• 5 Dekabr 2023
logo
“Məscidin qapısı” və “itin həyası”

“Məscidin qapısı” və “itin həyası”

Mədəniyyətimizin və milli qürurumuzun paytaxtı Şuşa şəhərinin adı ətrafında cərəyan edən son hadisələr tarixi və mədəni abidələr, o cümlədən yer adlarından istifadə elə bağlı qanunvericilikdə olan boşluqları bir daha gün işığına çıxardı. Bəlli oldu ki, bu sahədə özbaşınalıqların qarşısının alınması üçün hüquqi tənzimləmə və nəzarət mexanizmləri yoxdur. Yəni iş qalır addan istifadə edənin vicdanına...
Bir neçə gün öncə, adı və mənşəyi kimsəyə bəlli olmayan hansısa təsisatın təşəbbüsü ilə restoran və kafelərdə, gecə klublarında “müğənni” kimi çalışanlara, şantaj və böhtanla gün keçirənlərə, müxtəlif peşə sahiblərinə “Şuşa Milli Mükafatı”nın pay-püş edilməsi, hətta aralarında ginekoloqun da olduğu “nominant”lara təqdim olunan plaketlərin üzərində “Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidməti vəzifələrini uğurla yerinə yetirdiyinə görə” sözlərinin yer alması, analoji vəziyyətlərdə məsələni vicdanın öhdəsinə buraxmağın yolverilməz olduğunu bir daha təsdiqlədi... Və təbii ki, sosial şəbəkələrdə “ginekoloq Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında necə iştirak edə bilər” sualının ortaya çıxmasına zəmin yaratdı...
Oxuculara və özümə olan hörmətim plaketlərin, “mükafat”ın təqdimatı ilə bağlı çap məmulatlarının üzərində yer alan qrammatik səhvləri, dil və fikir xətalarını olduğu kimi təkrarlamağıma imkan vermir. Qüsura baxmayın...
...Məsələnin hüquqi tərəfini də bir kənara qoyuram. Baxmayaraq ki, olduqca vacib və gələcəkdə bu istiqamətdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edən bir elementdir.
Ortalıqda çox ciddi bir məsuliyyətsizlik var və baş verənlər konkret hadisənin iştirakçılarından uzaq, el arasında tez-tez dilə gətirilən məhşur bir məsəli xatırladır: “Məscidin qapısı açıq olanda itin həyasına nə gəlib”.
... Mənə görə, Şuşanın, bu alınmaz qalanın, mədəniyyətimizi, milli qürurumuzun yüksəlişini, döyüş və qələbə əzmimizi simvolizə edən, şəhidlərimizin qanı, əsgər və zabitlərimizin misilsiz rəşadəti, dövlətimizin siyasi iradəsi, qətiyyəti bahasına əldə olunan Zəfərimizin rəmzi olan şəhərin adını daşıyan mükafatı, hətta bu ödülə layiq olanlara təqdim etmək üçün Vətən və xalq qarşısındakı xidmətlərin o qədər böyük olmalıdır ki, bu məsuliyyəti üzərinə götürməyə mənəvi haqqın çatsın... Amma göründüyü kimi bəziləri nəinki öz məsuliyyətlərini anlamır, hətta onların bu rüsvayçı hərəkətlərinə etirazlarını bilidrənlərə “mükafat” payladıqları klassik bötançıların vasitəsilə çamur atmağa da cəsarət edirlər.
Təəssüf doğuran hallardan biri də bu “mükafat”ı alanların arasında, azsaylı millət vəkillərinin və ictimai nüfuzu olan şəxlərin yer almasıdır. Anlamıram, məgər “mükafat” almağa getməzdən öncə, bu “mükafat”ı təqdim edənlərin kimliyi ilə maraqlanmaq lazım deyil? Bəziləri mətbuata açıqlamalarında özlərinə haqq qazandırmaq üçün deyirlər ki, “çağırılan hər yerə gedirik”. Bu nə məntiqdir? Bəlkə günün birində sizi dövlətimizin, milli maraqlarımızın əleyhinə təbliğatın aparılmasına xidmət edən tədbirə çağıracaqlar, ora da gedəcəksiniz?
Belə olur da... Sonra plaketin üzərində adınızın belə səhv yazıldığına təəccüblənirsiniz... Çünki bu “mükafat”ı paylayanların niyyəti sizi “xidmətlərinizə görə təltif etmək” olmayıb. Sadəcə “pay-püş” etdiklərinin yanında bir neçə tanınmış şəxsin olmağını istəyiblər ki, “vitrin” cazibədar görünsün. Heç bunu da bacarmayıblar.
Əldə etdiyim səhih məlumata görə, sözügedən “mükafat”, aralarında millət vəkillərinin də olduğu bir neçə tanınmış şəxsə də “təklif olunub”. Araşdırıblar və nəticədə “tora düşməyiblər”. Amma gərək “təklif”i alanda, sadəcə imtina etməklə kifayətlənməməliydilər. Məsələnin üzərinə getməliydilər və bəlkə də bu rüsvayçılıq fakt olaraq tarixə keçməzdi...
...Nə isə. “Arxadan atılan daş topuğa dəyər” deyib atalar. Heç olmasa bundan sonra oxşar halların baş verməməsi üçün qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə çalışmaq lazımdır.