• 27 Yanvar 2023
logo
“Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik”

“Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik”

Qüdrət Həsənquliyev: “Çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə daha da liberallaşsın”

“Hörmətli sədr, ilk növbədə sizi Türkmənistanda təltif olunmağınız münasibətilə təbrik edirəm və daha böyük uğurlar arzulayıram. Mən, yalnız “Telekommunikasiya haqqında” qanunun 13-cü maddəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm”.
Baymedia.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
“Əvəllər lisenziyalar müddətsiz verilirdi, indi 10 il müddətinə verilir”,- deyən millət vəkili “mən istəyirəm bununla əlaqədar vacib bir məsələni həmkarlarımın diqqətinə çatdırım”,- deyə əlavə edib: “Ondan öncə də hörmətli həmkarım Musa Qasımlının bütün narahatlıqlarını bölüşürəm. Biz son zamanlar müşahidə edirik ki, qanunvericilik təşəbbüsü subyektindən - hazırda da bu işi əsasən Prezident Administrasiyası görür - gələn qanunların çoxunda əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar daxil olur. Hər kəs kiçik araşdırma aparsa görər ki, məsələn, cəzaları sərtləşdiririk, bəzən əsaslandırmadan sərtləşdiririk. Sual olunur, bu sahədə cinayətlərin sayında artım varmı? Yəni bu hal nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verilir ki, özü öz xidmətlərinə görə, vətəndaşlardan rüsum tələb eləsin. İndi də bu növbəti məhdudiyyətdir. Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik. Bu tendensiya görünən, hiss olunandır. Əgər insan bir istiqamətə meylləndisə, deməli o istiqamətdə işlər davam edəcək. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə daha da liberallaşsın. Məsələn, konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyirlər. Amma məsələn, bir millət vəkili məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, niyə qərar qəbul eləmirsən, əgər iddiaçı haqsızdırsa, o zaman qərar qəbul elə, amma qərar qəbul eləmir, illərlə, aylarla təxirə salır. Yəni insanı süründürür. Müraciət edəndə isə keçir şantaja, bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Hakimiyyətin bir qanadıdır. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına deyəndə deyirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma bizim onlar tərəfindən gələn qanunlara ciddi müqavimətimizi görmürəm. Yəni onlar pis-yaxşı öz vəzifəsini yerinə yetirir, yeri gələndə hakimiyyətin qanadının mövqeyini “qoruyurlar”. Amma gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik. Baxın, indi burada qeyd olunub ki, lisenziya“10 il müddətinə artırılır”. Soruşmaq lazımdır ki, niyə 10 il müddətinə artırılır? Lisenziya verilib. Lisenziyanın ləğvinin əsasları var. Əgər həqiqətən də o əsaslar varsa ki, sui-istifadə yol verir, yaxud layiqincə yerinə yetirmir və s. Kimsə deyəcək ki, hansısa beynəlxalq təcrübə var, hansısa ölkədə bu var. Belə məhdudlaşdırıcı normanın hansısa ölkədə olduğunu axtarırıq, tapırıq... Başqa ölkələrdə o qədər mütərəqqi normalar var ki, niyə onları axtarıb tapmırıq, niyə onları görmürük, amma tutaq ki, məhdudlaşdırıcı norma tətbiq edəndə axtarırıq ki, filan ölkədə hansısa təcrübə var. Lisenziya verilib, fəaliyyət göstərir, 10 ildən sonra bu məsələyə yendiın baxmaq nəyə lazımdır? Ona görə də mən bu kiçik dəyişikliyə - 10 il müddətinə etiraz edirəm. Qalan digər məsələlərlə bağlı öz müsbət müsbət münasibətimi bildirirəm. Həmkarlarımı da çağırıram, siz də Yeni Azərbaycan Partiyasının üzvlərisiniz, icra hamkimiyyətində də, hakimiyyətin başqa qanadlarında da Yeni Azərbaycan Partiyasının üzvləri var. Onlar deyir bizi Prezident təyin edib, Yeni Azərbaycan Partiyasının üzvləri də Prezidentin dəstəyi ilə millət vəkili seçiliblər. Prezidentə ən böyük kömək olar ki, onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər, lazım gələndə “yox” deməyi, etiraz etməyi bacarsınlar”.
Əli