• 4 Oktyabr 2022
logo
"Onun fatihəsi verilib, biz Paşinyandan sonrakı dövrə hazırlaşmalıyıq"

"Onun fatihəsi verilib, biz Paşinyandan sonrakı dövrə hazırlaşmalıyıq"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az -a müsahibəsini təqdim edirik:

Qüdrət bəy, Ermənistanda seçkilər yaxınlaşır, belə bir zamanda ermənilər 3-cü Qarabağ savaşı başlada bilərmi?

Bu barədə mən də "Milli Şura" üzvlərinin fikirləri ilə tanışam. Onlar əsaslandırmağa çalışırlar ki, Ermənistan Azərbaycan Respublikası Prezidentinin Zəngəzur dəhlizi ilə əlaqədar verdiyi açıqlamadan istifadə edib müharibə edə bilər. Tam səmimiyyətlə deyirəm ki, son zamanlar sərhədlərdəki gərginliklə əlaqədar bu qədər qeyri-ciddi yanaşma ilə rastlaşmamışdım. Paşinyan Ali Baş komandan kimi darmadağın edilmiş ordusunun real durumunu hamıdan yaxşı bilir və son vaxtlar ordusunda baş alıb gedən rüsvayçılıqlardan utanmadan açıq danışır. Belə bir rəzil durumda olan ordunu kim döyüşə göndərə bilər?.. Sadəcə seçki dövründə daxildə siyasi böhranı dərinləşdirmək üçün Köçəryanın başçılıq etdiyi revanşist Qarabağ klanı ordu daxilindəki adamlarından istifadə edib müxtəlif təxribatlara əl ata bilərlər, amma bu heç vaxt genişmiqyaslı müharibəyə çevrilə bilməz. Belə təxribatlar zamanı "dəmir yumruqdan" da istifadəyə ehtiyac qalmayacaq, bir tərs sillə yetərli olacaqdır.

- Paşiyanın təkrar seçkiləri udma ehtimalını necə qiymətləndirirsiniz?

Paşinyan hakimiyyətə gələndə bəyan etmişdim ki, o uzun müddət hakimiyyətini qoruyub saxlaya bilməyəcək. Qərbyönümlü siyasət Ermənistanda iflasa uğrayacaq və şərti "sorosçuların" yenidən toparlanmasına on illər lazım olacaqdır. İflasın əsas səbəbi Paşinyanın hakimiyyəti ələ keçirdiyi ilk gündən Qarabağ məsələsində Köçəryan və Sərkisyandan fərqli mövqe ortaya qoya bilməməsi oldu. Hazırda iflas prosesi gedir. Paşinyanın reytinqinin hələ də digər iddiaçılardan çox olmasına baxmayaraq, hər şey bir an içərisində dəyişə bilər. O qalib gələcəyi təqdirdə belə müxalifətin seçkinin nəticələrini tanıyacağına inanmıram. Paşinyan hakimiyyətdən getməyənə qədər ölkədə siyasi istiqrarı bərpa etmək mümkün olmayacaq. Onun fatihəsi verilib və siyasi meyitə çevrilməsi zaman məsələsidir. Biz Paşinyandan sonrakı dövrə hazırlaşmalıyıq.

- Qüdrət bəy, həmişə islahatların dərinləşdirilməsinin zəruriliyindən danışırsınız, bu sahədə vəziyyət necədir?

Hazırda hökumət diqqətini daha çox Qarabağın və sərhədlərin bərpası işlərinə yönəldib. Amma biz sağlam rəqabətə əsaslanan azad bazar iqtisadiyyatı qurmasaq, iqtisadiyyatımız xammal satışından asılı olaraq qalacaqdır. İş adamlarına əlverişli şərtlərlə kreditlər verilməli, tikinti, istehsal və emal müəssiələri üçün torpaq sahələri ayrılmalıdır. Tikintiyə icazə şərtləri ən azı indikindən 3 dəfə artıq miqyasda sadələşdirilməlidir. Prezidentə məruzə olunan vəziyyətlə real şərtlər çox fərqlidir. Məsələn, o qədər çətin bir prosedura müəyyənləşdirilib ki, yaşayış məntəqələrinə bitişik, yaxud fərdi və çoxmərtəbəli binalarla əhatə olunmuş, kənd təsərrüfatında istifadə olunmayan və istifadə olunması mümkün olmayan torpaqların təyinatının dəyişdirilməsinə nail olmaq Qarabağı azad etmək qədər çətin vəzifədir. Bəzi dövlət rəsmiləri yersiz "prinsipiallıq" göstərməklə, öz vəzifələrini layiqincə yerinə yetirmədikləri üçün rüşvərxorluğa geniş imkanlar açılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər böyük çətinliklərlə üzləşirlər. Rəqabətə davamlı azad bazar iqtisadiyyatını təmin edəcək işlək mexanizmilər yaradılmayana qədər köklü dəyişikliklərə nail olmaq xeyli çətin olacaqdır. Dövlətə məxsus inhisarçı şirkətlər, rəqabət yaradılması üçün, bölünərək özəlləşdirilməlidir. Xidmət sahələri ya özəlləşdirilməli, ya da uzunmüddətli idarəetməyə verilməli, xəstəxanaların, ali məktəblərin böyük qismi özəlləşdirilməyə çıxarılmalı, dövlət qulluqçularının sayı ən azı 30 faizə qədər azaldılmalı, digərlərinə layiqli həyatlarını təmin edəcək qədər yüksək əmək haqqı verilməlidır. Büdcə vəsaitlərindən səmərəli istifadəni təmin etmək üçün dövlət satınalmalarının həqiqi tenderlər vasitəsilə həyata keçirilməsi təmin edilməlidir. Bir sözlə çoxlu işlər görülməlidir. Bu məqsədlə inkişaf etmiş Qərb ölkələrindən təcrübəli mütəxəssislərin dəvət edilməsinə böyük ehtiyac yaranıbdır.