• 26 Aprel 2024
logo
İlham Əliyev Kəlbəcərdə... - Foto

İlham Əliyev Kəlbəcərdə... - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.

Baymedia.az xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.

***

Mayın 27-də Kəlbəcər rayonunun Yanşaq kəndinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Qeyd olunub ki, Yanşaq kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxıb.

Daha sonra Prezident İlham Əliyev Yanşaq kəndinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısına kəndin layihəsi barədə məlumat verilib.

Qeyd olundu ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Məlumat verildi ki, Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxıb.

Daha sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoyub.

***

Mayın 27-də Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılışında iştirak edib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” Kiçik Su Elektrik Stansiyası da “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılan 6,3 meqavat gücündə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib.

Bildirildi ki, “Qamışlı” stansiyası da daxil olmaqla indiyədək azad edilən ərazilərdə tikilmiş və tikilən su elektrik stansiyalarının hər birində çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılıb. Burada boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən “Qamışlı” stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuledicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora və faunanın qorunması da aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə xüsusi diqqətdə saxlanılıb.

Prezident İlham Əliyev “Qamışlı” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

İki hidroaqreqatdan ibarət “Qamışlı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.

“Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib.

Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.