• 24 Aprel 2024
logo
Burda mənəm..., yaxud Maliyyə Nazir(liy)inin xəlifə ədası

Burda mənəm..., yaxud Maliyyə Nazir(liy)inin xəlifə ədası

İqtisadçı, yaxud maliyyəçi olmasam da, İqtisadiyyat Nazirliyinin bugünkü məlumatında Maliyyə Nazirliyinin özfəaliyyətindən və ya fəaliyyətsizliyindən qaynaqlanan, bir az da, ola bilsin ki, sabotaj qoxuyan məqamlar məni sözün əsl mənasında heyrətləndirdi. Sözügedən məlumatdan bəlli olur ki, ilin sonuna sayılı aylar qalmasına baxmayaraq, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozlarda olan bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb.

Məsələnin mahiyyəti tam aydın olsun deyə, İqtisadiyyat Nazirliyinin məlum məlumatını olduğu kimi oxucuların diqqətinə çatdırıram:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək”.

Yaranmış vəziyyətin sadə izahı ondan ibarətdir ki, Maliyyə Nazirliyi “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı hazırlayarkən nə mövcud praktikanı, nə dövlət və hökumət qurumlarının koordinasiyalı fəaliyyətini tələb edən idarəçilik mexanizmlərini nəzərə almayıb, yaxud almaq istəməyib. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipindən çıxış edərək, özü yazıb, özü yozub, amma özünün icra edə biləcəyinə şübhə ilə yanaşıram.

Maraqlıdır, Maliyyə Nazirliyi müvafiq dövlət qurumları ilə müzakirələr aparmadan, konkret sahələr üzrə məsul şəxslərin və mütəxəssislərin rəyini öyrənmədən, sözügedən “Açıqlama”sında təqdim etdiyi əsas iqtisadi göstəriciləri haradan və hansı araşdırmaların nəticəsi olaraq ortaya çıxarıb? Əgər Maliyyə Nazirliyi, o cümlədən maliyyə naziri Samir Şərifov hamının əvəzinə qərar qəbul etmək kimi bir səlahiyyətə malik olduğunu düşünürsə, o zaman digər dövlət qurumlarına nə ehtiyac var? Buna, yumşaq desəm, “hökumət içində hökumət”, “dövlət içində dövlət” olmaq iddiasından başqa nə ad vermək olar?

...Qeyd edim ki, Maliyyə Nazirliyinin özünü hakimi-mütləq kimi aparması, təkcə son özfəaliyyət faktında nəzərə çarpmır. Nazirliyin yeni yaradılan təsisatların fəaliyyətinin təmin edilməsi ilə bağlı dövlət başçısının sərəncam və fərmanlarından irəli gələn vəzifələri vaxtında yerinə yetirməməsi, son nəticədə dövlət idarəçilik sistemində həyata keçirilən islahatların ləngiməsinə səbəb olur. Belə anlaşılır ki, Maliyyə Nazirliyi, məntiqi və hüququ izahı olmayan hansısa səbəblərdən dövlət idarəçilik sisteminin içərisində əyləc funksiyasını yerinə yetirir və islahatların daha dinamik şəkildə həyata keçirilməsinə töhfə vermək əvəzinə prosesin ləngiməsi üçün bacardığını əsirgəmir.

Amma hər dəfə parlamentdəki büdcə müzakirələrində nazir Samir Şərifov deputatların haqlı iradlarına tutduğu mövqeyə uyğun gəlməyən bir şəkildə cavab verməyi yaxşı bacarır. Əksər hallarda haqsız olsa da belə...

Məsələn, ötən il dövlət büdcəsinin müzakirəsi zamanı yeni seçilən deputatların ona ünvanladıqları sualların qarşılığında, onların “özlərini təsdiq etmək istədiklərini” vurğulamışdı. Həmin dövrdə hansısa səbəblərdən kimsə Samir Şərifova izah etmədi ki, o parlamentdə hansısa partiyanın, yaxud partiyalar blokunun fraksiyasının təmsilçisi yox, ölkənin maliyyə naziridir və onun millət vəkillərinə aşağılayıcı, əzici bir üslubda cavab vermək səlahiyyəti yoxdur. Əslində Samir Şərifovun Milli Məclisin 19 iyun 2020-ci il tarixli iclasında səsləndirdiyi, yeni seçilən deputatların əzici bir tonda susdurulmasına xidmət edən, dövlət qulluqçusuna yaraşmayan ifadəsini təsadüfən nümunə gətirmədim. Nazir, bu ifadəsilə gənclərə, yeniliyə, yeni təsisatlara və təbii ki, bütün bunları kompleks şəkildə ifadə edən islahatlara münasibətini məlum ifadələriylə ortaya qoymuşdu.

Və maliyyə naziri yenə öz ampluasındadır və öz “kursunu” “uğurla” davam etdirir. Yəni yeni yaradılan təsisatlara süni maneələr yaratmaqla, dövlət idarəçiliyində irəli çəkilən gənc kadrların “özlərini təsdiq etmələrinə” imkan vermək istəmir. Çünki bu halda islahatlar daha dinamik şəkildə həyata keçiriləcək və prosesdə süni maneə funksiyasını yerinə yetirənlərin əsl yeri, siması və niyyətləri daha aydın görünəcək.

Yazının əvvəlində haqqında söz açdığım saymazlıq faktı isə nonsensdir və Samir Şərifovu Nazirlər Kabinetinin səlahiyyətlərini tam şəkildə mənimsədiyinə görə “təbrik etmək” olar...

Elçin Mirzəbəyli