• 27 İyul 2024
logo
“Proletariat”ın "diversant uşağı”

“Proletariat”ın "diversant uşağı”

“Sel gələndə özü ilə çör-çöp gətirər” deyib atalar. Son 34 il ərzində az qala hər gün bu deyimin reallığı tam çılpaqlığıyla əks etdirdiyinə əmin oluram...

Reallıq isə ondan ibarətdir ki, 34 il bundan öncə Qarabağın Azərbaycandan qopardılmasına kütləvi etiraz dalğası üzərindən başladılan prosesin önünə kənardan atılan bir neçə rejim nökərinin, gerçək mahiyyətləri “proletariat”ın klassik obrazlarının arxasında gizlədilmiş diversantların illərdən bəri ölkənin siyasi arenasına püskürdüyü qəzəb və kin “lava”larının axını bu gün də səngimək bilmir. Vaxtaşırı uzaqdan basılan “düymə”lərin ötürdüyü dalğaların “təlimat”larına uyğun bir şəkildə hərəkətə gəlir, ölkədə formalaşmaqda olan sivil və etimadlı siyasi münasibətlər sisteminin hərəkətverici mexanizmlərini korşaltmağa, yolundan sapdırmağa, cəmiyyəti qütblərə bölməyə cəhd göstərirlər. Bizim, bəzən kənardan idarə edilən səssizliyə qərq olduqları üçün “siyasi ölü” kimi dəyərləndirdiyimiz bu avantürist təxribatçılar, əslində ölkənin siyasi arenasına basdırılmış və təkrar hərəkətə gətirilən “piyadalar əleyhinə minalar”dır, böyük kataklizmlərə nail ola bilməsələr də əl-ayağa dolaşmağı bacarırlar...

Bu mənim təxminən 24 illik aktiv siyasətlə məşğul olduğum zaman kəsiyində apardığım müşahidələr əsasında gəldiyim qənaətdir. Amma prosesin ilk günlərindən, 1988-89-cu illərdən tökülüb qalan bir çox suallara hələ də cavab tapa bilməmişəm. Məsələn, hələ də müəyyənləşdiə bilməmişəm ki, orta təhsilli Nemət Pənahlı adlı birisini yüzminlərlə insanın qarşısına kim və necə çıxarmışdı? Təkpartiyalı, avtoritar bir sistemin hökm sürdüyü, siyasi texnologiyaların əlçatmaz olduğu bir dövrdə bu peşəkar avantüristə kütlənin idarə edilməsi və ələ alınması kimi siyasi texnologiyaları kim və harada öyrətmişdi?

Mən “Meydan hərəkatı”nın ilk günlərindən hadisələrin epidsentrində yer alan fəal iştirakçılardan, tələbə hərəkatının öncüllərindən biri kimi hələ də anlaya bilmirəm ki, özünü prosesin hərəkətverici qüvvəsi sayan bir qrup şəxs hansı səbəblərdən bir diversantın Azərbaycan xalqının dirçəlməkdə olan milli ruhunu çeşidli siyasi texnologiyalarla, həyasızcasına ifadə olunan yalanlarla yerlə bir etməsinə, şəxsiyyətinə sayğı duyan, xarakteri olan insanların baş verənlərin fonunda öncə müşahidəçi mövqeyində dayanmalarına, daha sonra isə hadisələrin epidsentrindən uzaqlaşmalarına mane ola bilmirdilər?

İndi isə mənim və bir çoxlarının gözünün önündə baş verən bir sıra hadisələrlə bağlı suallarımı və təbii ki, ehtimallarımı ifadə etmək istəyirəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Nemət Pənahlı şəhərin müxtəlif ərazilərində qurulan barrikadaların ətrafında toplaşan insanlara səsgücləndiricilərlə “dağılışmayın, indi silah gətirəcəyik” deyirdi. Sual olunur, onun Bakı şəhərinin ərazisində bu qədər sərbəst və sürətlə hərəkət etməsinə kimlər imkan yaradırdı və Nemətin gün ərzində davam edən təxribatçı hərəkətlərinin qarşısı nə üçün alınmırdı?

Başqa bir sual:

1990-cı il yanvarın 20-də - indi saatını dəqiq xatırlamıram - təxminən 8-9 radələrində, indiki “İstiqlaliyyət” küçəsində qatil sovet ordusuna məxsus zirehli maşınlar kənara, əhalinin üzərinə hərəkət edərək, Nemət Pənahlını həmin dövrdə konsulluq statusunda olan İran səfirliyinə aparan qara rəngli nəqliyyat vasitəsinə hansı səbəblərdən yol açırdılar?

Pənahlının İran konsulluğunda nə işi vardı və onu İran ərazisinə kimlər, həm də necə və hansı yollarla keçirmişdilər?

Nemət Pənahlı İranın xüsusi xidmət orqanıyla – ETTELAT-la kimin vasistəsilə əlaqə yaratmışdı?

Əslində son sualın cavabı kifayət qədər aydındır. Çünki Nemətin İrana “qaçışını” elə ETTELAT təşkil etmişdi və sonra da, Pənahlının öz müsahibələrində, hətta ehtiyac duyulmadığı halda diqqəti məsələnin mahiyyətindən yayındırmaq üçün təkrar-təkrar qeyd etdiyi kimi, təxminən ay yarım ərzində Təbriz şəhərində, oteldə yaşamasına imkan yaratmışdı... Maraqlıdır, görəsən 1990-cı illərdə indikindən daha güclü olan bir ölkənin xüsusi xidmət orqanı, hansı səbəblərdən Pənahlının özünün də qeyd etdiyi kimi, sərhədi qanunsuz keçən bir təxribatçını mehmanxanada saxlamalı, qonaq etməliydi? Bu sualın da cavabı aydındır: Çünki nə ETTELAT, yəni İran, nə Nemət Pənahlı, nə də SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) Azərbaycanın müstəqilliyini istəmir, Milli Azadlıq Hərəkatını dini ekstrimizm adı altında boğmaq niyyəti güdürdülər. Nemət də hər iki ölkənin xüsusi xidmət orqanlarının anlaşması əsasında İrana “ezam” olunmuşdu ki, sonradan Azərbaycana qayıdıb din pərdəsi altında təxribatlarını həyata keçirsin, Moskva isə bundan milli qüvvələri əzmək üçün yararlansın...

Qeyd: Yəqin ki, həmin dövrdə, xüsusilə də Azərbaycan-İran sərhəddində tikanlı məftillərin sökülməsi prosesini, sovet sərhədçilərinin baş verənləri kənardan necə rahatlıqla, qımıldamadan müşahidə etdiklərini, sonra isə SSRİ mətbuatında Azərbaycanda İrandan transfer olunan dini ekstrimizmin baş qaldırmasıilə bağlı təbliğatın körükləndiyini indi bir çoxları xatırlayır. Həmçinin SSRİ başbilənlərinin Şeyxülislam Hacı Allahşükür Paşazadəyə “respublikaya rəhbərliyi öz üzərinə götür” təklifini və Qafqaz Müsəlmanları İdarəsi sədrinin isə bundan imtina etdiyini, ümid edirəm, çoxları unutmayıblar. Bu, SSRİ rəhbərliyinin və xüsusi xidmət orqanlarının planıydı və “Azərbaycanda islam dövləti yaradılır” deyə dünyanı bizə qarşı qoymaq, erməni millətçiliyinə haqq qazandırmaq, istiqlal ideallarımızı beşiyindəcə məhv etmək istəyirdilər.

Başa çatmayan “missiya”

...İrana “ezamiyyətini” çox rahat bir şəkildə başa vurub Azərbaycana geri qaytarılan Nemət Pənahlı bu missiyanı həyata keçirə bilmədi, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy, eləcə də hərakatın İstiqlal məfkurəsinə bağlı olan, Vətənini gerçəkdən sevən bəzi təmsilçiləri buna imkan vermədilər. Nemət Pənahlının Əbülfəz Elçibəyə qarşı olan aşırı nifrətinin təməlində də onun təxribatçı missiyasının yarımçıq dayandırılması, İstiqlal məfkurəsini ictimai şüurun təməl fəlsəfəsinə çevrilməsini, bərpa edilən Azərbaycan dövlətçiliyinin sükanının onu qoruya, dövlət institutlarını yarada və inkişafını təmin edə biləcək Şəxsə ötürməyə nail ola bilməsi dayanır...

...Nemət Pənahlıya gəldikdə isə, son 34 il ərzində onun kimi dəyişkən xarakterli, istənilən hadisəni aşırı emossiya ilə təqdim etməyə, idarə olunan konfliktli situasiyalar yaratmağa, olduqları hər yerdə qütbləşməni, qarşıdurmanı stimullaşdırma və sonra da “aradan çıxmağa” çalışanları çox görmüşəm və bir qayda olaraq, sonradan belələrinin hansısa xüsusi xidmət orqanlarına, mərkəzlərə bağlılıqları ortaya çıxıb. Milli məfkirəyə, dövlətçilik təfəkkürünə söykənən əqidə çox geniş və kompleks anlayışdır, qurucudir, yaradıcıdır, dəyişkənliyi, “sürüşkənliyi”, dağıdıcı emosiyanı sevmir. Qənaətimə görə, məhz bu kontekstdən yanaşmaqla ölkənin siyasi səhnəsində özünə yer qazanan, yaxud qazanmağa çalışan hər kəsin portret cizgilərini müəyyənləşdimək mümkündür....

Pənahlı və onun kimilər, Azərbaycan siyasətinin hətta keçmişi də deyillər. Belələri, ən yaxşı halda xidmət etdikləri “mərkəz”lərin keçmişi ola bilərlər. Və görünür artıq olublar... Onları qəzəbləndirən də keçmişə çevrilmələri, SSRİ-dən qalma toz basmış “arxiv”in bir küncünə atılmalarıdır.

Elçin Mirzəbəyli

Siyasi şərhçi