• 16 İyul 2024
logo
“Xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar”

“Xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar”

Qüdrət Həsənquliyev: “Ermənistan sülh danışıqları ilə başımızı qatıb bizi ciddi addımlar atmaqdan yayındırmağa çalışır”

Baymedia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir

- Qüdrət bəy, Vaşinqtonda Ermənistanla sülh danışıqları yenə heç bir nəticə vermədi. Azərbaycan nə vaxta qədər bu mənasız danışıqları davam etdirməlidir?

- Əvvəllər də demişəm, Xankəndi üzərində dövlət suverenliyini bərpa edəndən sonra biz ədalətli sülhə nail ola bilərik. Hazırda Qarabağdakı işğalçı rejim de-fakto “müstəqil dövlət” kimi fəaliyyət göstərir və onlar xoşluqla Azərbaycanın yurisdiksiyasına qayıtmayacaqlar. Ermənistan sülh danışıqları ilə başımızı qatıb bizi ciddi addımlar atmaqdan yayındırmağa çalışır. Onlar Türkiyədə Erdoğanın məğlub olub yerinə Qərbin yönləndirdiyi birisinin hakimiyyətə gəlməsini, Ukraynada Rusiyanın məğlub olub dağılmasını gözləyirlər. İnanırlar ki, Rusiyada və Türkiyədəki Qərbyönümlü hakimiyyətlər onların işğalçılıq siyasətinə Türkiyənin timsalında göz yumacaq, Rusiyanın timsalında isə birinci Qarabağ savaşında olduğu kimi açıq dəstək verəcəklər. Əminəm ki, hakimiyyət də bunu bilir və əlverişli imkan yaranan kimi Xankəndidəki işğalçı qoşunlar tərksilah ediləcək və Azərbaycan dövlət sərhədlərini tam bərpa etdiyi kimi, ərazi bütövlüyümüzü də tam bərpa edəcəkdir. Problemin sülh yolu ilə həlli üçün işğalçı dövlətə təzyiq edilməlidir, bu təzyiqi isə vasitəçilərdən heç kim etmir. İstisnasız olaraq bütün vasitəçilər bölgədə olmaq və Azərbaycana təzyiq imkanlarını saxlamaq üçün Xankəndindəki işğalçı-quldur rejimin qorunub saxlanılmasında maraqlıdır. Biz həm də islamafobiyanın və xristian həmrəyliyinin, onlarla bərabər irqçi panfarsizm riyakarlığının ağrı-acısını yaşamaqdayıq.

- Prezidentin Qarabağa son səfəri, yer üzündən silinmiş yaşayış məntəqələrinin yenidən qurulması işlərinə geniş miqyasda başlanılması barədə də fikrinizi bilmək istərdik.

- Görülən işlər barədə xarici işlər nazirliyi beynəlxalq ictimaiyyət üçün mütəmadi laraq məlumat yaymalı, erməni vəhşiliyi səbəbindən dağıdılmış şəhər və kəndlərimizin bərpası barədə gecə-gündüz danışılmalıdır. Erməni vandalizmi və qəddarlığı hər imkanda dünya birliyinin diqqətinə çatdırılmalıdır. Mən görülən işləri alqışlayıram, amma kəndlərin necə bərpa olunması və birləşdirilməsi məsələsi ictimai rəy sorğuları keçirilməklə həyata keçirilməlidir. Kəndlərin şəhər tipli qəsəblər formasında bərpası, kənd sakinlərinə 600 kv.m həyatyanı torpaq sahəsi ayırmaqla həyatyanı təsərrüfata sahib olmaq imkanlarından məhrum edilməsi birmənalı qarşılanmır. “Ərazi qurluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 7.2 -ci maddəsinə əsasən, Azərbaycanın bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Amma göründüyü kimi hökumət nəinki yerli əhalinin, hətta qanunverici orqanın belə fikrini öyrənməyə ehtiyac hiss etmir. Ən yaxşı iş də qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Qanunvericilikdə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 26-cı maddəsində yerli əhəmiyyətli məsələlərə dair ictimai rəy sorğularının keçirilməsi nəzərdə tutulur, təəssüf ki, müstəqillik illərində bir dəfə də olsun belə sorğu keçirilməyib. Bu yaxınlarda qeyd etmişdim, İsveçrədə hər il ölkə miqyasında müxtəlif məsələlərə dair 3-4 referendum keçirilir. Milli Məclisdə “İctimai iştirakçılıq haqqında” Qanuna dəyişiklik müzakirə olunur (əslində təsdiq olunur), amma 6-7 deputat çıxışa yazılsa da bir deputata belə çıxış imkanı yaradılmır. Təkid etsəm də, sədr başını aşağı salır, özünü görməməzliyə vurur və səsvermə keçirir. Bu halda qəbul olunan qanunun nə əhəmiyyəti olacaq?...

- Qüdrət bəy, məlum olduğu kimi Özbəkistanda referendum keçirilib və parlamentin səlahiyyətləri genişləndirilib. Bizdə də belə bir referendum keçirilə bilərmi?

- Mən, bizə qardaş olan türk rüspublikası Özbəkistanda belə bir referendumun keçirilməsi məmnunluqla qarşıladım. Yeni Konstitusiyanın mətnində Prezidentin səlahiyyət müddəti artırılsa da prezident institutundan başqa, hakimiyyətin digər qanadlarının da dövlət işlərində iştirakı, Konstitusiya ilə parlamentə deputat istintaq komissiyaları yaratmaq səlahiyyətinin verilməsi, parlament dinləmələri zamanı hansısa nazirə etimadsızlıq göstərilərsə Prezident tərəfindən onun istefaya göndərilməsi, Baş nazirin namizədliyinin digər siyasi partiyalarla müzakirə olunması, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində müsbət dəyişikliklər öz əksini tapıb. Müqayisə üçün deyim ki, bizdə Nazirlər Kabinetinə etimad məsələsi Konstitusiya Qanunu ilə tənzimlənir, amma bilinmir ki, Milli Məclis hökumətə etimadsızlıq göstərərsə, bu, hansı hüquqi nəticələrə səbəb olur. Biz BAXCP olaraq yeni Konstitusiyanın qəbul olunmasını, proporsional seçki sisteminin bərpa olunmasını, məhkəmə sistemində andlı iclasçılar istitutunun yaradılmasını və parlamentli respublika modelinə keçilməsi ideyasını müdafiə edirik.