• 26 Oktyabr 2020
logo
Qələbən mübarək, SADİQ QURBANOV

Qələbən mübarək, SADİQ QURBANOV

Uğurlu kampaniyanın layiqli nəticəsi

Heç kim bilmirdi, nə təmsil olduğu YAP rəhbərliyi, nə yaxınları, nə də seçiciləri. Bircə özü bilirdi ki, bu yükü daşımaq gücünə malikdir. Özünə inanırdı, güvənirdi, axı həmişə çətinliklə də olsa qarşısına qoyduğu hər məqsədə çatmışdı… Asanlıqla olmasa da…

Heç kim onu məcbur etmədi, sadəcə hakim partiyanın təklifi və özünün razılığı ilə deputatlığa namizədliyi irəli sürüldü. YAP ona etimad göstərdi, o, da bu etimadı doğrultdu. Əslində o bu etimadı, etibarı YAP hələ yaranmamışdan öncə qazanmışdı – YAP-ın qurucusu ümummilli liderimiz H.Əliyev tərəfindən. Mübarizliyi, mərdliyi ilə. .

…Çoxu bilmir ki, o, hələ 90-cı illərin əvvəllərində – BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. Parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarından olub. 90-cı illərdə…ölkənin qarışıq olan bir vaxtda, qətillərin artdığı, özbaşnalığın, qarşıdurmanın gücləndiyi bir zamanda. H.Əliyev varlığından qorxuya düşən, əndişələnən, onun yolunu kəsmək istəyən güclü və arxalı qüvvələrin meydan suladığı bir zamanda o, tələbəykən qorxmadan rejimə qarşı çıxdı. Adını tarixə yazdıra bildi, azı kimi…

Mübarizliyi bu gün onu Bakıdan çox da uzaq olmayan bir yerə gətirib çıxardı – Şabrana, Siyəzənə…

Söhbət Sadiq Qurbanovdan gedir - 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən bir şəxsdən.

Namizəd olarkən arxasında heç bir qüvvə dayanmadı, biznesi yoxuydu ki, təbliğatının aparmaq üçün əlində media saxlasın, görüntü yaratmaq üçün ətrafına qoruyucular toplasın, qara rəngli bahalı avmobillərin müşayəti ilə görüşlərə getsin, özü ilə əli dəftərli 3-4 yazar aparsın, ölkənin tanınmış internet resurslarında reklamlarını yerləşdirsin…

Namizədlərə təbliğat, təşviqat üçün ayrılan 21 gün müddətində böyük çətinliklərlə üzləşdi Sadiq Qurbanov. Mənə elə gəlir ki, bu dəfə də S.Qurbanov imtahana çəkildi – namizədliyi ona tanış olmayan Siyəzən və Şabrandan irəli sürülməklə. Hər şey ona yad idi – rayonlar, yollar, kəndlər, insanlar, dağ, dərə, yamaclar... Üstəlik 15-dən çox yerli namizəd... Hələ seçicilərin qəzəbi, kin, kudurəti, narazılığını demirəm...

Sadaladığın sonuncu məqama haqq qazandırmaq olar. Axı seçicilər 20 il yerli olan keçmiş deputatın üzünü ancaq beş ildən bir, seçkidən-seçkiyə görürdü. Deputat sözü, vədi, deputatın özü belə onlara yad idi. Sözsüz, hər iki rayon camaatı qonaqpərvərdi, qonağa gözləri üstə yer var. Amma deputatlığa namizəd məsələsinə gəlincə, əvvəlki deputatın ancaq adını eşidib, üzünü görmədiklərindən yenisini ümumiyyətlə, qəbul etmək istəməyəcəkləri şübhəsi yaranmışdı.

Ona görə də, S.Qurbanovu, özü də onlardan olmayan birini namizəd kimi necə qəbul edəcəklərini təsəvvür etmək çətin idi. Yenə boğazdan yuxarı vədlər, yalanlar... Çoxu yox, elə hamı elə düşünürdü ki, yeni gələn namizəd də “yerli”lərindən geri qalmayacaq...

Ancaq Sadiq Qurbanov digər namizədlərdən fərli olaraq başqa bir təbliğat taktikası seçdi. İmzatoplama kampaniyasını bəzi namizədlər kimi lentə aldırıb sosial şəbəkələrdə ictimailəşdirmədi. Nənə əlini öpmədi, qucağına körpə almadı... Rola girmədi, özünü oynadı. Əvvəlcədən hazırlanan ssenari üzrə kampaniyasını həyata keçirmədi. Nəticədə 20 il deputat seçildiyi rayondan yenidən namizədliyini verənlərin çoxu kimi etirazla, söyüşlə qarşılanmadı. Bəziləri kimi tədbirdən qovulmaq təhlükəsi ilə üzləşmədi...

