• 15 İyul 2024
logo
Güney Milli Dövlətçilik Şurası Əliyevə müraciət etdi

Güney Milli Dövlətçilik Şurası Əliyevə müraciət etdi

Güney Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Baymedia.az redaksiyaya göndərilən müraciətin mətnini olduğu kimi verir:

”Möhtərəm Prezident, Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı!

Azərbaycan Respublikasının müstəqilliyini bərpa 30 ildə qət etdiyi böyük inkişaf yolu Azərbaycan dostlarının köksünü qabartdığı qədər, düşmənlərini də təşvişə salıb. Bu, şübhəsiz ki, Sizin qətiyyətli rəhbərliyinizdə aparılan ardıcıl və uzaqgörən siyasi kursun, çoxyönlü inkişaf strategiyasının böyük uğurudur.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyiniz yüksək dirəniş və böyük sərkərdəlik örnəyi güneyli-quzeyli hər bir azərbaycanlının qürur qaynağıdır.

Türk dünyasının inteqrasiya və vahid ümummilli amal uğrunda birləşməsi prosesində, Türk Dövlətləri Təşkilatının yaradılmasında üzərinizə götürdüyünüz tarixi məsuliyyət, eyni zamanda bu qutsal yolda, sadəcə Azərbaycan Respublikası vətəndaşlarının deyil, 50 milyonluq dünya azərbaycanlılarının lideri və təmsilçisi olaraq uğurla irəliləməniz Güney azərbaycanlıların Azərbaycan Dövlətinə və Şəxsinizə olan inam və etimadını daha da yüksəldib.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikasının öz sərhədləri daxilində suveren hüquqlarını tamamən bərpa etməsi, şərtlər nə olursa-olsun, müstəqil daxili və xarici siyasət kursundan geri addım atmaması, çağdaş, bəşəri dəyərlərin üstün tutulduğu, beynəlxalq hüquq normalarının əsas götürüldüyü bir xarici siyasət kursunun həyata keçirilməsi dünyanın mütərəqqi dövlətləri nəzərində dövlətimizin dəyərini artırıb.

Özəlliklə, dünya dövlətləri arasında heç bir etibarı olmayan İran terror dövlətinin həddini aşan təhdidlərinə qarşı prinsipial milli-siyasi mövqeyiniz mütərəqqi dünya ictimaiyyəti ilə yanaşı, Güney azərbaycanlıların da böyük təqdirini qazanıb.

Cənab Prezident!

Sizin yüksək tribunalardan səsləndirdiyiniz və Güney Azərbaycana verdiyiniz mənəvi dəstək dünya azərbaycanlıları tərəfindən milli, siyasi və tarixi yol xəritəsi olaraq qəbul edilir.

Biz Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq inanırıq ki, ümummilli dövlətçilik maraqlarımızın təminatı olan bu dəstək Güney Azərbaycanda milli dövlətçilik uğrunda aparılan milli-mədəni mübarizəni öz hədəfinə çatdıracaq.

Əmin ola bilərsiniz ki, müstəqil, güclü və böyük Azərbaycan yolunda 50 milyonluq Azərbaycanın dəstəyi daima yanınızdadır”.

Qeyd edək ki, müraciət Güney Azərbaycan Milli Dövlətçilik Şurasının 7 may 2023-cü ildə keçirilmiş təsis yığıncağında seçilən idarə heyəti üzvləri tərəfindən qəbul olunub.