə də sülh prosesini dəstəkləyəcəklər.
Güman eləmirəm, İsrail indiki mərhələdə Qəzzadakı HƏMAS və digər silahlı qrupları cəzalandırmağa çalışacaq. Suriyada isə onsuz da İsrail ordusu vaxtaşırı hava zərbələri həyata keçirir. Ciddi bir təhdid olmadığı halda indi Suriyaya hücum etməyin mənası yoxdur.
Suriyada onsuz da necə deyərlər, sərhədlər bəllidir. Suriyada hərbi gücü olan dövlətlərin bir razılaşması var, bunun əsasında fəaliyyət göstərirlər, yəni məsələn, Suriyanın şimalında həm İran, Rusiya qüvvələri var, həm də ABŞ, Türkiyə bazaları. İndi orda savaşmaq üçün bir səbəb yoxdur. Vaxtaşırı olaraq qarşıdurma olur, məsələn keçən həftə ABŞ ordusu NATO müttəfiqi Türkiyənin pilotsuz aparatını vurdu, amma hərbi əməliyyat zonasında belə şeylər olur. Böyük toqquşma isə inanmıram olsun”.