Nurlan Qələndərli: “Bir sıra güc mərkəzləri burada idarəedilən xaosun olmasında maraqlıdırlar”
Hazırda dünyanın gündəmi Əfqanıstanla bağlıdır. Taliban Əfqanıstanda sürətlə bütün bölgələri və hakimiyyəti ələ keçirdi. Təbii ki, bu vəziyyətlə bağlı müxtəlif fikirlər, ehtimallar, analizlər var. Taliblərin heç bir əngələ rast gəlməməsi, Amerika ordusuna məxsus silah və hərbi texnikanın taliblərin əlinə keçməsi, Türkiyənin Əfqanıstanda varlığı, Pakistanın təsiri və digər məsələlər müzakirə olunur.
Təbii ki, bundan sonrakı dönəm üçün də ehtimallar və proqnozlar var. Əksər ekspertlər hesab edirlər ki, Əfqanıstandakı vəziyyət geosiyasi amillərlə bağlıdır. ABŞ-ın geri çəkilməsi və Talibanın önünü açması ilə bundan sonrakı hədəfin taliblər vasitəsilə Mərkəzi Asiya dövlətlərinin olacağını düşünənlər az deyil. Burada isə iki faktor meydana çıxır-Çin və Rusiya. Mərkəzi Asiyada bu problemlər baş verəcəksə zaman Çinin əsas iqtisadi layihəsi “bir kəmər bir yol” layihəsinin reallaşması problemə çevriləcək. Digər tərəfdən Mərkəzi Asiyada baş verəcək qarışıqlıq Rusiyanın da maraqlaırna cavab vermir və Rusiya bunu öz milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirir. Bu cür qarışıq bir proseslər nə ilə nəticələnəcək? Taliban həqiqətənmi Mərkəzi Asiyanı hədəf alacaq? Çin və Rusiyanın mövqeyi nədən ibarət olacaq? Bu və digər məsələlərlə bağlı suallarımıza politoloq Nurlan Qələndərli aydınlıq gətirdi.
- Son zamanlar beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Xüsusilə də, ayrı-ayrı regionlarda cərəyan edən hadisələr böyük güc mərkəzlərinin strateji rəqabət və mübarizələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd etmək lazımdır ki, özündə rəqabət, inteqrasiya, əməkdaşlıq və qarşıdurma kimi halları ehtiva edən müasir beynəlxalq münasibətlər sistemi olduqca dinamik xarakterə malikdir. Tam doğru vurğuladınız ki, eyni zamanda, qlobal güc mərkəzlərinin ayrı-ayrı regionlarda strateji rəqabətlərinin güclənməsi müşahidə edilir ki, bu da dünya siyasətində yeni keyfiyyət və kəmiyyət dəyişikliklərinin meydana çıxmasını şərtləndirir. Hegemon dövlətlər Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparırlar. Bu mübarizənin fonunda meydana çıxan gərginliklər isə Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərir. Nüfuzlu strateji tədqiqat institutları apardıqları araşdırmalar nəticəsində belə qənaət ifadə edirlər ki, müasir beynəlxalq münasibətlər sistemində yeni nizam təşəkkül tapır. Düşünürəm ki, bu məsələnin üzərində xüsusi dayanmaq gərəkdir.
Məlumdur ki, SSRİ-nin süquta uğramasından sonra təkqütblü sistemə, yəni idarəetmə mərkəzinə əsaslanan yeni dünya nizamı meydana çıxdı. İlk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf edirdi. Amma yeni siyasi trendlərin meydana çıxması fonunda regional aktorlar aparıcı qüvvə kimi geosiyasi və geoiqtisadi proseslərə cəlb olundular. Nəticə etibarilə, “geostrateji regionlar” kimi təsnif olunan müxtəlif coğrafi məkanlar dünya siyasi proseslərinin ağırlıq mərkəzlərinə çevrildilər.
-Bu mərhələnin səciyyəvi xüsusiyyətlərini necə xarakterizə etmək olar?
-Bu mərhələnin səciyyəvi xüsusiyyətləri barədə çoxsaylı mülahizələr yürüdülür. Gerçəklik isə budur ki, artıq dünya siyasəti və beynəlxalq münasibətlər sistemində qlobal idarəetmə mərkəzləri deyil, regional aktorlar önə çıxmağa başlayırlar. Bununla yanaşı, hazırkı mərhələdə dövlətlər arasında mübarizə iqtisadi və informasiya texnologiyaları müstəvisində cərəyan edir. Strateji tədqiqat mərkəzləri qlobal miqyasda III Dünya müharibəsinə start verilməsindən, yaxud onun başlanması ehtimalından bəhs edirlər. Əlbəttə, bu, nəzəri bir iddiadır, ona görə də onunla razılaşmayan ekspertlərin sayı az deyil. Onların başlıca tezisi budur ki, neçənci dünya müharibəsi adlandırılmasından asılı olmayaraq, artıq başlanmış yeni savaş texnoloji xarakter daşıyır. 4-cü sənaye inqilabının fonunda müşahidə edilən yeniliklər və ziddiyyətli proseslər bu tezisi əsaslandırmaq üçün nümunə kimi göstərilir. Nəhayət, bütün bu reallıqlardan çıxış edən politoloqlar mövcud faktların beynəlxalq münasibətlər sisteminin postbipolyar tarazlıq mərhələsinin başa çatmasını göstərdiyini vurğulayırlar. Qeyd olunur ki, artıq çoxqütblü dünya nizamına əsaslanan tarazlıq sistemi yaranıb, burada aparıcı qüvvə həm də regional güc mərkəzləridir. Təbii ki, bütün bunlara paralel olaraq ayrı-ayrı regionlarda qlobal güc mərkəzlərinin sərt qarşıdurmasına şahidlik edirik...
