• 20 Aprel 2024
logo
Şentop: “ATƏT-in Minsk qrupu 30 il ərzində problemi həll edə bilmədi”

Şentop: “ATƏT-in Minsk qrupu 30 il ərzində problemi həll edə bilmədi”

“Regionda mövcud problemləri həll etmək hamımızın prioritet vəzifəsi olmalıdır”.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
TBMM sədri bildirib ki, bu problemlərin dərinləşməsində qlobal müdaxilədən qorunmalı, tədbirlər görülməlidir: “Bu problemləri özümüz həll etməliyik. Biz bu coğrafiyada yaşayırıq. Regional qurumlar olaraq regionumuzda olan problemləri özümüz həll etməliyik. Suriyada, Kəşmirdə, İdlibdə insanların həyatını itirməsinə son qoyulmalıdır. Buna görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini gördük. İşğala son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə, onun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib. Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmışdı”.