• 20 Aprel 2025
logo
Prezident İlham Əliyevin Bolqarıstan səfəri: perspektivlər və yeni imkanlar

Prezident İlham Əliyevin Bolqarıstan səfəri: perspektivlər və yeni imkanlar

Tural İsmayılov: “Əldə edilən iqtisadi dividentlər davam edəcək”

Turan Rzayev : “Bolqarıstan Azərbaycan üçün etibarlı tərəfdaşdır”

Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində bir sıra mühüm anlaşmalar imzalanıb. Dövlət başçısı səfər çərçivəsində mühüm açıqlamalar verib. Ekspertlər səfəri “Xalq Cəbhəsi”nə şərh ediblər.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyev demək olar hər həftə dünyanın nüfuzlu ölkələrinə səfərlər edir. Onun sözlərinə görə,
bu səfərlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir: “Ölkəmizin iqtisadi imkanları Qərbin enerji təhlükəizliyinə danılmaz töhfələr bəxş edir. Cənab Prezidentin Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasından sonra çıxışlarında Azərbaycanın dünya enerji siyasətindəki yüksək mövqeləri haqqında açıqlamalarının xüsusi əhəmiyyəti var. Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür: "Bu illər ərzində ölkəmiz əldə edilən razılaşmaların yerinə yetirilməyinə tam əməl edibdir. Nəticədə ölkəmiz alternativ enerji məhsullarında da öz potensialı ilə böyük perspektivlər vəd edir. Həmçinin Azərbaycan ənənəvi enerji məhsullarından ziyadə perspektivi ilə də diqqət çəkir. Prezident Bolqarıstanda Azərbaycanın bərpaolunan enerji məsələləri ilə bağlı da gücünü göstərdi. Qeyd etdi ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Qərb hazırda Azərbaycanın “yaşıl enerji” potensialına xüsusi önəm verir". Ekspert bildirib ki, dünya siyasətinin vacib siyasi liderləri açıq formada İlham Əliyevə olan rəğbətlərini bildirirlər: "Dəfələrlə Avropa liderləri İlham Əliyevin siyasi xəttinə heyranlığını bəyan ediblər. Həm Bolqarıstanın prezidenti, həm Aİ komissarı, həm də digər iştirakçılar Azərbaycanın etibarlı enerji tərəfdaşı olduqlarını bildirdilər. Bununla yanaşı, bizim siyasi mövqelərimiz daha da möhkəmlənir. Qarabağ məsələsində əlavə investisiya imkanları da yüksəlir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında qızıl nöqtəni təmsil edir. Qərbin enerji böhranları baş verməyə davam edir, belə həssas dövrdə Azərbaycan Avropa üçün daha mühüm situasiyaya malikdir. SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması dünya əhəmiyyətli layihədir. Bu layihənin qlobal kontenstdə töhfələri də danılmazdır. Əldə edilən iqtisadi dividentlər davam edəcək və hər ölkəyə kömək edəcək. Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur. Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub. Bu layihələr isə Azərbaycanın Qərblə əlaqələrində vacib həlqəni formalaşdıracaq. İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Təsadüfi deyil ki, Həmrəylik həlqəsinin reallaşmasında ölkəmiz xüsusi həlledici rol oynayır. Həmrəylik həlqəsi ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra, prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsininenerji təminatına tövhə verəcək. Həmrəylik həlqəsinin icrası, Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan – Balkan ölkələri münasibətlərində də yeni səhifə açmaqdadır. Azərbaycan postpandemiya dövründə Orta Asiyadan Ərəb coğrafiyasına, Qərbdən Şərqə doğru ən vacib tərəfdaşdır".
Politoloq Turan Rzayev isə diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir: "Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005, 2015), iki dəfə isə işgüzar (2009, 2022) səfər edib. Sonuncu səfər ötən ilin 30 sentyabrında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə baş tutmuşdu.
Bolqarıstan Azərbaycan üçün etibarlı tərəfdaş, dost ölkədir. Bu dostluq iki ölkə prezidentləri səviyyəsində də hiss edilir. Təsadüfi deyil ki, 2022-ci ildə olduğu kimi, bu il də Prezidentin Bolqarıstana səfəri Rumen Radevin rəsmi dəvəti əsasında baş tutur.
Ümumiyyətlə, son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müşahidə olunan enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır.
Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum” da bunu bir daha sübut edir.
Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də, şübhəsiz, Bolqarıstandır. 2022-ci ildə rəsmi açılışı baş tutan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə iki ölkə münasibtələri yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bolqarıstana səfəri zamanı Sofiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışında iştirak edəcəklər.
Bundan başqa, Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Aİ-yə təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması üçün “Həmrəylik halqası” təşəbbüsü haqqında memorandum imzalanması da gözlənilir.
Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışının baş tutması həm də o baxımdan vacibdir ki, Azərbaycan Türkiyədən sonra Bolqarıstanla da Qara dənizdə aşkarlanan yeni neft və qaz yataqlarının birgə istismar edilməsində ortaq işlər icra edə bilər.
İki ölkə arasında siyasi münasibətlər müsbət tendesiya üzrə inkişaf edir. Rəsmi Bakı üçün Bolqarıstan eyni zamanda o baxımdan önəmlidir ki, Sofiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Xüsusilə Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımdan Bakı-Sofiya əməkdaşlığı vacibdir".

Əli