• 19 Mart 2024
logo
ABŞ Bakını dəstəklədi, biz uduzduq - Xaçikyan

ABŞ Bakını dəstəklədi, biz uduzduq - Xaçikyan

ABŞ Dövlət Departamentinin Azərbaycan lideri İlham Əliyevin aministiya ilə bağlı açıqlamasına reaksiyası onu göstərir ki, Amerika tərəfinin nöqteyi-nəzərindən Qarabağın öz müqəddəratını təyin etmək hüququ yoxdur və Qarabağ ermənilərinə heç bir təminat verilməyəcək.

Baymedia.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan deyib.

O əlavə edib ki, ABŞ-ın maraqları Azərbaycanda cəmləşib, müvafiq olaraq Bakı, Ankara və Təl-Əviv Vaşinqtonun müttəfiqləridir:

“Ekspert icması dəfələrlə xəbərdarlıq edib ki, Rusiyadan imtina etməklə özümüzü düşmən mühitdə tapacağıq və təəssüf ki, bu baş verib. Və bu gün ABŞ və Avropa bəyan edir ki, Azərbaycan onların etibarlı tərəfdaşıdır. Bu gün biz üçüncü, dördüncü kateqoriyalı dövlətin vətəndaşı kimi münasibət göstərilməyə layiqik.

Qoy onlar təəccüb etməsinlər ki, bütün dünya cəmiyyətin və dövlətin ağılsız davranışına gülür. Bizi tam məğlubiyyətə çatdırıblar, diplomatiyamız həm Rusiya, həm Qərbdə məğlubiyyətə uğrayıb, biz heç kimə lazım deyilik”.

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.