• 16 İyul 2024
logo
Ceyhun Bayramov: Azərbaycan danışıqlar prosesinin və normallaşmanın tərəfdarıdır

Ceyhun Bayramov: Azərbaycan danışıqlar prosesinin və normallaşmanın tərəfdarıdır

Bu yaxınlarda keçiriləcək Brüssel danışıqları Ermənistan-Azərbaycan normallaşma prosesinin tərkib hissəsidir. Biz bu danışıqlara prosesin tərkib hissəsi kimi baxmalıyıq. Ümumilikdə biz prosesi müsbət qiymətləndiririk. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşmalar və fikirlər səslənir. Hesab edirik, bəlli bir fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi ümumilikdə müsbət haldır. Danışıqlar və onların nəticələrini gözləməyə yəqin ki, çox qalmayıb.
Baymedia.az xəbər verir ki, bunu mayın 10-da Fəxri xiyabanı ziyarət edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin sualına cavabında deyib.
ABŞ-da baş tutmuş görüşlərin əsas mənasının sülh müqaviləsi ətrafında aparılan danışıqlar olduğunu vurğulayan nazir bildirib: "Bilirsiniz ki, sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilmişdir. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirdi. 2022-ci ilin fevralında Azərbaycan beş baza prinsipini irəli sürdü. Nəhayət 2022-ci ilin oktyabrında ilk dəfə Cenevrədə sülh müqaviləsi danışıqlarına başlanıldı. Danışıqlar Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında aparıldı. Daha sonra noyabrda Vaşinqtonda görüşlər oldu. Danışıqlar zamanı dekabrda həmin şəhərdə üçüncü görüşün keçirilməsi planlaşdırıldı. Ancaq Ermənistan tərəfi müxtəlif səbəblər gətirərək üçüncü şəxsi görüşdən imtina etdi. Lakin ABŞ-ın vasitəçiliyi ilə bizim dəfələrlə çağırışlarımız nəticəsində Ermənistan danışıqlar masasına yenidən qayıtdı. Vaşinqtonda bəlli maddələr üzrə razılaşması əldə olundu. Belə demək mümkündürsə, biz bir addım irəli getdik. Hər zaman olduğu kimi, Azərbaycan yenə də prosesə sadiqliyini nümayiş etdirir”.