• 21 Fevral 2024
logo
Xankəndində antiterror əməliyyatı keçiriləcək - Qüdrət Həsənquliyev

Xankəndində antiterror əməliyyatı keçiriləcək - Qüdrət Həsənquliyev

Baymedia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsini təqdim edir:Onunla müsahibəni təqdim edirik:

- Rusiya-Ukrayna müharibəsində situasiya yenidən dəyişdi, xüsusilə Krım körpüsünün partladılmasından sonra. Müharibənin inkişafını necə görürsünüz?

- Hələlik görünən odur ki,Qərb Rusiyanın dağılmasına, yaxud nüvə silahı tətbiq edəcəyinə yol aça biləcək səviyyədə onun məğlubiyyətindən qorxur. Məhz buna görə də Ukraynaya hücum silahları, döyüş təyyarələri, müasir tanklar, uzaq mənzilli raketlər, dronlar vermir. Amma Rusiyanın da tam qələbəsini istəmir. Düşünürəm sonda Ukraynanı Rusiyanı sakitləşdirmək üçün müəyyən güzəştlərə məcbur edəcəklər. Onu da nəzərə almalıyıq ki, Qərb insanı Ukraynaya rəğbət bəsləsə də ona görə həyat şərtlərinin ağırlaşmasını istəmir.

- Rusiya cavab olaraq Kiyevə və digər ərazilərə raket zərbələri endirdi. Lakin əksəriyyət hesab edir ki, Putin taktiki nüvə bombasından istifadə edəcək. Siz necə düşünürsünüz, bu ssenari mümkün görünür?

- Putin Qərb liderlərinin gözünün odunu alıb. Bəzilərini də pulla, kompromat məlumatlarla öz əlaltısına çevirib. Rusiya döyüş meydanında məğlub olsa, taktiki nüvə silahından istifadə edə bilər. Bu ehtimal həm də ona görə yüksəkdir ki, Qərb liderləri qorxularından bu halda nə edəcəkləri barədə açıq danışa bilmirlər. Necə ki, Rusiya müharibə edəcəyi halda nə edəcəkləri barədə danışa bilmədikləri kimi.

- Ukrayna müharibəsi başladıqdan sonra beynəlxalq ekspertlər də mütəmadi olaraq köhnə nizamın dağılmasından, yeni dünya nizamının qurulmasından danışır. Yeni dünya nizamı, yaxud belə demək mümkünsə, yeni beynəlxalq müasibətlər sistemini necə görürsünüz? Ukrayna müharibəsinin nəticəsi buna nə qədər təsir edəcək?

- Hazırda BMT heç nəyə yaramayan mənasız bir quruma çevrilib. BMT TŞ-nin üzvülərinin sayı artırılmalı, veto hüququ aradan qaldırılmalı və qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Qərarların dərhal icrası üçün mexanizmlər işlənib hazırlanmalıdır. Amma indiki daimi üzvülərin bu islahatlara gedəcəyini düşünmürəm. Nüvə silahı onları toxunulmaz edib. Ukrayna müharibəsi 3-cü dünya müharibəsinə səbəb olarsa, onun nəticələrinə uyğun olaraq nələrsə dəyişə bilər.

- Baş verənlər - Ukrayna cəbhəsindəki vəziyətdən tutmuş, ümumilikdə Qərb-Rusiya qarşıdurmasının bizim bölgəmizə təsirləri necədir?

- Ukrayna savaşından bizim insanlar çox əziyyət çəkir. Həm Ukraynada, həm də Rusiyada yüz minlərlə, milyonlarla soydaşımız yaşayır. Onlar həm də Azərbaycana ailələrinə pul göndərirdilər. İndi hər iki ölkədə iqtisadi vəziyyət ağırdır, həmin ölkələrin vətəndaşları olan soydaşlarımız müharibəyə göndərilir. Onlar həyatlarını itirirlər, yaralanırlar. Müharibə fəlakətdir. Hesab edirəm indiki şəraitdə Azərbaycan erməni separatizmi məsələsini birdəfəlik həll etməlidir.

- Belə görünür ki, Rusiyanın Ukrayna cəbhəsinə diqqəti Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarını artırıb, Ermənistanın siyasi orientasiyasında dəyişikliklərin olduğunu göstərən manevrləri də bu ehtimalı ön plana çıxarır. Necə hesab edirsiniz, Qərb-Rusiya qarşıdurması Ukrayna cəbhəsindən sonra Cənubi Qafqaza da sıçraya bilərmi?

