Çinin Çunçin şəhərində “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum”un imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən məlumata görə, memorandumu Naxçıvan Muxtar Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Çin Xalq Respublikasının Çunçin şəhər Xalq Hökuməti adından isə Çunçin şəhərinin Meri Tan Lienci imzalayıblar.
Naxçıvan Muxtar Respublikası ilə 32 milyondan çox əhalisi, 82.4 min kvadrat kilometr ərazisi və təqribən 334 milyard ABŞ dolları həcmində ÜDM-si ilə Çinin mərkəzi tabeçikli 4 şəhərindən biri olan Çunçin şəhəri arasında imzalanan Memorandum ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm və texnika, səhiyyə, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığın fəal inkişaf etdirilməsini və genişləndirilməsini nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən səfir Əkrəm Zeynallı Azərbaycanın Çinlə ikitərəfli əlaqələrinə böyük əhəmiyyət verdiyini və bu əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoqun bütün sahələrdə əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edən səfir bu xüsusda iki ölkənin regionları arasında da birbaşa əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib. Ə.Zeynallı sənədin qədim tarixi, zəngin mədəni irsi, strateji coğrafi mövqeyi, ən əsası isə geniş iqtisadi və nəqliyyat-tranzit potensialı ilə seçilən Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı investisiya layihələrinin reallaşdırılmasına imkan yaratmaq, təhsil sahəsində mübadilələr həyata keçirmək, nəqliyyat-logistika sahəsində işbirliyi formalaşdırmaq və turizm potensialını qarşılıqlı təşviq etməklə nəinki regionlarası əməkdaşlığa, o cümlədən Azərbaycan-Çin ikitərəfli münasibətlərinin irəlilədilməsinə də ciddi töhfə verəcəyindən əminlik ifadə edib.
Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan ən strateji bölgələrindən biri olan Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Memorandumun imzalanmasını əlamətdar hadisə kimi qiymətləndirən Çunçin şəhərinin Meri Tan Lienci bu sənədin rəhbərlik etdiyi şəhərlə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini vurğulayıb. Çunçin şəhərinin ən tanınmış şirkətlərindən biri olan və əsasən avtomobil istehsalı üzrə ixtisaslaşmış Lifan korporasiyasının Naxçıvan Muxtar Respublikasında uğurlu fəaliyyətini qeyd edən Mer Tan Lienci Memorandumun digər irihəcmli Çunçin şirkətlərini də Naxçıvan Muxtar Respublikasına sərmayə yatırmağa təşviq edəcəyindən inamını ifadə edib. Çunçin şəhərinin Çindən Avropaya yükdaşımalar üzrə əsas qovşaqlardan biri olmasına diqqəti yönəldən Mer Tan Lienci gələcəkdə Azərbaycanla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalar sahəsində əməkdaşlıq etməkdə, eləcə də Azərbaycan məhsullarının Çunçin bazarında daha geniş təmsil olunmasında maraqlı olduqlarını söyləyib. Naxçıvan Muxtar Respublikasının turizm potensialının Çunçində, Çunçinin turizm potensialının isə Naxçıvan Muxtar Respublikasında təşviq edilməsi üçün turizm agentliklərinin iştirakı ilə təqdimatların təşkilini məqsədəuyğun hesab edən Mer Tan Lienci hər iki bölgənin əhalisini bir-birinə daha da yaxınlaşdıracaq qarşılıqlı mədəni tədbirlərin də keçirilməsinin zəruriliyini vurğulayıb.
Səfir Əkrəm Zeynallı Çunçinə səfəri çərçivəsində həmçinin Tan Lienci Beynəlxalq Ticarətin Təşviqi üzrə Çunçin şəhər Ticarət Palatasının rəhbəri He Yi görüşüb və Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıb.