• 4 Dekabr 2020
logo
Köçəryan Meğrini Azərbaycana vermək istəyirdi? – Terakt tarixi

Köçəryan Meğrini Azərbaycana vermək istəyirdi? – Terakt tarixi

1998-ci ildə Qarabağ məsələsinin qalib həlli bəhanəsiylə hakimiyyəti ələ keçirən Robert Köçəryan bir il ərzində çox irəli gedərək, Ermənistanı öz ərazi bütövlüyü itirmək təhdidiylə üz-üzə qoydu. O zamanlar Təhlükəsizlik Şurasının bir neçə üzvü dəfələrlə deyirdi ki, Robert Köçəryan Vazgen Sərkisyan və Karen Dəmirçiyana Meğrinin mübadiləsi variantı ilə razılaşmağı təklif edib.
Bu iddia ilə “1in.am” saytının yazarı Sərkis Artsruni çıxış edib.
“Məlumatlı xadimlərin əksəriyyəti o zamanlar Meğrinin mübadiləsi variantının əsas lobbistinin Köçəryan olmasına şahidlik edirdilər. Köçəryana bu özünün dayanıqlı olmayan hakimiyyətinin beynəlxalq legitimliyi üçün gərəkli idi. Çoxları təsdiq edir ki, bu variantın – Pol Qobl proqramının kökləri Qərbdə yatır. Buna görə də insanlar qeyd edirlər ki, 27 oktyabrın (parlament teraktı – red.) təşkilatçılarını Qərbdə axtarmaq lazımdır. Bu, primitiv, Rusiya dairələri tərəfindən bilərəkdən yayımlanan tezisdir. Belə ki, hələ də tam aydın deyil ki, Meğri variantının küləyi haradan əsirdi. Bunun Amerika təşəbbüsü olması, üstəlik, planın ən aktiv tərəfdarının Moskvanın total nəzarətində olan Köçəryanın olmasıyla bağlı hələ də təsdiqlənəsi heç bir əsas yoxdur.
Digər tərəfdən, Meğri versiyasının 27 oktyabrın əsas motivi olması da tam aydın deyil. Bununla belə həmin tarixdə Nairi Unanyanın cinayətkar qruplaşmasının atəşləri Ermənistanda Rusiya müstəmləkəçiyinin bərpasının siqnalı oldu”, – deyə o bildirib.
Qeyd edək ki, Qobl planına əsasən, Qarabağ Azərbaycana qaytarılmalı, Dağlıq Qarabağla Ermənistan, eləcə də Azərbaycanla Naxçıvan arasında quru yolu xəttinin təmini üçün Ermənistanın Meğri bölgəsi Azərbaycana, Laçın rayonu isə Ermənistanın nəzarətinə verilməli idi.
Planla bağlı aktiv iş 1999-cu ilin aprelindən oktyabrına qədər aparılıb. Belə ki, ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən planın gerçəkləşdiriləcəyinə dair yekun qərar 1999-cu ilin 22 avqustunda Azərbaycan və Ermənistan liderlərinin Cenevrə görüşündən sonra verildi. Həmin ilin oktyabrında ABŞ Dövlət katibinin müavini Telbotun İrəvana səfərindən bir gün sonra Ermənistanda parlament teraktı baş verdi ki, bu da planın gerçəkləşdirilməsi imkanlarını sıfra endirdi.