• 6 Dekabr 2021
logo
Ortaq dəyərləri ortaq maraqlara çevirmək məharəti

Ortaq dəyərləri ortaq maraqlara çevirmək məharəti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən ilk böyük layihənin - Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılması, Qarabağdan dünyaya açılan pəncərə sayıla biləcək hava limanına edilən ilk beynəlxalq səviyyəli uçuşun məhz qardaş ölkənin dövlət başçısının iştirakı ilə gerçəkləşməsi mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycanla Türkiyənin sarsılmaz birliyini, qardaşlığını nümayiş etdirir.
Əgər Əsrin Müqaviləsindən başlayaraq, Azərbaycan və Türkiyənin təşəbbüsləri, həmçinin iştirakları ilə həyata keçirilən layihələr hər iki ölkənin gücünə güc qataraq, onların və bu prosesdə iştirak edən tərəflərin inkişafına böyük töhfə vermişdisə, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə gətirib çıxaran strategiyanın həyata keçirilməsində mühüm rol oynamışdısa, 44 günlük Vətən müharibəsində və daha sonra iki qardaş dövlətin nümayiş etdirdiyi birlik, həmrəylik və prinsipiallıq milli iradəmizin təzahürü olan ittifaqımız üçün geniş perspektivlər açır. Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı artıq regional, və qlobal faktora çevrilib və hər iki ölkənin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb.
Azərbaycan-Türkiyə münasibətlərindən söz düşəndə hər iki qardaş ölkənin tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı üçün əlverişli təməlin – ortaq dil və mədəniyyət amillərinin önə çəkilməsi təbii qəbul olunmalıdır. Bununla yanaşı, dünyada eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan kifayət qədər xalqların yaşadığı dövlətlər var ki, onların qarşılıqlı münasibətləri ilə Azərbaycan-Türkiyə qardaşlığını müqayisə etmək mümkün deyil. Məsələn, eyni soy-kökə sahib olan slavyan xalqlarının yaratdığı və beynəlxalq birliyin müstəqil subyekti olan 13 dövlət var – Rusiya, Ukrayna, Belorus, Polşa, Çexiya, Slovakiya, Serbiya, Monteneqro, Bosniya və Hersoqovina, Xorvatiya, Sloveniya və Şimali Makedoniya... Amma bu dövlətlərin bir neçəsinin arasında ciddi fikir ayrılıqlarının, hətta münaqişələrin olduğu hər kəsə bəllidir.
Yaxud dünyada ispan dilində danışan 22-dən çox ölkə var və bu ölkələr arasında Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə qismən də olsa uyğun gələ biləcək dövlətlər tapmaq mümkün deyil. Eyni fikirləri fransızdilli və qismən franıszdilli 43 ölkə haqqında da söyləmək olar. Bu siyahını davam etdirmək də mümkündür, lakin məqsədim müqayisədən daha çox, Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəyə gəlib çatmasında rol oynayan məqamlara diqqət çəkməkdən ibarətdir. Yəni ortaq dil, mədəniyyət, tarix və digər bu kimi amillər dövlətlərarası münasibətlərdə daha əlverişli mühitin formalaşmasına, maneələrin tez bir zamanda aşmasına, qarşılqlı təmasların intensivləşməsinə imkan yaratsa da, həlledici deyil. Həlledici olan isə əlverişli amillərdən doğru istifadə etməyi, ortaq dil, mədəniyyət kimi mühüm təməlləri, tarixi bağları qarşılıqlı faydalı əməkdaşlıqla gücləndirməyi, milli iradəyə söykənən siyasət yürütməyi, xalqların və dövlətlərin birgə strateji hədələrini müəyyənləşdirməyi bacaran qətiyyətli, uzaqgörən liderlərin olmasıdır. Kəsəsi, ortaq dəyərləri ortaq maraqlara çevirmək məharətidir. Məhz bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinin son 28 illik tarixinə diqqət yetirsək, XIX yüzilin sonlarından və XX əsrin əvvəllərindən ideoloji əsasları qoyulan və türk xalqlarının yaşadığı nəhəng bir coğrafiyaya Azərbaycandan boy atan Türk Dünyasının Birliyi məfkurəsinin Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində sözdən, fikirdən əmələ keçdiyini söyləyə bilərik. İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı Heydər Əliyevin “Bir millət, iki dövlət” ideoloji təməli üzərindən inkişaf etdirilərək, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində özünün real məcrasına qədəm qoyub və türk xalqlarının min illik arzularının gerçəkləşməsinə zəmin yaradıb.
Bir millətin, xalqın vahid dəyərlərə söykənərək toparlanmaq, milli iradəsini ifadə etmək, torpağına, dilinə, mədəniyyətinə sahiblənmək bacarığı nə qədər mühümdürsə, bu milli iradəni ifadə edə biləcək qətiyyətli liderlərinin olması bir o qədər əhəmiyyətlidir. Bu xüsusda, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə rəhbərlik etmələri, dostluq, qardaşlıq münasibətlərinə malik olmaları, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları, qənaətimə görə, Azərbaycan-Türkiyə xalqının – iki dövlətin bir millətinin ən böyük qazancıdır.
Məhz bu iki liderin birgə səyləri nəticəsində türk xalqlarının ortaq milli iradəsinin həyata keçirilməsi üçün tarixi bir şans yaranıb. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Türk Dövlətləri arasındakı mənəvi və coğrafi bağların möhkəmləndirilməsi üçün, həm enerji və nəqliyyat dəhlizləri, həm də digər istiqamətlərdə, əlverişli və möhkəm əsas formalaşdırıb. Təməl qurulub və bütün qonşu xalqlara, dövlətlərə rifah, inkişaf, sabitlik və təhlükəsiz gələcək vəd edən EVin inşasının davaç etdirilməsi üçün bütün imkanlar yaradılıb. Azərbaycanın Türk Şurasına sədrlik etdiyi zaman kəsiyində tarixi nailiyyətlərə imza atılıb, bir zamanlar, hətta ideya kimi davamlılığı şübhə altında olan Türk Birliyinin cazibədarlığı artıb. Növbəti Zirvə Toplantısında Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək və şübhə etmirəm ki, yenə də birgə səylər nəticəsində qarşılıqlı əməkdaşlığın, müttəfiqlik münasibətlərinin inkişafı üçün perspektivlərin formalaşdırılması prosesi əzmlə, qətiyyətlə irəliyə doğri aparılacaq.
Yolumuz açıq olsun!

Elçin Mirzəbəyli