• 28 Mart 2024
logo
Azərbaycan-Türkiyə iqtisadi münasibətlər coğrafiyası genişlənir

Azərbaycan-Türkiyə iqtisadi münasibətlər coğrafiyası genişlənir

Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlərin potensialı barədə danışarkən hər iki dövlətin iqtisadi əlaqələri üzərində dayanmaq məsələnin mahiyyətini tam olaraq açmır. Bu baxımdan, ilk növbədə hər iki dövlətin daxili potensialı, bu potensialdan səmərəli istifadə olunması, həmçinin şaxələndirilməsində nümayiş etdirilən əzmin, qətiyyətin diqqətə alınması, zənnimcə daha doğru nyanaşma olar.

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin formalaşması, əməkdaşlıq üçün yüksək şəraitin yaradılması təbii ki, yenicə müstəqillik qazanmış ölkəmizin hələ tam müstəqil iqtisadi münasibətlər qurmaq üçün təcrübəsinin olmağı vaxtlara təsadüf edirdi.

Yaxşı ki, Allah Azərbaycana qara qızıl bəxş edib. Bu yeraltı sərvətdən səmərəli istifadə edilməklə iqtisadi münasibətlərin daha geniş sahələrdə qurulmasına, iqtisadiyyatın inkişafına nail olundu.

Azərbaycan və Türkiyə arasında, eləcə də hər iki dövlətin birgə səyi ilə neft kəmərlərinin çəkilişi, Avropa dövlətlərinin bu layihələrə qoşulması, nəqliyyat və infrastruktur üzrə yeni perspektivlərin meydana çıxmasına təkan vermiş oldu.

Neft məhsullarının Türkiyəyə və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılmasına nail olunması maraqlarımıza xidmət edən yeni iqtisadi siyasi vəziyyət yaratdı.

Ölkələrimizin birgə iri iqtisadi layihələrin reallaşdırılmasında eyni mövqedən çıxış etmələri Azərbaycan-Türkiyə yeni coğrafi-siyasi gücün ortaya çıxmasına səbəb oldu və bu da öz növbəsində daha böyük coğrafiyada bu iki dövlət üçün yeni faydalı iqtisadi vəziyyətə zəmin yaratdı.

Bu gün qonşu və Avropa ölkələrinin, bölgədə marağı olan dövlətlərin Türkiyə və Azərbaycanla ikitərəfli münasibətlərdə balanslı siyasət yürütmələrinin şahidi oluruq. Bir sıra dövlətlər Azərbaycan və Türkiyəyə yanaşmada bu iki dövlətin hərbi, siyasi, iqtisadi sahədə yaxın, bir çox hallarda isə vahid mövqedən çıxış etmələrinə uyğun mövqe sərgiləmələrini müşahidə edirik.

Xüsusilə, Azərbaycan üçün həyati əhəmiyyətə malik olan 44 günlük Qarabağ savaşında yuxarıda qeyd etdiyim mənzərəni görmək mümkündür.

Azərbaycan və Türkiyənin bölgəmizdə , hətta dünya çapında vahid güc mərkəzinə çevrilməsi prosesinin işartılarını görmək mümkündür. Müharibədən sonra bölgəmizdə yaranan yeni reallıqlar iqtisadi münasibətlərin daha böyük coğrafiyaya keçidi üçün geniş perspektiv yaradır. Azərbaycan və Türkiyə arasında mövcud bağlar , yeni dəhlizlər uğrunda aparılan işlər bu iki qardaş dövlətin siyasi çəkisini artıracaq, iqtisadi qüdrətini dəfələrlə artıracaqdır.

Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi numayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

Mirfaiq Mirheydərli

Bakı şəhəri, 138 nömrəli tam orta məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru