• 19 Mart 2024
logo
Cənubi Qafqazda nəqliyyatın açılması... – Baş nazir

Cənubi Qafqazda nəqliyyatın açılması... – Baş nazir

Azərbaycan Üçüncü MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək.
Baymedia.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
İclasdan əvvəl Ə.Əsədov və digər nümayəndə heyətlərinin başçıları “Sirius” Elm və İncəsənət Parkında “Avrasiya bizim evimizdir” adlı sərgi ilə tanış olublar.
Ə.Əsədov Şuranın məhdud tərkibli iclasında çıxış edərək, MDB-nin iştirakçı-dövlətlərinin hökumət başçılarına onların ölkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli çoxsaylı tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Azərbaycan MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.
Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolu vurğulanıb.
Bununla bağlı MDB Oyunlarına toxunan Ə.Əsədov bildirib ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı-ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.
Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, Formula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.
“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, - deyə Ə.Əsədov əlavə edib.
Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.
Baş nazir deyib ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb: “Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq”.
Mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı qeyd olunub.
“Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov bildirib.
Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.
MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçıları Şurasının diqqəti Azərbaycanda bu sahədə görülmüş işlərə yönəldilib.
“Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı şirkətləri ilə birgə artıq bir sıra iri layihələr icra olunur”, - deyə Ə.Əsədov əlavə edib.
Eyni zamanda Azərbaycanın “yaşıl” enerji gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduğu bildirilib.
İclas iştirakçıları regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirmək əzmindədir.
Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib.
İclasın yekunlarına əsasən, Birlik çərçivəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.