Əksinə, Siyəzən və Şabran seçiciləri S.Qurbanovu hörmətlə, sevgi ilə qarşıladılar. YAP-ın namizədi hər bir seçicidə özünə qarşı sevgi oyada bildi. Sadiq Qurbanov görüşlərində özünü ziyalı, müəllim kimi apardı, seçisindən yuxarıda dayanmadı, düşüb onun yanında durdu. Onunla ensklopedik dildə yox, öz dili ilə danışdı. Papadan artıq katolik iddiası ilə çıxış etmədi, onalara deputat olacağı təqdirdə “dağı dağ üstə qoyacaq”, həlli özündən asılı olmayan vədlər vermədi, olanı dedi, reallıqdan çıxış etdi, özünü seçiciyə olduğu kimi təqdim etdi. Seçicilərin YAP-ın namizədindən razı qaldıqlarının, ona böyük rəğbət qazandıran bir səbəbi də onun toxunduğu bütün məqamlarla bağlı həqiqəti söyləməsi sadəliyi və səmimiyyəti oldu.

...“Gördün, necə təbliğat apardı”, “Halal olsun ona, gəldi oturdu Şabranda, əvvəldən sonadək təbliğatını qurdu”, “Sən onu yaxşı tanımırsan, çox ağıllıdır, onda auditoriyanı ələ almaq istedadı var”, “Sən dediyin adamı Şabranda çox tərifləyirlər, biz də ona səs verəcəyik”, “Bakıdan Sadiq adında bir müəllim gəlib, camaat deyir ki, deputat o olacaq”, “Rayonlarda güclü təbliğat qurub, kənd-kənd gəzir, hamı ondan danışır”, “İnanmırdıq, amma ona qarşı mənfi düşüncələrimizi alt-üst etdi”, “Onun kimi burada təbliğat aparan yoxdur”, “Özünü bizə sevdirdi, ona səs verəcəyik”...

Bu fikirlər hər iki rayonun seçicilərinə - müəllim, tibb işçisi, məktəb direktoru, neftçi, hüquqşünas, idmançı, gənc, təqaüdçü, dövlət qulluqçusuna məxsusdur. Redaktə etmədən, olduğu kimi verdim. 21 gündə Sadiq Qurbanovla bağlı onlarla belə fikirlər eşitdim...

S.Qurbanov 21 gün ərzində özü ilə yanaşı YAP-ı yenidən əhaliyə tanıtdı. Hər görüşündə çıxışını YAP-ın qurucusu ümummilli liderimiz adı ilə başladı, Azərbaycanımızın gələcəyi, dövlət və dövlətçiliyimizin qorunmasıyla bağlı ideyalarından, bu ideyaları layiqincə yerinə yetirən, prezidentimizin fəaliyyətindən, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqlarımdan bəhs etdi. Azərbaycanın iqtisadi, sosial inkişafından, dünyada mövqeyindən güclənməsindən danışdı.

Şabran və Siyəzən seçiciləri etibar edib ona, YAP-a səs verdilər. YAP S.Qurbanovla bağlı seçimində yanılmadı. Əksinə, qazandı. S.Qurbanov təmsil olunduğu partiyanın nüfuzuna, adına uyğun şəffar, layiqli, səhvsiz bir seçki kampaniyası apardı.

Bu müddət ərzində həmişəlik şabranlıların və siyəzənlilərin etibarlı dostuna çevrildi. Və əhali fevralın 9-da etibarlı dostuna səs verərərk, özlərinə millət vəkili seçdi. Hər iki rayonun seçicilərinin bu gündən S.Qurbanovun timsalında əsl deputatın necə olacağını görə biləcəklərinə şübhəmiz yoxdur. Əhali 20 ildən sonra deputat üzü görə, deputat sözü eşidə biləcəklər....

Ağır və məsuliyyətli işdə Sadiq Qurbanova uğurlar arzulayırıq. S.Qurbanovun ona səs verənlərin etimadını doğruldacağına isə heç şübhəmiz yoxdur. O, daha Siyəzən və Şabran, siyəzənlilər və şabranlılar üçün ”yad” deyil, onlardan biridir.

P.S Yazının bitirmək üzrəydim ki, Sadiq Qurbanov mənə telefon açdı. Onunla bu ikinci telefon danışımız idi. Bir seçki kampaniyasının əvvəlində, bir də “Sükut günü”ndə. Çox məsələləri müzakirə etdik... S.Qurbanov hər iki rayonun əhalisinin qonaqpərvərliyindən, ona göstərdikləri xoş və səmimi münasibətdən razılığını bildirdi. İlk görüşdən onlardan müsbət enerji, güc, ruh aldığını dedi. Deputat seçiləcəyi təqdirdə, sözünün üstündə durub daim onların yanında olacağını bir daha vurğuladı.

P.P.S Biz qabaqlayaraq S.Qurbanovu elə həmin gün - “Sükut günü”ndə təbrik etdik.

Cavid