- Yeri gəlmişkən, Mərkəzi Asiya, Yaxın Şərq kimi regionları əhatə edən hadisələr bəhs olunan qlobal geostrateji mübarizənin tərkib hissəsi və təzahürü deyilmi?
- Şübhəsiz ki, elədir. Avrasiya hegemonluğu uğrunda yeni mübarizənin bir sıra strateji əhəmiyyətli regionlardan başlaması və “heartland” mübarizəsinin platsdarmı rolunda ayrı-ayrı bölgələrin çıxış etməsi təsadüfi deyil. Bəhs etdiyiniz regionlar dünyanın aparıcı qüvvələrinin strateji planlarında yer alan geostrateji məkanlardır. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə bəhs edilən məkanlar qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan bölgələrdir. Elə bu gün Əfqanıstan ətrafında cərəyan edən hadisələr də sözügedən bölgələrdə regional təhlükəsizliyə ciddi təsir edən, tarixi köklərə malik olan ziddiyyətli proseslərin və geostrateji qarşıdurmanın nəticəsidir...
- Onda belə anlaşılır ki, Əfqanıstanda baş verən proseslər, əslində, regional deyil, qlobal geostrateji məsələdir...
- Bəli, az öncə vurğuladığımız kimi, bu proseslər beynəlxalq xarakterlidir, güc mərkəzlərinin mübarizəsinin nəticəsidir. Məsələ ondan ibarətdir ki, bəhs etdiyiniz proseslərin episentri ölkə daxilində deyil, hadisələr xarici güc mərkəzlərinin təsiri nəticəsində bütöv bir regionda meydana çıxıb. Ümumiyyətlə, son iki əsrdə bu ölkədə baş verən proseslərə nəzər saldıqda bu reallığı müşahidə etmək olur. Görürük ki, uzun müddətdir müxtəlif regional və qlobal güc mərkəzləri siyasi-iqtisadi dividendlər qazanmaq üçün Əfqanıstanı da ağuşuna alan proseslərin fonunda sərt siyasi mübarizəyə qoşulublar.
Təbii ki, bu təsadüfi deyil, konkret geoiqtisadi və geosiyasi amillərlə əlaqədardır. Bilirsiniz ki, geopolitik nəzəriyyələrdə Əfqanıstan “Mərkəzi Asiyanın açarı – qapısı”, həmçinin “Yaxın Şərqə yol” kimi səciyyələndirilir. Bu ölkəyə nəzarəti təmin etmək güc mərkəzləri üçün həmin bölgələrdə möhkəmlənmək imkanları yaradır. Ona görə də son zamanlar Mərkəzi Asiyada və Yaxın Şərqdə proseslərin intensivləşməsi fonunda Əfqanıstanla bağlı yeni ssenarilərin reallaşdırılması təsadüfi xarakter daşımır. Digər tərəfdən, bəhs olunan ölkənin zəngin yeraltı sərvətlərə malik olması ticari və tranzit nöqteyi-nəzərindən əlavə iqtisadi dividend vəd edir. Ona görə də bir sıra güc mərkəzləri Əfqanıstanda idarəedilən xaosun olmasında maraqlıdırlar. Güc mərkəzləri bununla həm Əfqanıstanda, həm də regionda hərbi-siyasi varlıqlarını sürdürməyə və nəzarət mexanizmlərini gücləndirməyə çalışırlar.
- Hazırkı proseslər həm Əfqanıstana, həm də regiona nə vəd edir?
-Əlbəttə, Əfqanıstanda gərginlik və qarşıdurma güclənərsə, sabitlik təmin edilə bilməzsə, bu, bütövlükdə region üçün neqativ nəticələr vəd edir. Xüsusilə, siyasi ekstremizmin güclənməsi, silahlı qruplaşmaların radikal fəaliyyətinin genişlənməsi, qarşıdurmaların güclənməsi yeni kataklizmlərə səbəb olar. Hazırkı proseslərin fonunda görürük ki, bir sıra xarici güc mərkəzlərinin hədəfi qeyri-sabitlik mühitinin saxlanmasıdır. Bu isə, qeyd etdiyimiz kimi, regionda olduqca mürəkkəb geostrateji hadisələri şərtləndirə, yeni münaqişə ocağının yaranmasına səbəb ola bilər. Ona görə də əsas diqqət regionda sabitlik və təhlükəsizlik mühitinin yaradılmasına yönəldilməlidir.
Əli Zülfüqaroğlu