• 29 May 2022
logo
“Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır”

“Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır”

Adil Əliyev: Zəfər Qurultayının Şuşada keçirilməsi buna dəlalət edir”

“Dünya azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Şuşanın ümummillı birləşdirici məkan və simvol kimi yerini möhkəmləndirdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib. A.Əliyev bildirib ki, dünya azərbaycanlılarının ilk qurultayı ulu öndər, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilib: “Zəfər qurultayı kimi tarixə düşən dünya azərbaycanlılarının 5-ci qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Şuşa Azərbaycan tarixində və azərbaycanlıların qəlbində və düşüncəsində həmişə xüsusi yer tutub.
Ulu öndər deyirdi ki, “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq”. Şuşanın düşmən işğalından azad edildiyi gün Prezident İlham Əliyevin fərmanı ilə “Zəfər Günü” elan olundu və həyatımıza Zəfər bayramı kimi daxil oldu. Şuşa azad olunduqdan sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyev 2022-ci ili Şuşa ili elan etdi. TÜRKSOY isə Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib.
Mədəniyyət mənəviyyatla bağlıdır. Şuşa Azərbaycanın mədəni və mənəvi irsi və rəmzləri ilə zəngin şəhərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Zəfər Qurultayının Şuşada keçirilməsi, bütün dünyada yaşayan azərbaycanlıların Şuşaya toplaşması buna dəlalət edir.
Bu mənada, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Qurultayında etdiyi çıxış vurğulanmalıdır. İlk növbədə qeyd etməliyəm ki, çıxış Prezident İlham Əliyevin Şuşanın və Azərbaycanın son 250 illik tarixinin ən mühüm məqamlarına, eləcə də işğala aparan proseslərə, işğal dövründə baş verən hadisələrə, 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı planlara və sülh quruculuğu perspektivlərinə dair həm icmal xarakterli, həm də dəqiq qiymətləndirməyə əsaslanan baxışını əks etdirir. Şuşa azərbaycanlılar üçün böyük mənəvi dəyərə malikdir. İlham Əliyev çıxışında bu məqama toxunaraq qeyd etdi ki, tarixin müxtəlif dövrlərində Şuşanın erməniləşdirilməsinə yönəldilmiş böyük səylərə, xüsusən də onun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə qatılmasına, 28 il işğal altında saxlanmasına baxmayaraq, Şuşa milli ruhunu qoruyub saxladı. Məhz milli ruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırılan Şuşa Azərbaycan mənəviyyatında özünəməxsus yer tutan mədəniyyət və mənəviyyat şəhərimizdir. Şuşa həm də Qarabağın rəmzidir və Prezidentin istinad etdiyi kimi, Kürəkçay müqaviləsində Qarabağ xanı “Şuşalı İbrahimxəlil xan” kimi qeyd olunur. Təsadüfi deyildir ki, Şuşa azad olunduqda cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki tarix sübut edib ki, Şuşa kimindirsə, Qarabağ da onundur.
Prezident qeyd etdi ki, işğal dövründə Şuşada cəmi 1800 nəfər erməni yaşayıb və onlar da hərbçilərdən və onların ailələrindən ibarət olub. Bu, Şuşanın Azərbaycanlılar üçün mənəvi gücünü göstərir. Çünki Şuşanın hər daşı, hər qayası, hər küçəsi, hər bulağı Azərbaycandan xəbər verir, Azərbaycana məxsusluğunu göstərir. O baxımdan təsadüfi deyildir ki, Şuşadakı bulaqlar işğal dövründə qurudulmuşdu və Şuşa azad olduqdan sonra həmin bulaqlar yenidən bərpa olunur. Çünki azərbaycanlılar Şuşaya – doğma Vətənə qayıdır. Məhz doğma Vətən uğrunda döyüşdükləri üçün Vətən müharibəsində Azərbaycan ordusunda bir nəfər fərarilik etmədi. Halbuki Ermənistanın rəsmi məlumatına görə, onlarda fərarilərin sayı on min nəfərdən çox olmuşdur.
Prezident İlham Əliyev dedi ki, Azərbaycanın torpaqlarının işğal edilməsilə barışacağını və gələcək nəsillərin oranı unudacağını düşünən Ermənistan və havadarları azərbaycanlıların əzmini, Vətən sevgisini nəzərə almamışdılar.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların xəyallarında, arzularında Şuşanı ziyarət etmək istəyi birinci yerdə durur, hər bir azərbaycanlı Şuşanı görməyə, Şuşanı ziyarət etməyə can atır. Bu, tarixən də belə olub. Şuşanın türk dünyasına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən bir olan Əhməd bəy Ağaoğlu 19-cu əsrin sonlarında Parisdə təhsil aldıqdan sonra orada qalıb fəaliyyət göstərmək təklifi alsa da, Şuşaya qayıtmağı, orada məktəbdə dərs deməyi, Şuşada ilk kitabxana-qiraətxana açmağı üstün tutub. O, Parisdə Qarabağı xatırlayır, Şuşanın “dar, palçıqlı və qaranlıq küçələrini” anırdı. Amma onu Parisdən Şuşanın qaranlıq, palçıqlı küçələrinə gətirən Şuşanın mənəvi gücü idi. Bu gün isə Şuşanın mənəvi gücünə Azərbaycan əsgərinin qəhrəmanlığı yeni nəfəs, yeni güc qatıb. Ağaoğlu o zaman Şuşaya qayıdan ilk dünya azərbaycanlısı idisə, bu gün dünya azərbaycanlıları Şuşada Zəfər Qurultayına toplaşır. Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtina çevrilib”.

Əli