• 24 Fevral 2024
logo
Bakı darmadağın etdi, ancaq çətin dövr gəlir - Solonnikov

Bakı darmadağın etdi, ancaq çətin dövr gəlir - Solonnikov

Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük antiterror tədbirləri və Ermənistanın əvvəllər işğal etdiyi ərazilərin Bakının nəzarətinə qaytarılması ilə məsələnin yekun həlli - Azərbaycan üçün böyük uğurdur.

Baymedia.az xəbər verir ki, bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib.

“Təxminən 35 ilə yaxın Azərbaycan ərazilərində parazitlik edən erməni separatçı rejimi süquta və tam iflasa uğradı. Bütün bu illər ərzində torpaqlarını geri qaytarmağa hazırlaşan Azərbaycan özünün regional və dünya statusunu, hərbi qüdrətini artırdı və sözün əsl mənasında separatçıları darmadağın, yəni yerlə-yeksan etdi”, - o bildirib.

Solonnikov qeyd edib ki, Ermənistanın özündə müxtəlif klanlar və qüvvələr arasında qarşıdurma gedir:

“Sözsüz ki, Azərbaycanı yenidən çətin dövr gözləyir. Amma Bakı buna hazırdır. Əminəm ki, təxribatlar olacaq - həm Azərbaycana, həm də Rusiyaya qarşı. İrəvanda mərkəzi hökumətin bütün proseslərə tam nəzarət etdiyini söyləmək mümkün deyil. İndi məhz Ermənistana silahı yerə qoymuş separatçıların axını başlayıb. Vəziyyəti qızışdıracaqlarını heç kim istisna etmir. Bunu onlardan başqa kim edə bilər ki! Bundan başqa, bəzi separatçı liderlər Qarabağdan qaça biliblər. Deməli, terror aktları mümkündür. Hər halda, Azərbaycanın istənilən formatda bütün “hücumları” dəf etməməsi üçün səbəb görmürəm. İnanmıram ki, Qərb (bəlkə də ayrı-ayrı Qərb ölkələri) fəal şəkildə Azərbaycana mane olsun. Qərb ikili oyun oynayacaq. Ermənistandan istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa davam edəcək. Azərbaycana təzyiq edəcək. Bu, antirusiya oyunudur. Ermənistan özünün antirusiya meyillərini nümayiş etdirib. Qərbin Azərbaycana da antirusiya mövqeyi üçün təzyiq göstərəcəyi aydındır. Amma Azərbaycan milli maraqlarına sadiq qalacaq. Bakıya müttəfiq kimi Rusiya lazımdır”.