Azər Qasımov: “Avropanın bir çox ölkəsi Azərbaycan qazından asılı vəziyyətdədir”
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana baş tutan səfərini "Avropanı fəth etmək" yolunda mühüm addım adlandırmaq olar. Prezidentin Bolqarıstana beşinci dəfə baş tutan səfərini iki ölkə arasında mövcud olan münasibətlərin xarakteri baxımından strateji olduğu şübhə doğurmur. Azərbaycan-Bolqarıstan diplomatik münasibətləri 30 ildir mövcuddur və 2016-cı ildən strateji xarakter daşıyır. Bu münasibətlərin inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamaq yerinə düşər. Azərbaycan son dövrlər mövcud olan geosiyasi durumun kəskinləşməsi fonunda yaranmış yeni iqtisadi formasiyada Avropanın qaz və yaşıl enerji təminatında xüsusi rolu olan ölkəyə çevrilməyə başlayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz ölkə durumuna gəlib.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov Prezidentin Bolqarıstana səfəri ilə bağlı münasibətində deyib.
Politoloq qeyd edib ki, Rusiyadan qaz təminatında asılı olan Şərqi və Mərkəzi Avropa Ukrayna müharibəsi ilə çıxılmaz vəziyyətə düşüb. Yeni qaz təchizatçılarına ehtiyac yaranıb. Avropa ölkələri bu təchizatın əsas hissəsini təmin edə biləcək ölkənin Azərbaycan olduğuna əminliklə fikir birliyi ediblər. Avropanın Rusiyadan illik 43 milyard kub metr olan qaz asılılığının 24,5 milyard kub metrə qədər olan hissəsinin təminatını Azərbaycandan olması üçün Azərbaycana istəklərini çatdırıblar. Azərbaycan artıq bu istəyin 2021ci ilə kimi 8 milyard kub metrini həyata keçirirdisə, bu ilin sonuna kimi 12 milyard kub metr olacağı təminatını artıq Avropa ölkələrinə verib. Bunu Prezident İlham Əliyev Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması sonrası çıxışında qeyd edib. Prezident bununla yanaşı Azərbaycanın 200 qeqavatdan çox yaşıl enerji potensialı vardır ki, bunun da 157 qeqavatının Xəzər dənizinin Azərbaycan sektorunun payına düşür və Azərbaycan bu mənbəyin də Avropaya idxalı üzərində ciddi şəkildə iş aparır. İki ölkənin dövlət başçıları xüsusi ilə vurğuladılar ki, bu layihələrin başa çatması Azərbaycan və Bolqarıstan tərəflərin səmimiliyi, dinamikliyi ilə əlaqəlidir. Ölkələr tək enerji yox, bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Bunun nəticəsidir ki, Azərbaycan Bolqarıstanı, Bolqarıstan da Azərbaycanı dost ölkə, strateji tərəfdaş adlandıra bilər: “Avropa İttifaqı komissarı və digər iştirakçıların hər biri Azərbaycanın etibarlı və güvənilir tərəfdaş olduğu fikri üzərində qəti fikir birliyi bildirdilər. Hesab edirəm ki, Azərbaycan ona olan bu münasibəti Prezident İlham Əliyevin şəxsi imici və verdiyi sözlərin arxasında durması, həyata keçirməsi ilə qazanıb. Bunun tarixçəsi xüsusi əhəmiyyət kəsb edir. Fikrimcə, bu münasibətin kökündə vaxtı ilə Avropa Birliyinin "Nabukko" adlanan qaz kəmərinin çəkilməsi layihəsinin ətrafında davam edən və sonradan baş tutmayan hadisələr dayanır. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km olmalı idi. “Nabukko” Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulurdu. Layihəyə başlamaq üçün bir sıra addımlar atılsa da, layihə başlamamış qaldı. Avropa İttifaqı layihənin çəkilməsinə maliyyə vəsaitinin 50 faizini öz öhdəsinə götürsə də, sonradan qaz kəmərinin Avropa sərhədlərinə kimi təchiatçı tərəfindən çəkilməsi şərtini irəli sürmüşdü. Avropa sadəcə öz sərhəddindən qaz almalı və pulunu ödəməli idi”.
Bununla yanaşı Avropa Birliyi Azərbaycanın Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın idarəçiliyini də tenderdə qalib gəlməsinə baxmayaraq rəqabət qanunlarına uyğun olmaması bəhanəsi ilə qarşı çıxmışdı. Azərbaycan Prezidenti sonralar Bakıda bunu Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən səfirin üzünə söyləmiş və etirazını bildirmişdi: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, vaxtilə Azərbaycana qarşı isti münasibətdə olmayan, erməni təbliğatının təsiri altına düşən, hətta Azərbaycanı tarixi şəkildə potoloji olaraq sevməyən ölkələr belə artıq bu siyasətlərini dəyişib, bunun yanlış olduğunu başa düşürlər. Yunanıstan, Bolqarıstanın belə tarixi Türk sevməzliyi Azərbaycanın da təsiri ilə öz yerini dostluq və əməkdaşlıq platformasına verir. Ölkələr əməkdaşlığı qarşıdurmadan üstün tuturlar. Təbii ki, burda məcburiyyət amili də vardır. Hazırda bu ölkələr Azərbaycan qazından asılı vəziyyətdədirlər. Bəzisinin xoş siyasətlərini bununla əlaqələndirmək olar, amma hesab edirəm ki, bu fikirlər də getdikcə yerini daha səmimi niyyətlərə verəcək. Bu proseslərdən sonra Azərbaycan Türkiyə ilə öz maliyyələri hesabına Avropaya çəkilməsi planlaşdırılan bu layihəni yeni adı iləTANAP şəklində həyata keçirmişdilər. Bu layihədə BP-nin rolu da böyük olmuşdu. Bir sözlə, proseslərdəki xırdalıqları bir kənara qoyub, hesab etmək olar ki, Azərbaycan Prezidentinin qətiyyəti və işgüzarlığı sonradan ona olan inamı artırmış, onun hörmətini indiki səviyyəyə gətirmişdir. Odur ki, tədbirlərdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində töhfələr verməsinə görə Azərbaycan Prezidentinə təşəkkürlərini, ona olan xüsusi rəğbət və hörmətlərini bildirmişlər. Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan və Cənab Prezident haqqında: "Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edib və üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirib" dediyi xoş sözlər bu münasibətin bariz nümunəsidir. Avropa İttifaqı enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycanla bağlı: "Azərbaycan həm etibarlı tərəfdaş, həm də böyük qaz potensialına malik ölkədir" kimi fikirləri də öz növbəsində Azərbaycan və onun Prezidentinə verilən yüksək qiymətin nəticəsidir. Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmanın, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycanla bağlı fikirləri də eyni qəbildən olan xoş sözlər və bu ölkələrin Azərbaycana və onun Prezidentinə olan münasibətin ifadəsidir”.