- Qərb ölkələrinin Ukraynadan fərqli olaraq Ermənistanla birbaşa sərhəddi yoxdur. Qərbin bizim münaqişəyə birbaşa təsir imkanları çox azdır. Əksi olsaydı Fransa bizə çoxdan müharibə elan etmişdi. Paşinyan sorosçudu, orduya tam nəzarət edə bilmir, həm də qorxaqdır. Ona görə hakimiyyətini itirəcəyindən, yaxud terrora məruz qalacağından çəkinərək Ermənistanın mənafelərinə uyğun, bölgədə sülhə və əməkdaşlığa yol açacaq qərarlar qəbul edə bilmir. Onun tərəddüdləri Ermənistana da, özünə də baha başa gələcək. Azərbaycan mənasız danışıqları uzatmağa imkan verməməlidir və inanıram ki, verməyəcək də.

- Praqa görüşünün nəticəsini necə dəyərləndirirsiniz, xüsusilə bəyanatda Almatı bəyannaməsinə istinad edilməsinin bizim məğlubiyyətimiz olduğuna dair iddialar fonunda sizin fikirləriniz də maraqlıdır.

- Praqa görüşü Azərbaycanın növbəti böyük diplomatik qələbəsidir. Çünki Ermənistan özünün ən etibarlı müttəfiqi saydığı Fransa Prezidenti Emanuel Makronun və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Biz BMT-yə Azərbaycan SSR-in sərhədləri daxilində qəbul olunmuşuq. Ona görə Almatı Bəyənnaməsinə istinad olunması beynəlxalq hüquqa uyğundur.

- Bəyanata görə, Avropa İttifaqı və Fransanın missiyası Ermənistan ərazisindən Azərbaycan-Ermənistan sərhədinə gəlməlidir. Bu, İrəvanın Moskvanın istəyinin əleyhinə olaraq, Qərbi bölgəyə praktiki olaraq gətirmək niyyətindən xəbər verir. Rusiyanın necə cavab verəcəyi maraqlıdır.

- Ermənistanın öz sərhədlərinə kimi dəvət etməsi onun suveren hüququdur. Mülki şəxslər bizə heç bir təhlükə yaratmadığı üçün bizə aid məsələlərdə onlarla əməkdaşlıq edəcəyik. Ermənistan Rusiya ilə yollarını ayırmaq barədə çoxdan düşünür, amma gecdir. Həm Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın əlindədir, həm də Ermənistanda Rusiya hərbi bazası var. Rəsmi Moskvanın Paşinyanı cəzalandırmaq imkanları böyükdür. Paşinyan bütün bunları nəzərə alıb təcili sülh sazişi imzalamalıdır.

- Son olaraq, Xankəndidəki proseslərə toxunmaq istəyirik. Praqa görüşündən və Prezident İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bunu qəbul etməyənlər yaşamaq üçün başqa yer seçə bilərlər” bəyanatından sonra separatçı-rejimə qarşı etirazlar edilir, Azərbaycan dövlətinin əleyhinə şüarlar səsləndirilir. Erməni mənbələr baş verənləri qiyam adlandırır və daha da böyüyəcəyini qeyd edirlər. Buna qarşı hansı addımlar atılmalıdır? Mümkündürmü ki, Azərbaycan separatçı-terrorçu rejimin ləğvi, erməni vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi əsası ilə proseslərə müdaxilə etsin?

- Separatçıların çığır-bağır salması, yaxud çığırdılması heç nəyi dəyişməyəcək. Zəngəzur dəhlizi açılmasa, ya biz Naxçıvana qədər uzanacaq dəhlizin salınacağı ərazidə yolu çəkəcək tikinti şirkətinin əməkdaşlarının təhlükəsizliyini təmin etməliyik, ya da 10 noyabr 2020-ci il üçtərəfli bəyənatın qüvvədən düşdüyünü elan edib Laçın dəhlizini bağlamalıyıq. Yoxsa, ola bilməz ki, həmin sənədin erməniləri qane edən bəndləri icra olunsun, digərləri yox. Hazırda Qarabağda yaşayan erməni sakinlər üçün rabitə, qaz və elektrik xətlərini çəkib hazır vəziyyətdə saxlamalıyıq. Yeni ilə qədər Ermənistan tərəfdən Zəngəzur dəhlizi ilə bağlı heç bir addım atılmasa, Laçın üzərindən keçən rabitə, qaz və elektrik xətləri kəsilməli, Ermənistanın Qarabağ ermənilərini maliyyələşdirməsinin qarşısı alınmalıdır. Prezidentin dediyi kimi, kim Azərbaycan vətəndaşı olaraq qalıb yaşamaq istəsə, hər şeylə təmin olunacaq, peşiman olmayacaq. Kim istəməsə, çıxıb gedəcək. Bu zaman heç kim bizi etnik təmizləmədə ittiham edə bilməyəcək.

Ehtiyac yaranacağı təqdirdə Xankəndində antiterror əməliyatı da keçirilə bilər. Biz erməni milliyətindən olan və Qarabağda qalıb yaşamaq istəyən vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik. Qarabağda Azərbaycan qanunlarından kənar idarəetmə və heç bir əli silahlı erməni hərbiçisi ola bilməz.