• 29 Yanvar 2023
logo
“Müharibə Putinin devrilməsi ilə bitəcək”

“Müharibə Putinin devrilməsi ilə bitəcək”

Azər Qasımov: “Yeni NATO silahlarının Ukraynaya verilməsi məcburi hal alır”

Rusiya-Ukrayna müharibəsi özünün ildönümünə yaxınlaşır. Müharibə davam etdikcə Avropa ölkələrini daha çox bu müharibənin nəticəsindən asılı vəziyyətə salır. Müharibənin əvvəlində Ukraynaya silah verməyi qəbul etməyən, sonra isə tədricən öz arsenallarında olan köhnə və nisbətən yeni silahları Ukraynaya verən Avropa ölkələri artıq müharibə davam etdikcə, həmin silahların bir qismi sıradan çıxdıqca görürlər ki, silah yardımı davam etməsə Rusiyanın qalib gəlmə ehtimalı artır. Bu baxımdan da silahlanmada olan köhnə silah ehtiyatı tükəndikcə, yeni NATO silahlarının Ukraynaya verilməsi məcburi hal alır.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Avropa ölkələri öz silahlarını Ukraynaya verdikcə daha təhlükəli vəziyyət yaranır. Belə ki, Rusiyanın Ukraynanı məğlub etməsi durumunda artıq onun yolu Avropaya açılır. Avropada ciddi silah çatışmazlıqları fonunda Rusiya nəzəri olaraq asanlıqla ən azı Şərqi Avropanı işğal edə biləcək duruma gəlir. Təbii ki, bu, elə də ciddi proqnoz ola bilməz, amma tərəflərdən birinin yüz minlərlə əsgər itki verməsini gözə alması durumunda ciddi proqnoza çevrilə bilər. İkinci Dünya müharibəsində olduğu kimi. Buna görə də Ukrayna daha müasir silahların ona veriləcəyindən əmin olmalıdır: “NATO Rusiyanın bu müharibədə qələbə çalmasını gözə ala bilməz. Rusiya milyonlarla itki hesabına qələbə çalmağa hazır görünür, amma Avropa və Qərb haqda bunu demək çətin məsələdir. Onlar bunu Ukraynanın itkiləri hesabına etmək istəyirlər. Almaniyanın Ramştayn hərbi bazasında NATO ölkələri və koalisiyaya daxil olan 50 ölkənin iştirakı ilə keçirilən Ramştayn-8 adlandırılan son görüş bəzi nüanslarla yadda qaldı. Ukraynaya bir çox zirehli texnika, “Patriot” hava hücumundan müdafiə sistemi, İngiltərə 12 ədəd “Çelenger” tankı və silah-sursatın verilməsi razılaşdırılsa da, əsas döyüş tankı olan Almaniya istehsalı "Leopard-2" tanklarının verilməsinə Almaniya razı olmayıb. Almaniya kansleri Olaf Şolts bunu müdafiə naziri Kristine Lambrextin üzərinə atıb. O da buna razı olmayıb və istefa verib. Onun yerinə isə Boris Pistorius təyin edilib, amma məsələ hələ açıq qalıb. Səbəb odur ki, Almaniya cəmiyyəti bu məsələdə qəti qərarlı deyil və buna razı olanlar kimi razı olmayanlar da vardır. Amma O.Şolts onu da deyib ki, hansıki bu, məsələnin mahiyyətini açır: "Alman tankları nə vaxt rus torpaqlarına yaxınlaşıbsa, rus tankları Almaniyada olub." Almaniya "Leopartd-2" tanklarının Ukraynaya verilməsini Amerikanın "M1 Abrams" tankları ilə eyni vaxtda verilməsi şərtini irəli sürdüyü iddia edilir. Görünən odur ki, Almaniya Rusiyadan çəkindiyi üçün Amerikanı da tank oyununa qoşmaqla özünü sığortalamaq istəyir. Amma Almaniyaya təzyiqlər getdikcə artır. Avropa ölkələrində olan 2 minə yaxın "Leopard-2" tankının mümkün müəyyən hissəsi gec-tez Ukraynaya veriləcək”.
A.Qasımov deyib ki, bunlar məsələnin texniki tərəfləri olsa da, əsas məsələ başqadır. Qərb istər Avropa, istərsə də dünyanın müxtəlif ölkələrində olan sovet istehsalı tank və texnikaları toplayıb Ukraynaya verdi. Bununla Rusiyanın hərbi potensialını öz verdiyi silahlarla da birlikdə yarı-yarıya məhv etdi, eyni zamanda, rus hərbi maşınının zəifliyini dünyaya göstərdi. Bununla da Rusiyanın hərbi texnika istehsalçısı və ixracatçısı kimi imicini yerlə bir etdi: “İndi təsəvvür edək ki, ilk olaraq alman tankları döyüş meydanına çıxır və onların da müəyyən hissəsinin məhv edilməsi eyni ilə Rusiya tanklarının işə yaramaz olduğu effektini yaradır. Dünya üzrə ən yaxşı tanklar qalır tək Amerikanın "M1 Abrams" tankı və Amerika bunun ixracatçısına çevrilir. Təbii ki, bütün Avropa və digər satılması mümkün ölkələrə. Amerika "M1 Abrams"ların Ukraynaya verilməməsinin səbəbini bu tankların həm ağır, həm də texniki baxışının mürəkkəb olması, yanacaq məsələsi və istismarının baha başa gəlməsi ilə izah edir. Hesab etmək olar ki, bunlar əsaslı amillərdir, amma, fikrimcə, məsələ başqadır. Amerika hegemon dövlət kimi razı ola bilməz ki, Rusiya üzərində qələbə Ukraynanın və ya Almaniyanın "Leopard-2" tanklarının adına yazılsın. Amerika ilk öncə "Leopard-2" tanklarını döyüş meydanına atıb, rus tanklarının axırına çıxmaq istəyir. O, yaxşı bilir ki, bununla iş bitməyəcək. Bu müddət ərzində Ukrayna əsgərlərinin və texniki xidmət işçilərinin təlimləri baş tutacaq. Son vuruşu etmək üçün "M1 Abrams" tanklarına ehtiyac olacaq. Bu zaman Amerika həmin tankları Ukraynaya verəcək və son qəti vuruşu "M1 Abrams" edəcək. Bu da Amerikanın qələbəsi hesab ediləcək. Ukrayna müharibəsinin tərəflər baxımından mahiyyətinin anlaşıldığı andan bu müharibənin nəticəsinin necə olacağını proqnoz etmək olar. Məsələ əslində işğalçı tərəf və ya işğala qarşı mübarizə məsələsi deyildir. Burda hər şey anlaşılandır. Əsas məsələ bu prosesin davam etdiyi ərazi və bu əraziyə uyğun tərəflərin yürütdüyü strategiyadır. Rusiyanın planı artıq məlumdur. Dörd vilayəti işğal edib, özünə qatdı və artıq irəli getməyə gücü olmadığı üçün də yerində duracağı aydınlaşır, yəni müdafiə mövqeyinə keçir. İndi 100 mindən, səfərbərlikdən sonra, bəlkə, 200 mindən çox əsgərlə bu əraziləri qoruyacaq. Ukrayna da qarşı tərəfə bundan çox əsgər yığıb. Ukraynanın əlində olan top və raket sistemlərinin atış radiusu daha uzundur və daha dəqiqdir. Rusiyada isə uzaqmənzilli yeni və köhnə nəsil və nisbətən dəqiq raketlər var. Fərq ondadır ki, Ukraynanın istifadə etdiyi mərmi və raketlərin məbləğı Rusiyanın istifadə etdiyindən dəfələrlə ucuzdur, amma daha effektlidir. Ukraynanın toplardan atdığı mərmini Rusiya gəmilərdən və qurudan raket şəklidə atır. Bunların miqdarı da məhdud saydadır, istehsalı da sanksiyalar sayəsində məhdud və ya yox səviyyəsindədir”.
Ukraynanın getdikcə daha da güclü sistemlərlə təchizatı artırılır. İndi, məhdud bir ərazidə, yüz minlərlə rus ordusu və onların məlum toplaşma yerlərinin dəqiq və güclü mərmi və raketlərlə vurulması durumunu təsəvvür etsək, hər belə atışda nə qədər rus əsgər və texnikasının məhv edilməsini təsəvvür etmək elə də çətin deyildir. Ukrayna ordusunun isə öz ərazisində manevr imkanları çox geniş olacaq. Rus silahının atəş radiusunda dayanmadan da döyüş aparacaq. Bir sözlə rus ordusu kütləvi məhv olacağı bir ərazidə nə qədər duruş gətirə biləcək, bu çox maraqlıdır. İnsan və silah itkisi Rusiyanın mənəvi çöküşünü, sanksiyalar isə maddi çöküşünü şərtləndirəcək: “Gələk nüvə məsələsinə. Rusiyanın işğal etdiyi ərazilərin qarşısında taktiki nüvə silahı işlətməklə bufer zona yaratmasından və bununla da müharibənin taleyini öz xeyrinə həll edəcəyini proqnoz edirlər. Tutaq ki, bu, baş verdi və ordular arasında nüvə radiasiyalı bufer zona əmələ gəldi, eyni zamanda, bu radiasiyalı ərazilərin rusların əlində olan ərazilərə təsir etməyəcəyini fikirləşmək də sadəlövhlükdür. Ukrayna ordusu bu ərazilərə daxil ola bilmədi. Onda Qərb Ukrayna ordusuna daha uzun mənzilli raketlər verəcək. Məsələn bu günə kimi atəş məsafəsi 70-80 km olan HlMARS-lar vermişdi, indi 300 km olanını verəcək və s. Belə şəraitdə hansı rusun və ya rusyönlünün bu ərazilərdə yaşayacağı sual doğuracaq. Buralar ölü və insansız ərazilərə çevriləcək. Bunlar məsələnin texniki tərəfləridir. Bir müddətdən sonra Rusiya bu ərazilərdən çəkilmək məcburiyyətində qalacaq. Amma bu çəkilmə sovet ordusunun Əfqanıstandan çəkilməsinə bənzəyəcək, sadəcə daha ciddi nəticələri ilə fərqlənəcək, çünki Rusiya vətəndaş müharibəsinə cəlb olunacaq. Oliqarxlarla sadə rusların müharibəsinə. Ən yaxşı halda müharibə Putinin devrilməsi ilə bitəcək”.
Cavid