• 19 Aprel 2024
logo
Zəfər yolu: dünən, bu gün, sabah

Zəfər yolu: dünən, bu gün, sabah

“Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil... Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”. Bu fikirləri prezident İlham Əliyev sentyabrın 27-də, Anım Günündə xalqa müraciətində səsləndirib.
Bu fikirlər sıradan cümlələr deyil. Bu regionda yeni geosiyasi reallıqlar yaradan, qalib dövlətin liderinin xalqa verdiyi özgüvən mesajıdır.
30 il işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən 44 günlük Vətən Müharibəsində azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi.
Təbii ki tarixi qələbəyə aparan yol bir neçə ay, yaxud il ərzində reallaşmadı. Bu 30 il ərzində aparılan, çox dəqiqliklə hesablanmış uğurlu və qətiyyətli xarici siyasi strayteji xəttin nəticəsi olaraq təzahür etdi.
Ümummilli lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında deyirdi: “Əsrlərboyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən Azərbaycan Milli Ordusunun 44 günlük mühariədə apardığı əməliyyatlar dünyanın ən məşhur dərgilərində analiz edilir, tədqiq edilir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu ən güclü dövlətlərin orduları ilə müqayisə olunur.
Təbii ki, müstəqillik illərinin ilk dönəmlərində ölkə olaraq vəziyyətimiz ürəkaçan deyildi. Torpaqlarımız Ermənistan tərəfindən ard-arda işğal olunurdu ki, bu da ölkə daxilində davam edən hərc-mərclik fonunda baş verirdi. İlk növbədə nəfəs dərməyə, bu problemdən çıxmağa və gələcəyə baxmağa zaman lazım idi. Ona görə də yeni yanaşmaya və xalqı ətrafında birləşdirməyə nail olacaq yeni siyasi gücə, təşkilatlanmaya ehtiyac duyulurdu.

Ekstremal vəziyyət: YAP birləşdirici faktor kimi

Belə bir dönəmdə qısa bir müddətdə ölkə qarşısında duran problemləri həll etməyə qadir gücə çevriləcək Yeni Azərbaycan Partiyasının (YAP) təməlləri atılırdı.
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası
Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə yaranıb. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranıb.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və qısa müddətdə Azərbaycanın bütün rayonlarında rayon təşkilatları və özəkləri yaradılıb.

İnam və etimad

YAP-ın hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını həyata keçirən siyasi partiya kimi gündən-günə möhkəmlənməsinin əsasını ulu öndər Heydər Əliyevə olan inam və etimad təşkil edirdi.
Təbii ki, daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin əsas prioritetləridir. Bu prinsiplər partiyanın banisi Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün partiyanın sədri, prezient İlham Əliyevin rəhbərliyi altında uğurla tətbiq olunur.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zaman və qəbul edilən qərarlar göstərir ki, tarixi qələbənin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.
Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin proqram xarakterliçıxışı yeni vəzifələr müəyyənləşdirdi.
YAP-ın son qurultayında müasir dövrün tələblərinə uyğun olaraq struktur islahatları aparıldı ki, bu kontekstdə əsas hadisələrədn biri Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Ekspertlər hesab edirlər ki, beynəlxaql aləmdə xüsusi nüfuza malik olan Mehriban xanım Əliyevanın partiya rəhbərliyində təmsil olunması təşkilatın daha da inkişafını şərtləndirəcək.

Ordu quruculuğu

Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyev Prezident seçildiyi dönəmdən etibarən ordu quruculuğuna ciddi önəm verir və ordumuz müasir silahlarla təchiz edilir, günü gündən inkişaf edir, hərbçilərimizin peşəkarlığı artırdı.
2014-cü ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi zamanı çıxışı zamanı deyirdi: “Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır.
Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirmişdir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və
Bu günkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq”.

Vətənpərvərlik ruhu və müəddəs missiya

Məhz 30 il ərzində səbrlə, planlı şəkildə uğurlu xarici siyasətin yürüdülməsi, iqtisadi imkanların artması, pararlel olaraq ordu quruculuğunun möhkləmləndirilməsi, eyni zamanda müdafiə sənayesinin inkişaf etdirilməsi, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı atılan addımların, xalq-dövlət birliyinin nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını işğalan azad etdi, erməni faşizminə öldürücü zərbə endirdi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2018-ci ildə jurnalistlərə açıqlamasında bildirib: “Silahlı Qüvvələrimizin Ali Baş Komandanı xüsusi tapşırıq verib ki, elə silahlar, elə texnika, elə avadanlıq alınmalıdır ki, Azərbaycan Ordusu qarşısında duran müqəddəs missiyanın həyata keçirilməsi ilə bağlı döyüş tapşırıqlarını icra edərkən canlı qüvvə sarıdan minimum itki versin”.

Milli ləyaqət təntənəsi

Müzəffər Ali Baş Komandan Anım Günündə xalq etdiyi etdiyi müraciətində deyir: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 11 min 557 min hərbi qulluqçumuz şəhid olub. Həmçinin 3890 azərbaycanlının itkin düşməsi haqda AŞPA-ya hesabat təqdim olunub. Qarşı tərəfin açıqlamalarına əsasən, 30 illik münaqişə zamanı Ermənistan ordusu ən azı 12 min 500 şəxsi heyətini itirib. (Açıq mənbələrdən alınan məlumatlara əsasən, Aprel döyüşlərində Ermənistan ordusu 300-dən çox ölən, 500-dən çox isə yaralanan olmaqla canlı qüvvə sarıdan itki verib. Ermənistan istintaq komissiyasının 2022-ci il 19 yanvar tarixli məlumatına əsasən isə 44 günlük müharibə zamanı Ermənistan ordusunun canlı qüvvə sarıdan itkiləri aşağıdakılardır: 3809 həlak olan, 11 min yaralı və 199 nəfər itkin düşən.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan nəinki itkin düşənlərin axtarışlarına şərait yaradıb, hətta 1704 nəfər erməni hərbçinin cəsədinin tapılaraq geri qaytarılmasına hərtərəfli kömək göstərib.

Diplomatiya və informasiya cəbhəsində erməni fiaskosu

Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib: “Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. De¬mişdim ki, Azərbaycan öz ərazi bütövlü¬yünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılması¬na imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”.
Vətən müharibəsində cəbhədəki qələbəmizlə yanaşı düşmənə həm də diplomatik masada zərbə vuruldu. Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz olaraq işğalçılardan geri alındı.
Eyni zamanda informasiya müharibəsində də Ermənistana zərbə vuruldu. Döyüşlərin getdiyi 44 gün ərzində Ali Baş Komandan olaraq orduya rəhbərlik etməklə yanaşı, diplomatik müstəvidə də uğurlu gedişlər edərək xarici təzyiq və təhdidləri neytrallaşdırdı. Eyni zamanda bəlli idi ki, müharibə aparan dövlətin rəhbərinin açıqlamaları dünya mediasında gündəm olacaq. Dövlət başçısı bu fürsətdən də məharətlə yararlanaraq dünya mediasının suallarını cavanlandırmağa vaxt ayırdı və bu tribunalardan yararlanaraq erməni lobbisinin illərlə milyardlarla vəsait xərcləyərək ölkəmiz və xalqımızla bağlı yaradığı təsəvvürləri darmadağın etdi...

Əli İbrahimov