A.Qasımov onu da bildirib ki, Azərbaycan artıq qaz təminatı baxımından Avropa İttifaqının doqquz üzvü, yəni üçdə biri ilə əməkdaşlıq edir, onların qaz təchizatını təmin edir və ya edəcək. Azərbaycan Avropa İttifaqı ölkələri ilə enerji sahəsində əməkdaşlıq sayını artırmaqla həm Avropanın geosiyasi dayanıqlığını, həm də iqtisadi təhlükəsizliyini təmin edir. Azərbaycan qazı Avropanın siyasətinə təsir edir. Avropanın demokratik dəyərlərinin Rusiya kimi avtoritar və təcavüzkar ölkə tərəfindən təhlükə altına düşməsinin qarşısını almaqda xüsusi rol oynayır. Avropa ölkələrinin Rusiyanın qaz asılılığından qurtulmasına öz əvəzedilməz töhfəsini verir: “Azərbaycan və Bolqarıstanın enerji daşıyıcıları sahəsindəki əməkdaşlığı digər qeyri-neft sektorlarında da əməkdaşlığını labüd edib. İki ölkənin Ələt iqtisadi zonasında əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak etdiyi kimi Avropanın da Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini müdafiə etməyində maraqlıdır. Proseslər bu istiqamətdə uğurla davam edir. Azərbaycan Avropanın ölkələri ilə tək-tək işləməklə onları öz haqlı mövqeyinə inandırır ki, Bolqarıstan da belə ölkələrdəndir. Qarşılıqlı əməkdaşlıq mühiti iqtisadi dividentlə yanaşı siyasi divident də gətirir. Ölkələr qarşılıqlı olaraq biri-birilərinin siyasi stabilliyində maraqlı olurlar. İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha onu göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Təsadüfi deyil ki, "Həmrəylik Halqasi"nin reallaşmasında ölkəmiz xüsusi həlledici rol oynayır. "Həmrəylik Halqasi" ilə əlaqəli atılan addımlar, TAP layihəsindən sonra prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihənin icrası ilə Azərbaycan 10dan artıq Avropa ölkəsinin enerji təminatında töhfə verəcək. Bu töhvədə də Azərbaycan prezidentinin Albaniyaya indiki və əvvəlki səfərləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan prezidentinin bir neçə aylarla fərqlə tez-tez Albaniyaya səfər etməsinin özü onu göstərir ki, Azərbaycan dövləti və onun prezidenti üçün öz öhdəsinə götürdüyü və söz verdiyi məsələlərin həll edilməsi və başa çatdırılması ilk növbədə şərəf məsələsidir. Bu, tək Prezidentin yox, eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq arenada imic məsələsidir. Azərbaycan Prezidentinin Azərbaycanın adı gedən məsələlərdə öz şəxsi məsuliyyətinin və qətiyyətinin göstəricisidir”.
Politoloqun fikrincə, "Həmrəylik halqası"nın icrası, Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətləri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan-Balkan ölkələri münasibətlərində də yeni səhifə açmaqdadır. Azərbaycan öz enerji ehtiyatlarını Avropada diversifikasiya etməklə özünün yumşaq gücünü formalaşdırmaq yolunda addımlar atır: “Bu güc eyni zamanda ölkələr arasında olan problemlərin də həlli üçün zəmin yaradır. Türkiyə-Yunanıstan, Türkiyə-Italiya, Kipr məsələsi, Aİ-Azərbaycan arasındakı münasibətlərə istilik gətirir, problemlərin həlli istiqamətində dialoq üçün konstruktiv mühit yaradır. Tərəflərin bir-birinə olan münasibətlərinə yumşalma gətirir. Azərbaycan dövləti və onun prezidenti bu siyasətin memarı kimi Avropada həm də buna görə rəğbətlə qarşılanır, hörmət edilir.
Azərbaycanın bundan sonra da bu siyasətini davam etdirməsi üçün yüz ilə yaxın enerji ehtiyatları olduğu məlumdur. Avropa yüz il Azərbaycan dövlətinin enerji təhlükəsizliyi çətiri altında rahat yaşamaq şansı əldə edib və əminik ki, bu, belə davam edəcək. Azərbaycanın etibarlı tərəfdaş ölkə imici buna şərait yaradır. Azərbaycan da öz rolunun əhəmiyyətini yaxşı başa düşür”.
Cavid