• 28 Mart 2024
logo
Azərbaycanla Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan iki dövlətdir

Azərbaycanla Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan iki dövlətdir

Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı mühüm məqamlarla yadda qaldı.
Ölkə başçısının 4 saatdan çox çəkən bu mətbuat konfransında diqqət çəkən fikirlərindən biri də Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti barədə oldu.
Ümumiyyətlə qardaş ölkə hələ müharibədən öncə və 44 günlük savaş zamanı Azərbaycana hərtərəfli dəstəyi ilə seçilirdi. Postmüharibə dövründə Türkiyənin yenə də Azərbaycanla birgə addımlayacağı isə şübhə doğurmurdu. Elə yaradılan monitorinq mərkəzində Türkiyənin təmsilçiliyi də bir çox mətləblərdən xəbər vermiş oldu. Ümumilikdə xatırlatma üçün qeyd edim ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Belə bir Mərkəzin fəaliyyəti isə noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapmışdı. Düzdür, orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi.
Artıq Mərkəz öz fəaliyyətinə başlayıb və əsas məqsəd postmüharibə dövründə bəzi ərazilərə müəyyən mənada nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır. Təbii ki, bu da münaqişə zonasında hər hansı bir qarşıdurmanın olmamasına hesablanıb.
Qısası Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addım idi. Bu, bölgəmizin sabitliyini qorumaq üçün mühüm amil sayılır. Şübhə yoxdur ki, mərkəz postmüharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.

Qardaş ölkə müharibənin ilk günlərindən çox müsbət davranış göstərdi. Bu da sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda, Ankara Azərbaycanın haqq işinə öz dəstəyini də əsirgəmədi.
Azərbaycan xalqı müharibə dövründə ilk günlərdən Türkiyə Prezidentinin verdiyi açıqlamaları da heç vaxt unutmayacaq. Aşkar şəkildə bu açıqlamalarda deyilirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Təbii ki, bu, bir çoxları üçün mesaj oldu. Yəni kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın mesajı!
Təkcə ölkə başçısı deyil, Türkiyənin müdafiə, xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək nümayiş etdirdilər. Təbii ki, bu da Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kimsə bu müharibəyə müdaxilə etməməlidir, kənar qüvvələr elə kənarda dursa yaxşıdır...
Ümumiyyətlə bu bir danılmaz faktdır ki, Türkiyə dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır.
Bu amil isə, hazırda bölgənin sabitliyi üçün çox önəmlidir. Hazırda isə qardaş ölkə ilə əməkdaşlıqlar genişləndirilir. Yalnız Azərbaycan deyil, Türkiyə, İran, gələcəkdə belə bir istək olarsa, Gürcüstan da ümumi platformaya qoşula bilər. Beləcə regionda çoxşaxəli əməkdaşlıq platforması yaranar.
Təbii ki, əməkdaşlığın genişlənməsi üçün ilk növbədə nəqliyyat dəhlizinin bərpası önə çıxır. 10 noyabr tarixli məlum Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də regionda əməkdaşlığa dair böyük planlar var ki, onlar da reallaşacaq.

Bu da müsbət haldır ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı arada fikir ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar da ortaq mövqedədirlər. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, İrəvan da proseslərin tərkib hissəsi ola bilər. Bu da bir reallıqdır ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək.
Azərbaycan və Türkiyə ilə əməkdaşlıq qaçılmazdır. Ermənistanın bərpa üçün sadəcə heç resursu da yoxdur. Bu ölkə hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaq. Bu gün Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa da cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir.

Regionda əməkdaşlıq imkanlarından söz açarkən bir daha qardaş ölkə ilə qurulacaq yeni əməkdaşlıqlardan söz açmaq yerinə düşərdi. Türkiyə ilə yaxın gələcəkdə bütün istiqamətlərdə, maddi-texniki əməkdaşlığımızın genişləndiriləcəyi gözlənilir.
Xatırladım ki, artıq Azərbaycan Türkiyədən müasir texnikalar alıb və bu avadanlıqlar, texnikalar ölkəmizə gətirilib. Belə texnikalardan biri mina təmizləmə işlərimizi xeyli asanlaşdıracaq. Bundan başqa, bu gün türk şirkətləri Qarabağın yenidənqurma işlərində də aktiv iştirak edirlər.

İlk kontraktlar Türkiyə şirkətləri ilə imzalandı. Təbii ki, bölgədə görüləcək işlərin həcmi çox böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti ilə də bu barədə dəfələrlə danışıb. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün bundan sonra da yeni imkanlar yaranacaq.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı da türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Maraq üçün qeyd edim ki, həmin yol çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar da əldə edilib.Bundan başqa təqdir olunası haldır ki, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər.
Qısası, bundan sonra da azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görəcəyik. İnşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində qardaş ölkə təmsilçiləri öz sözlərini deyəcəklər.

Azərbaycan Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığı daha da genişləndirəcək

Türkiyə bu gün dünyada hərb sahəsində nəhəng ölkələrdən sayılır. Müharibə dövründə isə bütün dünya bir daha Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə etdi və döyüşlərdə bu, bizə böyük üstünlük təmin etdi.
Artıq Türkiyə tərəfi ilə yeni kontraktların imzalandığı deyilir və bu ölkədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma da əldə edilib. Bu isə təbii ki, bizim ölkə olaraq hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək.
Ümumiyyətlə Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan dövlətlərdir. Bu mənada hərbi əməkdaşlığımızın gündən-günə möhkəmlənməsi təqdir edilməlidir. Türkiyədən yeni silahların alınması istiqamətində işlərin aparılması da alqışlanmlıdır.

O da bəllidir ki, bundan sonra Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri daha çox keçiriləcək. Zatən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilirdi. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdi. Düzdür, keçən il pandemiyaya görə az keçirildi. Amma yenidən təlimlərin artacağı gözləniləndir. Artıq bu il Qars şəhərində bir təlim baş tutdu. Azərbaycan xalqına o da məlumdur ki, ölkə rəhbərliyi Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindədir.
Müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də bunun üçün əməkdaşlıq davam etdiriləcək. Çünki Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur.
Bu barədə ölkə başçısı da xüsusi olaraq vurğulamışdı ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. O qeyd edib ki, artıq bu sahədə əməli-praktiki işlərə start verilib.
O da bəllidir ki, Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.

Yeri gəlmişkən, məlum mətbuat konfransında diqqət çəkən suallardan biri də Türkiyənin Ermənistan ilə sərhədlərinin nə zaman açacağı ilə bağlı idi. Qardaş ölkənin sərhədləri bağlı saxlaması əlbəttə ki, qardaşlıq rəmzi, qardaşlıq addımı idi. Xatırladım ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır. Ölkə başçısı da qeyd etdi ki, srəhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranıb. O xüsusi olaraq bir məsələni də dünya ictimaiyyəti üçün vurğuladı ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü olub və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Əfsuslar olsun ki, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Bununla bağlı Prezident deyib: “Müharibədən əvvəl Ermənistan Prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır”.

Bu mənada ölkə başçısı onu da xüsusi olaraq qeyd edib ki, yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin bundan sonra normallaşmasına da müsbət baxırıq.

Amma Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Ümumiyyətlə bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.
Qısası bu gün Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır, Türkiyənin daha da güclü dövlətə çevrilməsi isə ölkəmizin güclənməsi deməkdir. Yaxın gələcəkdə də bütün iqtisadi-siyasi və eləcə də hərbi proseslərdə birgə addımlayacağımız bizə qürur hissi yaşadır.
Vüqar Əliyev
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi