• 27 İyul 2024
logo
“Su verən” dövlət, yaxud “kiçik bacı” kompleksi

“Su verən” dövlət, yaxud “kiçik bacı” kompleksi

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi və Fransanın dövlət başçısının iştirakı ilə Praqada keçirilən görüşün nəticələri ilə bağlı fərqli yanaşmalar var və bu yanaşmaların bir hissəsi prosesin informatik, görünən hissəsinin dəyərləndirilməsi üzərində qurulsa da, müəyyən bir qismi ictimai rəyə məqsədyönlü yanlış mesajların verilməsinə xidmət edir.

İndi Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini Praqada keçirilən görüşdə baş verənlər və yekun bəyanatda diplomatik dillə ifadə olunan bəzi məqamların daha aydın yozumu maraqlandırır.

Öncə qeyd etmək lazımdır ki, Brüsseldə keçirilən sonuncu görüşdən əvvəl və sonra Ermənistan nəyin bahasına olursa-olsun ATƏT-in uğursuz Minsk Qrupu formatını, daha dəqiq desək, həmsədrlik insitutunu diriltməyə çalışır və müxtəlif bəhanələrlə prosesin uzadılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməməsinə cəhd göstərirdi. Amma buna nail ola bilmirdi və bilmədi də...

Ermənistanın və təhrikçilərinin bu istəyi Praqada da həyata keçmədi və Emannuel Makron Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi deyil, sadəcə müti, qorxaq Ermənistanın vəkilliyini edən, konkret tərəfin yanında dayanan, yaxud, özlərinin də böyük məmnuniyyətlə dilə gətirdikləri kimi “böyük bacı” missiyasını yerinə yetirən Fransanın prezidenti kimi qatılmaq məcburiyyətində qaldı. Beləliklə, görüşdə mahiyyət etibarilə yenə də format dəyişikliyi baş vermədi. Şarl Mişel vasitəçiliyini etdi, Paşinyan və Makron “ikisi birində” və tərarlanmasına ehtiyac duymadığım statusda çıxış etdilər, səs səsə verdilər, “böyük bacı” “kiçik bacı”nı “qaza gətirməyə”, “kiçik bacı” “böyük bacı”dan aldığı “qazla” özünü daha qətiyyətli göstərməyə çalışdı, amma nəticəsi olmadı... Daha doğrusu olan “qaza” oldu və qarşıdan soyuq ayların gəldiyini nəzərə alsaq, hər iki “bacı”nın bir-birinə sarılmaqdan başqa çıxış yollarının olmayacağını, elə indidən demək mümkündür.

Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bu qədər sarkazmın yetərli olacağını düşünürəm. Mətləb isə ondan ibarətdir ki, təkbətək görüşlərdə özünü ifadə, ölkəsinin mövqeyini müdafiə edə bilməyən Nikol Paşinyan görüşə vəkili ilə birlikdə qatılmışdı. Bunun isə önəmli tərəfi ondan ibarətdir ki, Fransa bundan sonra heç bir halda özünü “vasitəçi” adlandıra bilməyəcək. Bununla yanaşı, hesab edirəm ki, görüşdən öncə iki qardaşın verdiyi mesajlar “iki bacı”nın öz yerlərini bilmələri üçün yetərli idi...

...5 saatdan çox davam edən və 2 hissədən ibarət olan görüşdə bütün təzyiq və təxribatların qarşısı qətiyyətlə alındı, hiylə və məkrin “detallarda gizlənməsinə” imkan verilmədi.

Görüşdən sonra açıqlanan yekun bəyanatda BNT Nizamnaməsinə istinad olunmaqla, Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini tanıdıqları qeyd olundu. Bu isə Qarabağın Azərbaycan ayrılmaz bir hissəsi olduğu faktının bir daha təsdiqlənməsi və reallığın həm Ermənistan, həm Fransa, həm də Avropa İttifaqı tərəfindən qəbul edilməsi deməkdir.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. BMT Nizamnaməsinin yer alan təməl istiqamətlərdən biri dövlətlərin suveren bərabərliyi prinsipidir. “Suveren bərabərlik” prinsipinə isə aşağıdakı anlayışlar daxildir:

- Dövlətlər hüquqi baxımdan bərabərdirlər;

- Hər bir dövlət tam suverenliyə xas olan hüquqlardan istifadə edir;

- Hər bir dövlət digər dövlətlərin müstəqil hüququn subyeki olduğuna hörmət etməyə borcludur;

- Dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır;

- Hər bir dövlət öz siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək hüququna malikdir;

- Hər bir dövlət öz beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməyə və digər dövlətlərlə sülh şəraitində yaşamağa borcludur.

Göründüyü kimi, dövlətlərin bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini qarşılıqlı şəkildə və həm də BMT Nizamnaməsinə istinad etməklə tanıdıqlarını bəyan etmələri, onların üzərinə yuxarıda iqtibas gətirdiyim öhdəlikləri qoyur ki, bu da sülh prosesinin irəliyə doğru aparılması və prosesin uzadılmasına xidmət edən bəhanələrin qarşısının alınması üçün olduqca vacib məqamdır.

Praqada keçirilən görüşün nəticələri ilə bağlı açıqlanan yekun bəyanatda diqqət çəkən önəmli məqamlardan biri də, şübhəsiz ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinin razılaşdırılmasıdır. Bu isə öz növbəsində sülh müqaviləsinin tez bir zamanda intensiv müzakirəyə çıxarılması üçün vacib məqam hesab oluna bilər.

Məlum olduğu kimi, görüşdən öncə Aİ və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək niyyətləri vardı, amma Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində bu istəklərini həyata keçirə bilmədilər. Əldə olunan razılığa əsasən, bu missiya Ermənistan ərazisində yerləşəcək və şübhəsiz ki, öz ərazisində kənar qüvvələrin yerləşdirilməsinə görə, rəsmi İrəvan ikitərəfli və çoxtərəfli müqavilələrlə qarşılarında öhdəlik götürdüyü dövlətlər qarşısında cavab verməli olacaq. Ermənistanın bu addımı sözügedən ölkənin suveren dövlət olmadığını, geosiyasi proseslərin alqoritminə uyğun olaraq qütbdən-qütbə yuvarlandığını bir daha subuta yetirir. Yəni Ermənistan suveren yox, ayrı-ayrı qütblərin təmsilçilərinin, ən yaxşı halda əllərini… “yaxalamaları” üçün “su verən” dövlətdir…

Bütün bunlarla yanaşı, bir mühüm məqamı da nəzərə almaq lazımdır ki, Praqada əldə olunan razılaşmalarla bağlı ictimailəşdirilən bəyanatda Zəngəzir dəhlizi, eləcə də 10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlərə toxunulmayıb. By da təbii qəbul olunmaldır. Çünki ortaqlıda dövlətlətlərarası sənəd statusuna malik olan imzalanmış bəyannamə var və Ermənistanın bu bəyannamə ilə üzərinə götürdüyü öhdəliklər heç bir halda prosedən kənar oyunçularla müzakirə oluna bilməz. Yəni Ermənsitanın Azərbaycanla imzaladığı sənədlərdə yer alan prinsiplər müzakirə mövzusu deyil və rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməlidir.

Elçin Mirzəbəyli